Hansı halda işçini işə qəbul etdikdə narkoloji müayinə tələb ediləcək? (YENİ)

Hansı halda işçini işə qəbul etdikdə narkoloji müayinə tələb ediləcək? (YENİ)

Satışı davam edən "Əmək Məcəlləsi 2026" (son dəyişikliklərin izahı) kitabından seçmə 

19 may 2026-cı il tarixdə dərc olunan, 27 aprel 2026-cı il tarixli "Əmək Məcəlləsində dəyişiklik haqqında Qanun"a əsasən Əmək Məcəlləsinin 48-ci maddəsinə — "Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər" — yeni əlavələrin daxil edilməsi nəzərdə tutulur.Belə ki, Əmək Məcəlləsinə əlavə edilən 5-2-ci hissəyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə haqqında rəy təqdim etməlidirlər.
Bu maddə ilə bağlı bir neçə vacib məqama diqqət yetirmək lazımdır.
Birinci məqam. İşəgötürən yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilən siyahıda — narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növləri və vəzifələr üzrə — dövlət narkoloji tibb müəssisəsinin tibbi müayinə rəyini tələb etməlidir. 
Həmin siyahı aşağıdakı kimidir:
- Dərman preparatlarının, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının tədqiqatı, istehsalı, qablaşdırılması, tətbiqi, saxlanılması və satışı prosesində iştirak edən idarə, müəssisə və təşkilatlarda bütün növ peşə və vəzifələr.
- Təcili tibbi yardım stansiyalarının həkimləri; tibb müəssisələrində anestezioloq-reanimatoloq, onkoloq və bilavasitə narkotik vasitələr və psixotrop maddələrin istifadəsi ilə bağlı olan digər tibbi vəzifələr.
- Tədris-tərbiyə müəssisələrində bütün növ peşə və vəzifələr.
- Uşaq və yeniyetmələrin sağlamlıq müəssisələrində (mövsümi), məktəbdənkənar müəssisələrdə bütün növ peşə və vəzifələr.
- Məktəbəqədər təhsil müəssisələrində bütün növ peşə və vəzifələr.
- İstehsalatda texniki təhlükəsizliyin təmin edilməsində bütün növ peşə və vəzifələr.
- Xüsusi rabitə şəbəkəsində bütün növ peşə və vəzifələr.
- Hərbiləşdirilmiş mühafizə xidmətlərində bütün növ peşə və vəzifələr.
- Silah və sursat daşımaq, tətbiq etmək və saxlamaq icazəsinə malik bütün növ peşə və vəzifələr.
- Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq-mühafizə orqanlarında bütün növ peşə və vəzifələr.
- Bütün müəssisə və banklarda xəzinə müdirləri, xəzinədarlar və nağd pul əməliyyatları ilə məşğul olan mühasib və nəzarətçilər.
- İnkassatorlar.
- Qazxilasetmə xidmətinin, açıq qaz və neft fəvvarələrinin qarşısının alınması və aradan qaldırılması üzrə dağxilasetmə komandalarının, yanğından mühafizə xidmətinin bütün növ peşə və vəzifələri.
- Neft-qaz sənayesi müəssisələrində bilavasitə istehsalat prosesi ilə bağlı bütün növ peşə və vəzifələr üzrə işçilər.
- 127 V və daha yüksək gərginlikli qurğulara xidmət göstərən, operativ dəyişmələr edən növbətçi heyət; həmin elektrik qurğularında sazlama, quraşdırma və yüksək gərginlik altında sınaq və iş aparan heyət.
- İqtisadiyyatın bütün sahələri üzrə dispetçerlər.
- Partlayıcı maddələr tətbiq olunan, partlayış və yanğın təhlükəsi olan istehsalat sahələrindəki bütün növ peşə və vəzifələr.
- Nəqliyyatın bütün növlərini idarə edən işçilər, o cümlədən müəssisədaxili hərəkətlə bilavasitə əlaqədar olan işçilər (avtoyükləyicilərin, elektrokarların sürücüləri, nizamlayıcılar).
Mİsal.  İşəgötürən xəzinədar və insan resursları üzrə mütəxəssis vəzifələrinə işçi qəbul edir. Bu halda xəzinədar vəzifəsinə qəbul ediləcək işçidən dövlət narkoloji tibb müəssisəsinin tibbi müayinə rəyi tələb edilməlidir. İnsan resursları üzrə mütəxəssis vəzifəsinə qəbul zamanı isə həmin rəyin tələb edilməsi mütləq deyil. Belə ki, Nazirlər Kabinetinin 145 nömrəli qərarında "xəzinədar" vəzifəsi əks olunduğu halda "insan resursları üzrə mütəxəssis" vəzifəsi nəzərdə tutulmayıb. Bu səbəbdən həmin vəzifə üçün narkoloji müayinə rəyi tələb etmək qanunaziddir.
İkinci məqam. Tibbi müayinə rəyi özəl tibb müəssisəsi tərəfindən deyil, məhz dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilməlidir. Bu tələb Əmək Məcəlləsinin 48-ci maddəsində birbaşa nəzərdə tutulmuşdur.
Üçüncü məqam. Həmin rəy şəxsin uçotda olub-olmaması barədə arayış deyil, narkoloji xəstəliyinin olub-olmamasını müəyyən edən tibbi müayinə nəticəsidir. Rəydə şəxsin narkoloji xəstə sayılıb-sayılmaması öz əksini tapmalıdır.
Dördüncü məqam. Şəxsin narkotik istifadəçisi olması onu avtomatik olaraq narkoloji xəstə saymır. "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə görə narkoloji xəstə — insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində asılılıq vəziyyətinə düşmüş və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu qoyulmuş şəxsdir. Deməli, şəxsin narkoloji xəstə sayılması üçün müvafiq diaqnozun rəsmi qaydada müəyyənləşdirilməsi tələb olunur.

2026-cı il üzrə yenilənmiş “Əmək Məcəlləsi” kitabının satışı davam edir

Kitablarda 1 may 2026-cı il tarixədək qüvvəyə minmiş son dəyişikliklər, praktiki izahlar və mühüm qeydlər də yer alıb.

  • Əmək Məcəlləsində son dəyişikliklərin izahı -   150 + səhifə
  • Konstitutsiya Məhkəməsinin 18 fevral tarixli qərarı üzrə izahlar - 10+ səhifə
  •  Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və sosial məzuniyyətlə bağlı NK Qərarın izahı  - 50+ səhifə 

Ölkənin istənilən ünvanına çatdırılma ödənişsizdir.

Sifariş və ətraflı məlumat üçün:
050-368-12-72 (WhatsApp aktivdir)

0 Komment

    Şərh yazın

    Xəbərlər