Kimlər sadələşdirilmiş vergi ödəyicisi ola bilməz?

Kimlər sadələşdirilmiş vergi ödəyicisi ola bilməz?

Satışı davam edən “Vergu uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Aşağıda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılmış fəaliyyətlər nəzərdən keçirilib:

1) Ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan çox olan vergi ödəyiciləri (İctimai iaşə satışında fəaliyyət göstərən yalnız sadələşdirimiş vergi ödəyicisi hüququ olan vergi ödəyiciləri  istisna olmaqla)   

Bölmənin gedişində kimlərin yalnız sadələşdirilmiş vergi ödəyicisi ola bilməsini ətraflı nəzərdən keçirəcəyik. Məsələn, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmalıdır. Bundan əlavə, ictimai iaşə fəaliyyəti ilə məşğul olanlar 200 000 manatlıq dövriyyəni keçdikdə, ƏDV qeydiyyatına alınmadan dövriyyədən 2 yox, 8 faiz ödəməklə sadələşdirilmiş vergi ödəyicisi kimi qala bilər.  Yəni, vergi ödəyicisinə sərbəstlik verilir ki, sadələşdirilmiş vergi ödəyicisi kimi qalsın və ya əlavə dəyər vergisi ödəyici olmaq hüququndan istifadə etsin.

Amma pərakəndə ticarət və ya müəyyən istisnalar nəzərə alınmaqla xidmət sahəsi ilə məşğul olan vergi ödəyicisinin 12 aylıq dövriyyəsi 200 000 manatı keçərsə, o zaman məcburən ƏDV qeydiyyatına durmalıdır.

2) Aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər (Maddə 218.5.1)

ƏDV ilə bağlı bölmədə məlumat vermişdik ki, bu tip vergi ödəyiciləri mütləq ƏDV ödəyiciləri olmalıdırlar.

3) Kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar (Maddə 218.5.2) 

Məsələn, hər hansı bank, sığorta (icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentləri istisna olmaqla) və ya lombard sahəsində fəaliyyət göstərən vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi ola bilməz.

4) Qeyri-dövlət pensiya fondları (Maddə 218.5.3)

Qeyri-dövlət pensiya fondlarının yaradılmasına uzun müddətdir ki, hazırlıq görülsə və müxtəlif proqramlarda yaradılması nəzərdə tutulsa da, ölkəmizdə bu institut hələ də formalaşdırılmayıb.

5) Əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər (Maddə 218.5.4)

Bu fəaliyyət növləri fiziki şəxslər üçün qeyri-sahibkarlıq fəaliyyəti hesab olunur və ödəmə mənbəyində 14 faiz vergi tutulur. Hüquqi şəxslər icarə fəaliyyəti həyata keçirirsə, sadələşdirilmiş vergi ödəyicisi ola bilməz.

6) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri (Maddə 218.5.5)

Nazirlər Kabinetinin 19 iyul 2013-cü il tarixli, 189 saylı qərarı təsdiq olunan “Təbii inhisar subyektlərinin Siyahısı”nda 141 vergi ödəyicisinin adı müəyyən olunub. Həmin siyahı ilə tam şəkildə kitabın üzərindəki CD diskdə tanış ola bilərsiniz. Siyahıda elektrik, rabitə, işməli su təchizatı və suvarma suyu sahəsində fəaliyyət göstərən qurumların adlarına rast gəlmək mümkündür.

7) Mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (Məcəllənin 218.1.2-ci və 218.4-cü maddələrində göstərilən şəxslər istisna olmaqla) qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər (Maddə 218.5.6)

Əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyərinin 1 000 000 manatdan artıq olması tələbi bina tikintisi fəaliyyəti ilə məşğul olan, ictimai iaşə müəssisəsi və mütləq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ tanınan fəaliyyətlərə tətbiq olunmur. Ancaq misal üçün, istehsalla məşğul olan şəxsin işçi sayı 5 nəfər, dövriyyəsi 200 000 manatdan aşağıdır, amma ilin əvvəlinə əsas vəsaitlərin qalıq dəyəri 1 000 000 manatdan yuxarıdırsa, o zaman sadələşdirilmiş vergi ödəyicisi ola bilməz.

8) Publik hüquqi şəxslər  (Maddə 218.5.7)

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası qanununa əsasən, publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Məsələn, Azərbaycan Respublikasının Müəllif  Hüquqları Agentliyi,  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi  və s.

9) İşçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər           (Maddə 218.5.8)

Bu məsələ ilə bağlı vergi ödəyicilərinin narazılığı ondan ibarətdir ki, məhdudiyyət tələbi kimi işçi sayı əvəzinə, mikro sahibkarlıq subyekti olan istehsal müəssisələri qeyd olunsa, daha doğru olardı. Bu iki yanaşma arasındakı fərq odur ki, orta illik işçi sayı anlayışı tətbiq edildikdə, hansısa ayda və ya aylarda işçilərin sayı 10-dan yuxarı ola bilər.

10) Topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər (Maddə 218.5.9.)

1 yanvar 2019-cu ilə qədər, ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin dövriyyəsi 200 000 manatdan yuxarı olduğu halda da, 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyir, ƏDV ödəyicisi kimi fəaliyyət göstərmirdilər. 1 yanvar 2019-cu ildən topdansatış ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin dövriyyəsi 200 000 manatdan aşağı olduğu halda belə o, sadələşdirilmiş vergi ödəyicisi ola bilməz, mütləq mənfəət və ya gəlir vergisi ödəyicisi olmalıdır.

11) Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) (Maddə 218.5.10.)

Kitabın öncəki nəşrlərində də qeyd etmişdik ki, 1 yanvar 2019-cu il tarixdən edilən bu dəyişiklik ən çox müzakirə olunan məsələlərdən biridir. Məsələ burasındadır ki, əksər xidmət göstərən vergi ödəyiciləri bu maddənin təsir dairəsinə salınmışdı. Məsələn, avtoyuma xidməti göstərən vergi ödəyicisi cəmi bir dəfə şirkət maşını yuyarsa, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirirdi. Və ya xarici dil öyrədilməsi ilə məşğul olan vergi ödəyicisinin bir tələbəsinin xərci hər hansı şirkət tərəfindən ödənərsə, o zaman sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirirdi.

 Sevindirici haldır ki, 1 yanvar 2020-ci il tarixdən etibarən xidmət sahəsi üzrə 30 faizlik hədd müəyyən edildi, bu haqda geniş məlumatı növbəti səhifələrdə təqdim edəcəyik.

12) Qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər (Maddə 218.5.11.);

13) Xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər (Maddə 218.5.12.)       

Fikrimizcə, bu iki fəaliyyət sahəsinə münasibətdə 1 yanvar 2019-cu ildən etibarən sadələşdirilmiş vergi ödəyicisi hüququnun məhdudlaşdırılmasının məqsədi qeyd edilən sahələrdə gəlirliliyin yüksək olmasıdır. Bu sahələr üzrə gəlirin yüksək olması müqabilində, dövriyyədən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödənilməsi vergi orqanları üçün münasib hal hesab oluna bilməzdi.

14) İcbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər (Maddə 218.5.13)

Vergi orqanlarının əsaslandırması ondan ibarətdir ki, vergi ödəyicisi lisenziyalı fəaliyyətlə məşğul olursa, artıq onun sadələşdirilmiş vergi ödəyicisi hüququ olmamalıdır. Misal üçün, stomatoloq fəaliyyəti üzrə lisenziyaya malik olan fiziki şəxs, həmçinin pərakəndə satışla məşğul olursa, bu zaman həmin fəaliyyət üzrə də gəlir vergisi ödəyicisi olacaq. Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunur. Burda bir məqamı da qeyd etmək istəyirik ki, lisenziyalı fəaliyyət həyata keçirən vergi ödəyicisi başqa bir sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, o zaman həmin fəaliyyət üzrə sadələşdirilmiş vergi ödəyicisi hüququna malik ola bilməz.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər