Altay Cəfərovun təqdimatında: Nağdsız hesablaşmalarla bağlı 3 VACİB sualın cavabı
Ölkəmizdə nağdsız hesablaşmalarla bağlı məsələlər "Nağdsız hesablaşmalar haqqında" Qanunla tənzimlənir. Bu qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsində maliyyə sanksiyaları nəzərdə tutulub. Bu sahədə ortaya çıxan məsələlərə sərbəst auditor Altay Cəfərov aydınlıq gətirərək bildirib ki, adətən, vergi ödəyiciləri tərəfindən aşağıdakı kimi maraqlı suallar verilir:
- Ticarətlə məşğul olan ƏDV ödəyicisi ən çox hansı məbləğdə nağd hesablaşmalar apara bilər?
- Dövriyyəsi 100.000 manat olan mənfəət vergisi ödəyicisi dövlət satınalma müqaviləsi üzrə əldə etdiyi 5.000 manat vəsaiti nağd istifadə edə bilərmi?
- Kənd təsərrüfatı məhsullarının istehsalçılarından məhsulların tədarükü ilə məşğul olan vergi ödəyicisi hansı məbləğdə nağd hesablaşma apara bilər?
Suallara tam aydınlıq gətirmək üçün Vergi Məcəlləsinin 58-ci maddəsinin maliyyə sanksiyaları ilə bağlı müddəalarına nəzər yetirək.
58.7-1. "Nağdsız hesablaşmalar haqqında" Qanunun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir:
58.7-1.1. həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə.
Maddədən aydın olur ki, maliyyə sanksiyaları "Nağdsız hesablaşmalar haqqında" Qanunun müvafiq maddələrinin pozulmasına görə tətbiq edilir. Qanunun həmin hissələrinə nəzər yetirək.
3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Qanunun 3.4.7-cu maddəsinə əsasən dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi) yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Qanunun 3.3-cü maddəsindən aydın olur ki, qeyd edilmiş vergi ödəyicilərinə vəsaitlərin nağd formada qəbul edilməsinə limit qoyulmamışdır, ödənişlərin nağd formada həyata keçirilməsinə isə 30.000 manat və 15.000 manat limit qoyulmuşdur. Bu limiti aşan vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.7-1.1.-ci maddəsində olan maliyyə sanksiyaları tədbiq edilir.
- Birinci sualın cavabı kimi görünür ki, ƏDV ödəyicisi olan ticarət fəaliyyəti ilə məşğul vergi ödəyicisi qarşı tərəfə aylıq maksimum 30.000 manata kimi nağd formada ödəniş edə bilər.
- İkinci sualın cavabı budur ki, dövlət satınalmaları müqaviləsi əsasında əldə edildiyindən 5.000 manat yalnız nağdsız qaydada istifadə oluna bilər.
- Üçüncü sualın cavabı isə belədir ki, bu əməliyyatlarda nağd əməliyyatlara limit nəzərdə tutulmamışdır. Limit nəzərdə tutlmadığından maliyyə sanksiyaları da tədbiq edilməyəcəkdir. Ən əsası odur ki, kənd təsərrüfatı məhsullarını tədarük edən vergi ödəyicisi məhsulları birbaşa kənd təsərrüfatı məhsullarının istehsalçılarından almalıdır.
Fəxriyyə İKRAMQIZI
Vergiler.az
0 Komment
Şərh yazın