Elektron qaimə faktura: inqilabi dəyişikliyin gətirdiyi problemlər (ARAŞDIRMA YAZI)

Elektron qaimə faktura: inqilabi dəyişikliyin gətirdiyi problemlər (ARAŞDIRMA YAZI)

Elektron qaimə-fakturanın tətbiqi vergi sahəsində elektron nəzarət baxımından inqilabi dəyişiklik olsa da, özü ilə bərabər vergi ödəyiciləri üçün müəyyən problemlər də gətirdi. Budəfəki araşdırma yazımızı elektron qaimə-fakturanın tətbiqi ilə bağlı yaranan problemlərə həsr etmişik.

Elektron qaimə- fakturanın tətbiqi tarixçəsi

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən 01.04.2017-ci il tarixdən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir. 01 yanvar 2018-ci il tarixdən isə artıq bütün vergi ödəyiciləri elektron qaimə-faktura təqdim etməyə başlayıb.

Elektron qaimə- fakturanın göndərilməsində texniki problemlər

Elektron qaimə-fakturaları vergi ödəyiciləri iki üsulla hazırlaya bilirlər: online və offline rejimdə. Amma hər iki halda elektron qaimə-fakturanın göndərilməsi üçün vergi ödəyicisi ya “Elektron imza”ya, ya da “Asan imza”ya malik olmalıdır. Vergi ödəyicilərinə verilən şifrə, parol və kodla elektron qaimə-fakturanın göndərilməsi mümkün olmadığından bu da əlavə server yüklənməsi və maliyyə xərcinə səbəb oldu.

Bundan əlavə, elektron qaimə-fakturanı göndərən şəxsin qarşı tərəfin icazəsi olmadan göndərilən sənədi ləğv etməsi də vergi ödəyicilərinin problemlərindəndir. Əlavə dəyər vergisi ödəyiciləri üçün elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturanın təqdim olunması isə əlavə vaxt itkisdir. Vergi orqanları hər iki problemin üzərində işlərin getdiyini və müəyyən dövrdən sonra həll olunacağını bildiriblər.

Elektron qaimə-fakturanın tətbiqi ilə bağlı müəmmalı maliyyə sanksiyası

01 yanvar 2018-ci il tarixdən tətbiq edilən Vergi Məcəlləsinin müvafiq müdəalarına əsasən, elektron qaimə-fakturanın olmamasına görə onu təqdim etməli vergi ödəyicisinə deyil, alıcıya maliyyə sanksiyası tətbiq olunurdu. Bu da ona gətirib çıxarmışdı ki, elektron qaimə-faktura təqdim etməi vergi ödəyicisi bu sənədin qarşı tərəfə təqdim olunmasında maraqlı deyildi. Çünki onlar üçün maliyyə sanksiyası nəzərdə tutulmamışdı. Bu səbəbdən də, 2018-ci ildə vergi ödəyiciləri xərclərini tanınması üçün elektron qaimə-faktura alınmasında ciddi problemlərlə üzləşdilər. 01 yanvar 2019-cu il tarixdən etibarən elektron qaimə-fakturanın olmamasında görə, həm onu qəbu etməli, həm də göndərməli olan vergi ödəyiciləri üçün maliyyə sanksiyası tətbiq olunur.  Vergi Məcəlləsinə əlavə edilən 58.13-cü maddə aşağıdakı kimidir:

58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Banklarla elektron qaimə-faktura savaşı

2018-ci ildə əsas problemlərdən biri də bankların təqdim etdikləri xidmətlərə görə elektron-qaimə faktura təqdim etməməsi idi. O zaman Banklar Assosiasiyasının rəsmisi  açıqlama vermişdi ki, banklar elektron qaimə-faktura təqdim etməyəcək. Vergilər Nazirliyi isə bəyan edirdi ki, elektron qaimə-faktura ilə bağlı heç bir vergi ödəyicisinə istisna nəzərdə tutulmayıb.

01 yanvar 2019-cu ildən etibarən bu boşluq aradan qaldırıldı. Gəlin, pozitiv olaq və ümid edək ki, vergi orqanı vergi ödəyicilərinin 2018-ci il üçün təqdim ediləcək mənfəət vergisi bəyannaməsində gəlirdən çıxılan bank xərcləri üçün elektron qaimə-faktura tələb etməyəcək.

01 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsinə əsasən, aşağıdakı şəxslər sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura təqdim etməyəcək:

  • bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;
  • dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;
  • notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi;

2019-cu ildə həll olunmayan elektron qaimə-faktura problemi

Komissiya müqaviləsi üzrə mal satışı edənlərin elektron qaimə-faktura təqdim olunması ilə bağlı problemləri hələ də həll olunmamış qalır.  Bu problemlə bağlı 2 məsələni nəzərdən keçirək:

Birincisi, yerli turizm şirkətləri aviabiletlərin satışı zamanı elektron qaimə fakturanın tətbiq olunması ilə bağlı ciddi problemlər yaşayır. Turizm şirkəti komissiya haqqına elektron qaimə faktura göndərə bilməz.  Təyyarə bileti alan vergi ödəyicilərinə elektron qaimə-faktura satıcı ilə müştəri arasında vasitəçilik fəaliyyəti göstərən, agent olan turizm şirkəti tərəfindən deyil, satıcı, yəni aviaşirkət tərəfindən təqdim edilməlidir. Əksər aviaşirkətlər üçüncü tərəfə elektron qaimə-faktura təqdim etmirlər.

Digər məsələ isə odur ki, turizm şirkətləri yerli aviaşirkətlərlə yanaşı, beynəlxalq uçuşları tənzimləyən xüşüsi şəbəkəyə üzv olmaqla bilet satışını həyata keçirir. Təbii ki, beynəlxalq uçuşları tənzimləyən xüşüsi şəbəkədən elektron qaimə-faktura almaq mümkün deyil. Bu zaman turizm şirkəti biletin tam məbləğinə elektron qaimə-faktura verə bilməz, cünki bu halda süni olaraq dövriyyəsini dəfələrlə böyüdür və vergi öhdəliyini artırır.

İkinci məsələ pərakəndə dərman satışı ilə bağlıdır. Məlum olduğu kimi Bakı şəhərində fəaliyyət göstərən apteklərin bir çoxu faktiki olaraq müstəqil fəaliyyət göstərsələr də, rəsmi olaraq sənəd üzərində respublikanın iri dərman şirkətlərinin (daha çox “depo” adı ilə məşhurdur) VÖEN-i əsasında fəaliyyət göstərirlər. Ona görə də Bakı şəhərində hər hansı aptekdən dərman aldıqda kassa çekində topdan satış ilə məşğul olan iri dərman şirkətinin VÖEN-i qeyd olunur. Həmin aptekin gəlirlərinin, xərclərinin iri dərman şirkətinin gəlirlərinə və xərclərinə heç bir aidiyyəti olmasa da, reallıq belədir. Belə olan təqdirdə bu apteklərə dərman satan digər topdan satıcılar elektron qaimə-fakturanın verilməsi ilə bağlı çətinliklə üzləşirlər. Çünki Azərbaycanda topdan qaydada dərman satışı ilə məşğul olan firmalar malları faktiki olaraq müstəqil fəaliyyət göstərən aptekə təqdim etsələr də, elektron qaimə fakturanı gərək iri dərman şirkətinə (“depo”ya) yazsınlar. İri dərman şirkətləri isə elektron qaiməni qəbul etmirlər ki, mən belə mal almamışam.

İnanırıq ki, vergi orqanları bu sistemin tətbiqi nəticəsində yaranan problemləri tezliklə həll edəcək.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər