Çərşənbə axşamı, 15 Noyabr 2022 05:23

Anar Bayramovun təqdimatında: Nəzarət-kassa aparatından düzgün istifadə olunmaması ilə bağlı hansı maliyyə sanksiyaları nəzərdə tutulur?

Maliyyə sanksiyası bütün vergi ödəyiciləri üçün arzuolunmazdır. Bəzən bu, vergi ödəyicisinin məlumatsızlığından irəli gəlir. “vergiler.az” mövzu ilə bağlı iqtisadçı ekspert Anar Bayramov şərhini təqdim edir.

Vergi Məcəlləsinin 58.7-cı maddəsinə əsasən, bu Məcəllənin 13.2 63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istısna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmış formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənılmış məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarətkassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhalı ilə pul hesablaşmalarının aparılması qaydalarınm pozulmasına görə vergi ödəyicisinə:

- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində (Maddə 58.7.1.),

- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində (Maddə 58.7.2.),

- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (Maddə 58.7.3.).

Misal 1: Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarını pozaraq qarşı tərəfə nəzarət-kassa aparatının çekini təqdim etməyib. Bu halda vergi orqanının vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, təqvim ili ərzində neçənci dəfə baş verməsinə uyğun olaraq 1.000 manat, 3.000 manat və ya 6.000 manat məbləğində maliyyə sanksıyası tətbiq ediləcək.

Misal 2: İctimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyicisi əhaliyə təqdim etdiyi xidmətə görə 78 manat ödəniş qəbul etdiyi halda, 38 manatlıq nəzarət-kassa çeki vurub. Bu halda vergi ödəyicisinə vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarını pozduğuna görə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə müvafiq maliyyə sanksiyası tətbiq edilir.

Misal 3: Vergi orqanının nəzarət tədbirləri zamanı müəyyən olunur ki, vergi ödəyicisində obyektiv səbəblərdən (internet və ya elektrik kəsilməsi və s.) nəzarət-kassa aparatından istifadə dayandırılıb. Vergi orqanı vergi ödəyicisinin nəzarət-kassa aparatından istifadə edilmədiyi dövrdə nağd pul əməliyyatlarını “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na qeyd etmədiyini aşkara çıxarıb. Bu halda vergi ödəyicisinə Vergi Məcəlləsinin 56.7-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq ediləcək.

Qeyd edək ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsində “təqvim ili” anlayışı 1 yanvar - 31 dekabr tarixlərini əhatə edir.

Misal 4: 2021-ci ilin noyabr ayında əhali ilə nağd hesablaşma qaydalarını pozduğuna görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyi üçün vergi ödəyicisinə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. O, 2022-ci ilin fevral ayında yenidən əhali ilə nağd hesablaşma qaydalarını pozub. Bu zaman ona 3.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməyəcək. Çünki vergi ödəyicisi üçün təqvim ili 31 dekabr 2021-ci ildə başa çatdığından bu, bir təqvim ilində eyni halın ikinci dəfə təkrarlanması hesab olunmur. Yeni təqvim ilində ilk dəfə olduğu üçün vergi ödəyicisinə yenə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

1 yanvar 2022-ci ildən Vergi Məcəlləsinin 58.7-ci maddəsinə nəzarət-kassa aparatı ilə bağlı “o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən” sözləri əlavə edilib. O vaxta qədər maliyyə sanksiyaları nəzarət-kassa aparatı qəbzinin verilməməsi və ya nəzarət-kassa aparatının tələblərə uyğun olmaması ilə bağlı idi. Nəzarət-kassa aparatının qəbzindəki məlumatların düzgün olmaması ilə bağlı isə hər hansı maliyyə sanksiyası nəzərdə tutulmurdu. Vergi Məcəlləsinə əlavə edilmiş dəyişiklikdə qeyd olunub ki, nağd hesablaşmalar zamanı Vergi Məcəlləsinin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq ediləcək.

Maddənin tələblərini misallarla izah etmədən öncə, Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərini nəzərdən keçirək. Həmin maddəyə əsasən, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:

- vergi ödəyicisinin adı;

- VOEN-i;

- çekin vurulmasının tarixi və saatı;

- fəsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;

- malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği;

- gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;

- nəzarət-kassa aparatının markası və zavod nömrəsi;

- nəzarət-kassa aparatının fiskal refiminin nişanı (əlaməti);

- malın sürətli məlumat kodu (Quick Response Code);

- ödənilmiş məbləğ;

- müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);

- nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);

- ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);

- çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);

- nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;

- geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.

Misal 5: Tikinti avandanlıqlarının pərakəndə satışını həyata keçirən ƏDV ödəyicisi elektron informasiya sisteminə real vaxt refimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə nağd hesablaşmaları həyata keçirir. Amma nəzarət-kassa aparatının çekinin üzərində ƏDV-nin məbləği qeyd edilməyib. Vergi orqanı keçirdiyi vergi nəzarəti tədbirləri zamanı pozuntunu aşkar etdikdə, vergi ödəyicisi tərəfindən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildiyi halda 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək.

Misal 6: Geyim mallarının pərakəndə satışını həyata keçirən vergi ödəyicisinin çekində malın adı qeyd olunmayıb. Vergi Məcəlləsinin 58.8-ci maddəsi üzrə pozuntu təqvim ili ərzində ikinci dəfə baş verdiyi üçün vergi orqanı tərəfindən 3.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 7: Operativ vergi nəzarəti tədbirləri zamanı məlum olur ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi nağd hesablaşmalar zamanı kassa çekini təqdim etməyib. Bundan əlavə, çekdə ödənişin forması və üsulu haqqında məlumat qeyd edilmir. Hər iki hal Vergi Məcəlləsinin 58.7-ci maddəsi ilə tənzimləndiyi üçün vergi orqanı tərəfindən vergi ödəyicisinin bir təqvim ili ərzində yol verdiyi pozuntunun sayına müvafıq məbləğdə maliyyə sanksiyası tətbiq ediləcək.

Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın