İnzibati Xətalar Məcəlləsindəki yüngülləşdirici hallar kimlərə tətbiq olunmalıdır?

İnzibati Xətalar Məcəlləsindəki yüngülləşdirici hallar kimlərə tətbiq olunmalıdır?

 

Sual: Bu günlərdə yol polisi qayda pozuntusuna görə mənə protokol tərtib edib. İnzibati xətalar Məcəlləsinin 33-cü maddəsindən xəbərdar oluğumdan protokolda hərəkətimdən peşman olduğumu və bir daha belə hala yol verməyəcəyimi qeyd etdim. Amma yol polisi əməkdaşı qayda pozuntusuna görə, məndən 20 manat yox, 40 manat aldı. O, bunu İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini əsas tutaraq etdiyini bildirdi. Necə edə bilərəm ki, belə hallarda mənə yüngülləşdirici hal tətbiq olunsun?

Samir Qurbanov

Cavab: İnzibati Xətalar Məcəlləsinin (İXM) 32.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

Konkret olaraq, “Yol hərəkət haqqında” qanunun tələblərinin pozulmasına görə İXM-in 33.1-ci maddəsi ilə müəyyən edilən aşağıdakı məsuliyyəti yüngülləşdirən hallar müvafiqdir:

- inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı;

- törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi;

- inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi.

Lakin İXM-in 33.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim və ya DYP-nin müvafiq vəzifəli şəxsi qanunvericiliklə nəzərdə tutulmayan halları da məsuliyyəti yüngülləşdirən hallar hesab edə bilər. Bu məsələdə məhdudiyyət yoxdur.

Qanunun 34.1-ci maddəsinə görə, inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir:

- səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi;

- inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı il ərzində təkrar törətməsi;

- yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi;

- inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi;

- inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə törədilməsi;

- inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi.

İXM-in 34.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edən hakim və ya DYP-nin müvafiq vəzifəli şəxsi inzibati xətanın xarakterindən asılı olaraq inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal hesab etməyə də bilər.

Siz İXM-nin 33.1 maddəsinə əsasən, səmimi peşiman olduğunuzu bildirmiş və protokola müvafiq qeydləri etmisiniz. Lakin sizin sözlərinizdən belə məlum olur ki, DYP əməkdaşı İXM-nin 34.2 maddəsinin tələbinə əsasən qeyd etdiyiniz yüngülləşdirici halı tətbiq etməyib. Siz yəqin ki, İXM-in 34.1.2-ci maddəsini nəzərdə tutursunuz. Orada deyilir ki, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən ağırlaşdırıcı hal hesab edilir. Bunu sizi yolda saxlayıb protokol tərtib edən və yerində cəriməni ödədiyiniz DYP əməkdaşı edə bilməz. Çünki onda sizin il ərzində inzibati xətaya görə inzibati tənbeh alıb-almadığınız barədə məlumat yoxdur. Belə olan halda Siz sürücülük vəsiqənizi protokolu tərtib edən DYP-nin vəzifəli şəxsinə verməli, əvəzində müvafiq sənəd almalı, sonra isə DYP-nin ərazi idarəsində törətdiyiniz inzibati xəta üzrə inzibati icraat aparılmasına nail olmalısınız. Yalnız ərazi üzrə DYP idarəsində sizin il ərzində inzibati xəta törətdiyinizə görə tənbeh edilib-edilməməniz barədə məlumat var və İXM-in 33 və 34-cü maddələrində nəzərdə tutulan inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların idarədə tətbiq etməsi əsaslıdır.

Siz DYP-nin vəzifəli şəxsi və ya məhkəmə tərəfindən barənizdə tərtib edilmiş protokola baxılarkən əmlak vəziyyətiniz və ya məsuliyyətinizi yüngülləşdirə biləcək digər halları təsdiq edən sənədləri təqdim edə bilərsiniz. Yuxarıda qeyd etdiyim kimi, istənilən hal qərar qəbul edən şəxs tərəfindən yüngülləşdirici hal kimi nəzərə alına bilər. Burada məhdudiyyət yoxdur.

"Hər kəsin hüququ" rubrikasından

 

0 Komment

    Şərh yazın

    Xəbərlər