Vergilər Nazirliyi Hüquqi şəxslərin elektron qeydiyyatı ilə bağlı bütün məsələr açıqladı
Bu gün Vergilər Nazirliyi tərəfindən keçirilən «Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı» sisteminin təqdimat mərasimi keçirilib. Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib ki, hüquqi şəxslərin dövlət qeydiyyatının tətbiq edilməsi nəticəsində biznesə başlamaq üçün 6 prosedura əvəzinə cəmi 3 prosedura yerinə yetiriləcək, qeydiyyat üçün tələb olunan sənədlərin sayı isə 7-dən 2-ə endirilib. Yəni, təsisçi sistemə cəmi 2 məlumat daxil edir, digər məlumatlar isə sistem tərəfindən yerləşdirilir. Belə ki, elektron qeydiyyat zamanı yeni yaradılacaq şirkətin nizamnaməsi, ərizə və yaradılma barədə qərar sistem tərəfindən avtomatik şəkildə qoşulur. Bundan başqa, qeydiyyat zamanı fiziki şəxslər yalnız şəxsiyyət vəsiqəsinin PIN kodunu təqdim edirlər, qalan məlumatları bu PIN kod əsasında sistem özü doldurur və s. Nəticədə, qeydiyyat zamanı hüquqi ünvanın təsdiqinə, sənədlərin notarial təsdiqinə, nizamnamə kapitalının ödənilməsi üçün müvəqqəti bank hesabının açılmasına sərf edilən vaxta qənaət ediləcək.
Bununla əlaqədar olaraq hüquqi şəxslərin qeydiyyatı bir neçə gün əvəzinə cəmi bir neçə dəqiqəyə başa çatacaq. Qaydalara görə, təsisçisi bir fiziki şəxs olan yerli investisiyalı hüquqi şəxslərin elektron qeydiyyatı sürətli şəkildə aparıla bilər. Bu zaman qeydiyyat prosesi cəmi 5 dəqiqə davam edir.
Təsisçilərin sayı 1-dən artıq olan hüquqi şəxslərin qeydiyyatı zamanı, eləcə də hüquqi şəxsə aid daha geniş məlumatların daxil edilməsi tələb olunduqda isə adi elektron qeydiyyat üsulu seçiləcək. Bu proses isə 20 dəqiqədən 3 günədək davam edə bilər.
Təqdimat mərasimində bildirilib ki, hüquqi şəxslərn elektron qeydiyyatının tətbiqi ilə əlaqədar olaraq ölkə qanunvericiliyinə - iki qanun və iki məcəllədə dəyişikliklər edilib. Belə ki, elektron qeydiyyat üçün dövlət rüsumu yoxdur. Elektron qeydiyyat zamanı nizamnamə kapitalın dərhal ödənilməsinə də ehtiyac qalmır, bunun üçün təsisçilərə 3 ay vaxt verilir və qeydiyyat başa çatandan sonra 3 ay ərzində nizamnamə kapitalı banklar vasitəsilə ödənilə bilər.
Qaydaya görə, elektron qeydiyyat üçün hökmən təsisçinin elektron imza kartı və kart oxuyucu qurğunun olması tələb olunur. Elektron qeydiyyat zamanı elektron imzadan istifadə bu qurğu vasitəsilə mümkündür. Bütün proses başa çatdıqdan sonra istifadəçi müəssisənin qeydiyyatı barədə bildirişin elektron versiyasını alır.
Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, bu addım digər məsələlərlə yanaşı, məmur-vətəndaş təmaslarının minimuma endirilməsi ilə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsinə də müsbət təsir göstərəcək.
“APA”
0 Komment
Şərh yazın