ARPA-nın icraçı direktoru Əli Bayramov: “Təəssüf ki, ölkəmizdə yaxşı mühasib dedikdə...”

ARPA-nın icraçı direktoru Əli Bayramov: “Təəssüf ki, ölkəmizdə yaxşı mühasib dedikdə...”

Son dövrlər Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) aktivliyi ilə diqqəti cəlb edir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərin izahı ilə bağlı həyata keçirilmiş silsilə tədbirlər  və qanunun tətbiqi ilə əlaqədar görüləcək işlər ətrafında ARPA-nın icraçı direktoru Əli Bayramovla mks.az saytının əməkdaşı Anar Bayramovun müzakirə-polemikasını təqdim edirik.

 Öncə Əli müəllim ali təhsili, iş təcrübəsi və ARPA-nn icraçı direktoru vəzifəsinə gedən yol barədə qısa arayış verdi:

  • 1998-ci ildə ali təhsil almaq üçün İngiltərəyə getmişəm. Dil biliklərimin təkmilləşdirilməsi ilə bağlı birillik hazırlıq proqramından sonra Biznes kursunu bitirmişəm. Ardınca Londonda Kent Universitetinin “Təmiz iqtisadiyyat” fakültəsi üzrə bakalavr təhsilini tamamladıqdan  sonra 2003-cü ildən etibarən iş fəaliyyətinə  başlamışam. 15 il ərzində müxtəlif   sığorta şirkətlərində rəhbər vəzifələrdə çalışmışam. Bu bu ilin may ayında hörmət etdiyim ictimai birlik olan ARPA-nın İcraçı direktoru vəzifəsini tutmaqla  bağlı olan iş təklifini  məmnuniyyətlə qəbul etdim. .

 “Peşəkar mühasib sertifikatı meyarları ilə bağlı təklifimizdən biri odur ki...”

ARPA-nın icraçı direktoru funksiyasını yerinə yetirdiyiniz  dövr  ərzində mühasiblər üçün hansı tədbirlər  həyata keçirilib? Dövlət qurumları ilə imzaladığınız memorandumdan mühasiblər necə faydalana biləcəklər?

  • ARPA-da vəzifə səlahiyyətlərimin icrasına başladıqdan qısa müddət ərzində nizamnaməyə dəyişikliklər edərək struktur baxımdan mühüm yeniliklər etdik. Daha səmərəli fəaliyyət üçün Risk, Mühasibatlıq, Sığorta, İnsan Resursları və İctimaiyyətlə Əlaqələrdən ibarət beş komitə təsis etdik. Hər komitə üzrə il ərzində ən azı 6 iclasın həyata keçirilməsi nəzərdə tutulur. Bakı Mühəndislik Universitetinin “Mühasibat və Audit” kafedrasının   müdiri, fəlsəfə doktoru Firudin Sultanovun rəhbərlik etdiyi Mühasibat Uçotu  üzrə Komitənin artıq bir iclası baş tutub. Komitədə mühasibatlıq sahəsində çalışan nüfuzlu  baş mühasiblər və maliyyə direktorları təmsil olunur. Maliyyə və Vergilər Nazirlikləri ilə imzalanmış memorandumlara gəlincə, təbii ki, bunlar simvolik xarakter daşımır. ARPA tərəfindən keçirilən  monitorinqlər  nəticəsində məlum oldu ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərdən irəli gələn müddəaların  şamil olunacağı şəxslər və qanunun tətbiq məsələləri ilə bağlı bəzi məqamların aydınlaşdırılmasına ehtiyac var,, belə demək mümkünsə, müəssisə rəhbərləri və mühasiblər dəyişikliklərlə bağlı qeyri-müəyyənlik  içərisindədirlər. Mühasiblər “Qanunun tətbiqindən sonra nələr baş verəcək?”, “Ciddi dəyişikliklərin məqsədi nədir?” kimi suallarına tam cavab ala bilmirdilər. Hər iki nazirliklə bağlanmış memorandumlara əsasən, bütün sahələrin müəssisələrini əhatə edəcək ödənişsiz, maarifləndirici xarakterli seminarların həyata keçirilməsinə qərar verdik. Bank, sığorta və kənd təsərrüfatı sahələrində çalışan mühasiblər üçün “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərin izahı ilə bağlı ödənişsiz seminarlar artıq başa çatıb. Seminarın məqsədi mühasiblərin maarifləndirilməsi ilə yanaşı, yeni dəyişikliklərə adaptasiyanın yumşaq formada həyata keçirilməsinə şərait yaratmaqdır. Qeyd edim ki, təlimçilər sırasında tanınmış mühasiblərlə yanaşı, Vergilər və Maliyyə Nazirliklərinin nümayəndələri də var.
  • Son zaman müzakirə olunan əsas məsələlərdən biri peşəkar mühasib sertifikatıdır. Sizcə, ölkəmizdə bu cür tələbin qoyulmasına ehtiyac varmı? Oxucumuz Rəşad bəy hesab edir ki, Türkiyə təcrübəsindən yararlanaraq onların sertifikatlaşdırma sistemini tətbiq etmək olardı, amma hər hansı müəssisədə işləmək üçün bu sertifikatın tələb kimi qoyulması doğru deyil.
  • Fikrimcə, peşəkar mühasib sertifikatının verilməsi zərurətdən irəli gəlir.   Dünya iqtisadiyyatından təcrid olunmuruqsa, mütləq şəkildə maliyyə-mühasibat hesabatlarımız  da beynəlxalq standartlara uyğun olmalıdır. Təəssüf ki, əksər sahələrdə olduğu kimi mühasiblər də könüllü olan məsələlərə o qədər ciddi yanaşmır, bu səbəbdən peşəkarlıq tələbinin məcburi olması daha düzgündür. Qeyd edim ki, qanunda nəzərdə tutulan dəyişikliklərin tətbiqi ilə bağlı  cənab Prezident müvafiq strukturlara tapşırıqlar verib. ARPA İB olaraq, biz də qanunun tətbiqi istiqamətində, peşəkar mühasib sertifikatı ilə bağlı meyarların hazırlanmasında iştirak edirik. Meyarlarla bağlı təklifimizdən biri odur ki, ACCA və s. beynəlxalq sertifikatlar almış mühasiblərə peşəkar mühasib sertifikatı ilə bağlı fərqli yanaşma  tətbiq olunsun. Qaydalar tam hazır olmadığından açıqlama verə bilmərik, amma sizi əmin edirəm ki, ARPA olaraq bu meyarların hazırlanmasında biz mühasiblərin tərəfindəyik. Yekun olaraq, bildirirəm ki, peşəkar mühasib sertifikatı mühasiblərin biliklərinin artmasına təkan verəcək ki, bu da son nəticədə  mühasiblik peşəsinin  dəyərinin artmasına imkan yaradacaq. 300 manat əmək haqqına razılaşan mühasib peşəkar mühasib sertifikatı aldıqdan sonra artıq işəgötürənə öz şərtlərini diktə etmiş olacaq.
  • Mühasib həmkarımız Gülnarə xanım soruşur ki, Əli müəllim ali məktəblərdə mühasib hazırlığının səviyyəsindən razıdır?
  • ARPA olaraq anlayırıq ki, bütün ali və orta ixtisas müəssisələrində mühasibatlıqla bağlı keçirilən dərslər bir-birinə uyğun olmalıdır. Çünki mühasibin ilk formalaşma dövrü sırf təhsil müəssisələrindən başlayır. Təcrübədə tətbiq olunan standartlar və qaydalarla təhsil müəssisələrində tədris edilənlər arasında fərqliliklər varsa, artıq bu ciddi problemlərin olmasından xəbər verir. ARPA olaraq ali təhsil müəssisələri ilə bu sahədə əməkdaşlıqlar həyata keçiririk ki, yekun olaraq, ən yaxşı təcrübə (best practice) tətbiq olunsun.
  • Belə bir fikir var ki, mühasibatlıq üzrə 4 il bakalavr və 2 il magistatura təhsili aldıqdan sonra mühasibatlıq biliklərini yoxlamaq, yəni peşəkar mühasib sertifikatı almaq üçün imtahan vermək nə dərəcədə məqbuldur?
  • Fikrimcə, yüksək biliklərə malik olan, ali təhsilli mühasib peşəkar mühasib sertifikatı almaqla daha da professional olacaqsa, nə xoş halımıza... Peşəkar mühasib sertifikatı almaq üçün hansısa külli miqdarda vəsaitin tələb olunmasından söhbət getmir. Bu sertifikatı almaqla artıq nəinki ölkəmizdə, hətta xaricdə də iş tapmaq imkanları açılır.
  • Oxucumuz Nurlan bəy xarici ölkə təcrübəsini əsas gətirərək hesab edir ki, gələcəkdə mühasib vəzifəsi ləğv olunacaq. Çünki artıq mühasibatlıq işləri avtomatlaşdırıldıqdan və birbaşa vergi sisteminə qoşulduqdan sonra mühasiblərə ehtiyac qalmayacaq. Bu məsələ barədə Sizin fikrinizi bilmək istərdik.
  • Dünya təcrübəsində müəssisələr, adətən mühasib xidmətlərini kənardan cəlb edilən (outsourcing) şirkətlərə həvalə edirlər. Düşünmürəm ki, bu, mükəmməl variantdır. Əsla istəmirəm ki, mühasiblərimiz işsiz qalsınlar, amma onları mühasiblə yanaşı, maliyyəçi olmağı çağırıram. Çünki maliyyəçi olmaq onlara daha geniş imkanların yaradılmasını təmin edəcək. Hökumətimiz də çalışır ki, mühasiblərimiz biliklərini daha da artıraraq peşəkar   Mühasibatlığın elektronlaşması dövrümüzün tələbidir və burda qətiyyən heç bir neqativ məsələ yoxdur. Mühasibatlığı bir az daha dar çərçivə hesab etsək, mühasib maliyyəçi olmaqla baxışlarını daha böyüdəcək ki, bu da yekunda onun əməyinin dəyərinin artmasına səbəb olacaq.

 Əli Bayramov olaraq bildirmək istəyirəm ki... 

  • Bu yaxınlarda müsahibələrinizin birində bildirmisiniz ki, mühasiblərin 70 faizinin səviyyəsi peşəkar mühasib səviyyəsində deyil. Doğrudan, vəziyyət bu qədər acınacaqlıdır?
  • Düzdür, mks.az saytında da bu fikrim barədə yazı ilə tanış olmuşdum. Amma son müsahibəmdə bu sualla bağlı bildirmişdim ki, sualınızı konkret cavablandırmaq çətindir. Mühasiblərdən bu cavabı mənim şəxsi fikrim kimi qəbul etməklərini xahiş edirəm. Əli Bayramov olaraq bildirmək istəyirəm ki, bəli, Azərbaycanda çalışan mühasiblərin böyük əksəriyyəti beynəlxalq mühasibatlıqdan çox geridədirlər.
  • az saytı olaraq, Sizinlə razılaşmaq istəmədiyimi bildirmək istəyirəm. Bir müddət öncə bəzi millət vəkilləri də mühasiblərin səviyyəsinin aşağı olduğunu bildirmişdi. Maraqlıdır, mühasiblərin səviyyəsi niyə kənardan aşağı görünür ?
  • Mən, ümumiyyətlə, millətimi çox sevən insanam. Sizi əmin edirəm ki, azərbaycanlılarda olan ağıl, kreativ yanaşmaya dünyada az sayda millətlərdə rast gəlinir. Mühasiblərin geri qalma məsələsinə gəlincə isə, təəssüf ki, biz hələ də köhnə mühasibatlıqdan çıxa bilməmişik. Mühasiblərin neçə faizinin mühasibatlıq üzrə beynəlxalq sertifikat almağı statistikasına baxsaq, mənzərə bizə aydın olacaq. Mühasiblər öz karyera imkanlarını genişləndirmək naminə beynəlxalq sertifikatları alıblarsa, təbii ki, onlar digərlərindən bir neçə addım öndədirlər. Əvvəlki - niyə peşəkar sertifikatının məcburliyi sualınıza qayıdırıq ki, peşəkar mühasib sertifikatı almağın  məcburiliyi  mühasibləri biliklərini artırmağa vadar edəcək ki, bu da beynəlxalq təcrübədə tətbiq olunan mühasibat uçotu standartları ilə fərqlərin minimuma endirilməsinə səbəb olacaq. .
  • Sizinlə bu məsələdə qismən razılaşsam da, digər vacib məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Bu gün ölkəmizdə səhm bazarı inkişaf etməyib, vergi uçotu mühasibatlıq uçotundan fərqləndirilib və onu üstələyir. Bəzi müəssisə rəhbərləri üçün müəssəsinin maliyyə nəticələri, gəlir-xərc, nəğd pul dövriyyəsi və s. hesabatlar önəmli deyil. Yəni mühasiblərin inkişafı üçün lazımi mühit yaradılmayıb.
  • Təbii ki, Sizinlə razıyam ki, bütün məsuliyyəti mühasiblərin üzərinə qoymaq olmaz. Amma unutmayaq ki, mühasib tək vergi və sosial hesabatları verən şəxs deyil. Təəssüf ki, bizdə yaxşı mühasib dedikdə, dövlət orqanları ilə problemlərin yaşanmasına imkan verməyən işçi başa düşülür. Bu, absurddur. Bü cür yanaşma müəssisə rəhbərlərinin nə qədər biznesdən uzaq  olduğunu göstərir.
    Mühasiblərə məlumat vermək istərdim ki,  ARPA təşkilatı tərəfindən 02-03 oktyabr 2018-ci il tarixlərində Bakı şəhərində Dünya Bankının maliyyə və texniki dəstəyi ilə beynəlxalq mühasibatlıq  forumu həyata keçiriləcək. . Forumda bu sahədə kifayət qədər geniş təcrübəyə malik olan ölkələrin maliyyə mütəxəssisləri iştirak edəcək və uğura gedən yolda qarşılaşdıqları çətinliklər və onların həlli barəsində fikirlərini bölüşdürəcək.
    Bundan əlavə, “Mühasibat uçotu haqqında” AR Qanunun 2.1.19-cü bəndində qeyd olunur ki, “peşəkar mühasib” - peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir. Qanundan göründüyü kimi,  tələblərdən biri də peşəkar sertifikat alan şəxsin peşəkar mühasib təşkilatına üzvlüyünün olmasıdır. Mks.az saytı vasitəsiylə, mühasibləri ARPA-ya üzv olmağa dəvət edirik. ARPA-ya üzv olmaqla, təlimlərimiz və nəşrlərimizdən yararlanmaqla yanaşı,  mühasibatlıq sahəsində baş verən dəyişikliklərlə bağlı operativ məlumat almaq imkanına malik olacaqsınız.  Üzvlüklə bağlı daha geniş məlumat almaq üçün (+99412) 505 00 56, (+99412) 505 53 02 saylı telefonlarla əlaqə saxlaya və ya [email protected] email ünvanına yaza bilərsiniz.

1 Komment

  1. Qorxmaz 21 Avqust 2018

    Əli bəy dediklərinizlə 100% tam razıyam, ancaq bunun səbələrini yaradan amil mühasiblərin çox vaxt özü-özünü inkişaf etdirməməsindədir, yəni yenilikləri oxumurlar bu da biliyin aşağı düşməsinə səsbəb olur. Mən özüm baş mühasib vəzifəsinə (özü də Rusiyanın ən böyük zavodlarından sayılan "ПО Объединения Сибтяжмаш") pillə-pillə qalxmışam) indi isə gedib 3 aylıq mühasib kurslarını oxuyandan sonra olurlar mühasib, budur paradoks...

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər