İşçinin sosial sığorta nömrəsi (SSN) tarixin yaddaşına köçür? (YENİ)
Satışı davam edən "Əmək Məcəlləsi 2026" (son dəyişikliklərin izahı) kitabından seçmə
Bir zamanlar əmək müqaviləsi bağlanan işçilərlə bağlı sosial sığorta nömrəsini (SSN) özündə əks etdirən sənədi fiziki formada əldə etmək üçün işəgötürənlər Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumlarında kifayət qədər növbədə gözləməli olurdular. Müəyyən müddət sonra isə SSN nömrəsi əmək müqaviləsi elektron formada bağlandıqda işçilər üçün avtomatik müəyyən edilməyə başlandı.
27 fevral 2026-cı il tarixli "Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" AR Qanununa əsasən, işçinin sosial sığorta nömrəsi ilə bağlı tələblər əmək qanunvericiliyindən 1 iyul 2026-cı il tarixdən etibarən çıxarılır.
Belə ki, həmin tarixdən Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsinin "ğ" bəndi ləğv ediləcək. "Əmək müqaviləsinin məzmunu" adlanan 43-cü maddənin həmin bəndinə əsasən, bir sıra istisna hallar nəzərə alınmaqla işçinin sosial sığorta nömrəsi (SSN) əmək müqaviləsində mütləq göstərilməli idi. İstisnalar aşağıdakı kateqoriyalara şamil edilirdi:
• əmək müqaviləsini elektron sənəd formasında bağlayan işçilər;
• Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər;
• "Dövlət sirri haqqında" AR Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər.
1 iyul 2026-cı il tarixdən isə SSN-in əmək müqaviləsində əks olunmasına artıq ehtiyac qalmayacaq. Eyni dəyişiklik Əmək Məcəlləsinin 1 saylı əlavəsi olan "Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması"na da tətbiq ediləcək: nümunəvi formanın 1.1-ci bəndindən SSN-ə dair müvafiq ifadə çıxarılacaq.
Bəs SSN-in əmək qanunvericiliyindən çıxarılmasına nə səbəb oldu? Sosial sığorta nömrəsinin (SSN) fərdi identifikasiya nömrəsi (FİN) ilə eyni məlumatları daşıdığını nəzərə alsaq, hər iki nömrənin paralel istifadəsi dövlət sistemlərində məlumat ikililiyinə gətirib çıxarır. Məsələn, işəgötürənlər muzdlu işlə əlaqədar vahid bəyannamə üzrə eyni ayda həm SSN, həm də FİN məlumatlarını ayrıca daxil etməli olurdular. Bu, əlavə iş yükü yaratmaqla yanaşı, eyni məlumatın sistemə iki dəfə yüklənməsi kimi texniki səmərəsizliyə də səbəb olurdu. Bu səbəbdən, uçotun SSN əvəzinə FİN vasitəsilə aparılması məqsədəuyğun hesab edilib və SSN tələbi əmək müqaviləsindən çıxarılıb.
Qeyd edək ki, texniki proseslərin tənzimlənməsi məqsədilə SSN üzrə əmək və sosial qanunvericilikdə edilən dəyişikliklərin 1 iyul 2026-cı il tarixdən qüvvəyə minməsi nəzərdə tutulub.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın