"MK" jurnalının 40-cı sayı üçün

"MK" jurnalının 40-cı sayı üçün

Baş redaktor Qalib Toğrulun təqdimatında

İlin sonuna bir ay qalmış jurnalımızın 40-ı çıxdı. Yeni ilə 41 ilə girəcəyik, inşallah. Ancaq bu an məni nə jurnalımızın jubiley nömrəsi, nə ilin sonu, nə də Mayya təqviminə görə dünyanın axırı olacaq 21 dekabr 2012-ci il tarixi maraqlandırır. Neçə gündür ki, beynimi bir oyunluq futbolkanın üzərində ingiliscə “Odlar yurdu Azərbaycan” yazılmasına görə 20 milyon avro ödənilməsi məşğul edir. Madridin “Real” klubu ilə  oynayan eyni adlı şəhərin “Atletiko” komandasına 90 dəqiqəlik reklam (?) üçün bu qədər pul ödənilməsinə, nə gizlədim, haqq verə bilmirəm. “Reklam” sözü bir az böyük səslənir, oyunboyu nə qədər çalışsam da o 3 sözü oxuya bilmədim. Oyunun rejissorları, operatorları futbolkanın ön tərəfinə yazılmış reklamı göstərməmək üçün dəridən-qabıqdan çıxdılar və istəklərinə də nail oldular. Reklam parlaq fona yazıldığından uzaqdan oxumaq da mümkün deyildi. Bəlkə də “Atletiko” klubunun rəhbərliyi qəsdən reklamın gözə girməməsinə çalışırdı. Görəsən, onlar kiçik bir işin müqabilində bu qədər pulu almaqdan utanırdılarmı? Yoxsa pulu aldıqları ölkənin imici onları bunu yapmağa vadar eləmişdi?
Azərbaycan, daha doğrusu Bakı son illər qaynar qazana bənzəyir. Bu da təbiidir. Çünki ölkənin əsas qazanc yeri olan neftdən regionların payına birbaşa heç nə, dolayısı ilə qəpik-quruş düşdüyündən hamı iş və karyera ümidi ilə paytaxta üz tutub. Ona görə də şəhər qarışqa yuvası kimi qaynayır. Parlaq reklamlar, rahat mərkəzi yollar şəhərə ilk gələn adamda yanlış təəssürat oyadır. Sanki neft və milyonlıar səltənətinə düşmüsən. Sanki bu ölkədə hamı yağ-bal içində yaşayır. Bu, dediyim kimi ilkin təəssüratdır. Sonrası Sizə də bəllidir, mənə də, elə ilkin təəssüratının eyforiyasından tez bir zamanda azad olan qonağa da.

Qazancı milyardlarla ölçülən ölkənin dərdi minlərlədir. Birin milyona nisbəti kimi. Belə bir zamanda o mənhus 20 milyon hansı dərda dəva olmazdı ki?.. Əksəriyyəti yaşayış minimumundan aşağı pensiya alan 1 milyon 279 min nəfər pensiyaçıyamı, bir milyon qaçqınamı, statistikası aparılmayan dilənçilərəmi, yoxsulluq girdabında çabalayan kasıblaramı, işsizlərəmi?..
Dünya döndükcə, dolandıqca həqiqətlər də, əxlaq normaları da dəyişir. Mütləq olan heç nə yoxdur. Yer üzündə nə qədər insan varsa, o qədər də  həqiqət var. Hamının həqiqətinə hörmətlə yanaşaraq öz həqiqətimi yazmaq istəyirəm:
Əgər o 20 milyon avro ölkəm üçün 20 qəpik dəyərində olsaydı belə, əgər dünyanın sonunun dekabrın 21-də gələcəyinə Allaha inandığım qədər əmin olsaydım belə, mən o pulu əcnəbiyə yedirtməzdim! Buna əminəm. Elə ona görə də “Atletiko”nun 90 dəqiqəlik köynəyində külə çevrilən pulun odu neçə gündür ki, o qərarı verənləri yox, məni yandırır..
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər