XARİCİ ŞİRKƏTƏ BORCU ÜÇÜNCÜ ŞƏXSƏ NAĞD ÖDƏMƏK OLARMI?

XARİCİ ŞİRKƏTƏ BORCU ÜÇÜNCÜ ŞƏXSƏ NAĞD ÖDƏMƏK OLARMI?

Müəssisənin balansında keçmiş illərdən 2 xarici şirkətə kreditor borcu var. 
Valyuta ilə - 1824.10 türk lirəsi, həmin məbləğ  manatla 1307.59
                  5182.15 dollar         həmin məbləğ  manatla 4380.47
                  Cəmisi manatla             5688.06
Həmin məbləği xarici şirkətin etibarnaməsi ilə Azərbaycanda kiməsə nağd ödəmək olarmı? Əgər olarsa, həmin məbləğin balansda olduğu kimi, yəni 5366.06 manat ödənilməsi mümkündürmü? Əgər manatla ödənilsə, qalıq valyutanın bugünkü kursuna uyğun (məs: 5182.15 USD * 0,8032 m = 4162.30 manat) yenidən qiymətləndirilməlidirmi? 
Məsələ burasındadır ki, keçmiş illərdə borclar qismən ödənilib və müqavilədə bankın bu haqda ştampı var. Lakin müqavilələr vaxtı ilə faks kağızında çap olunduğu üçün yazılar pozulub, ancaq bankın ştampı qalıb. Ona görə də ödəməni nəğd yolla aparmaq istəyirik.
Xahiş edirəm ki, mümkünsə, praktiki məsləhət verəsiniz.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Esmira Əhmədova
Cavab: Belə faktlarla praktikada çox rastlaşırıq. Azərbaycan qanunvericiliyində müxtəlif hesablaşma formaları nəzərdə tutulub. Bir təşkilatın digərinə olan kreditor borcu ilə bağlı tərəflər razılaşa bilərlər ki, məbləğ ya bank hesabına, ya da nağd formada ödənsin. Ola bilər ki, hesablaşma barter formasında aparılsın. Amma idxal əməliyyatları ilə bağlı məhdudiyyətlər var. Milli Bank (indi Mərkəzi Bank) İdarə Heyətinin 27 may 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin 13 iyun 2002-ci il tarixli, 2859 nömrəli qərarı ilə qeydiyyata alınmış «Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında» qaydaların 2.2.2 bəndində aşağıdakılar öz əksini tapıb.
 
 
İdxal müqavilələri üzrə malın dəyərini yalnız malı alan təşkilat ödəyə bilər. İdxal müqavilələrinin dəyərinin üçüncü şəxs tərəfindən ödənilməsinə Milli Bankın fərdi icazəsi ilə yol verilir. Müqavilədə mal göndərənə  ödəniləcək vəsaitlərin üçüncü şəxsin bank hesabına ödənilməsi nəzərdə tutularsa, belə ödənişlər icra edilə bilər;
 
Buradan da aydın olur ki, sizin xarici kreditor borcunuzun üçüncü şəxsə ödənilməsinə məhdudiyyət yoxdur. Onun hər hansı bir fiziki şəxsə ödənilməsinə qadağa qoyulmayıb, sadəcə, bu, müqavilədə öz əksini tapmalıdır. Və yaxud da tərəflər sonradan bu bəndi müqaviləyə əlavə edə bilərlər, ancaq borcu həmin fiziki şəxsin bank hesabına ödəməlisiniz. Onun nağd formada ödənilməsinə qadağa qoyulub.
Sualın ikinci hissəsinə gəlincə, siz məbləği onsuz da bank hesabına ödəməlisiniz. Ona görə də ödəyəcəyiniz üçüncü şəxsin valyuta hesabı varsa, onda siz qalıq valyuta borcunuzu həmin hesaba ödəyə bilərsiniz. Əgər üçüncü şəxsin valyuta hesabı yoxdursa, onda ödəniş günü kursuna uyğun olaraq manata konvertasiya etməklə köçürmək mümkündür. Burda vacib bir məqamı diqqətdən qaçırmaq olmaz. Hesablaşma qurtardıqdan sonra mütləq tərəflərin bir-birinə borcunun qalmadığı barədə malgöndərənlə yekun üzləşdirmə sənədi imzalamalısınız.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər