ƏMAS Platformasında məzuniyyət əmrləri ilə bağlı gözlənilən ƏLA YENİLİK!
14 oktyabr 2026-cı il tarixində saat 19:00-da başlayacaq 3 dərslik “Əmək münasibətlərində yoxlamalar və məhkəmə qərarları” təliminin ilk dərsində ƏMAS Platformasındakı son yeniliklər də izah ediləcək.
ƏMAS Platformasında insan resurslarının idarə edilməsi sahəsində çalışan mütəxəssislərin uzun müddətdir gözlədiyi daha bir yenilik istifadəyə verilib. Belə ki, artıq işçilərin müxtəlif növ məzuniyyətlərdən geri çağırılması ilə bağlı əmrlərin ƏMAS Platforması üzərindən elektron qaydada rəsmiləşdirilməsi mümkündür.
İndiyədək əmək, təhsil, sosial, ödənişsiz və digər məzuniyyət növləri üzrə əmrlərin hazırlanması və imzalanması ƏMAS alt sistemində həyata keçirilsə də, işçilərin məzuniyyətdən geri çağırılması prosesinin sistem üzərindən rəsmiləşdirilməsi mümkün deyildi. Yeni funksionallıq bu məhdudiyyəti aradan qaldıraraq işəgötürənlərə müvafiq əmrləri elektron formada hazırlamaq və imzalamaq imkanı yaradır.
Məzuniyyətdən geri çağırılma əmri ƏMAS-da necə rəsmiləşdirilir?
Bunun üçün işəgötürən ƏMAS alt sisteminin “Əmrlər” bölməsinə daxil olaraq “Məzuniyyət əmrlərinin reyestri” alt bölməsini seçməlidir. Daha sonra “İmzalanmış məzuniyyət əmrləri” siyahısından müvafiq işçinin məzuniyyət əmri müəyyən edilir.

Həmin əmrin qarşısındakı müvafiq işarə seçildikdə “Məzuniyyətdən geri çağırılma əmri” və “Etibarsız et” funksiyaları aktivləşir.

“Məzuniyyətdən geri çağırılma əmri” funksiyası seçildikdə sistemdə işçinin əvvəlki məzuniyyət əmrinə dair məlumatlar avtomatik əks olunur.
Növbəti mərhələdə işəgötürən geri çağırılma əmrinin tarixini, nömrəsini və işçinin məzuniyyətdən geri qayıtdıqdan sonra faktiki olaraq işə başlayacağı tarixi qeyd edir.
Məlumatlar daxil edildikdən sonra “İrəli” düyməsi vasitəsilə əmr formalaşdırılır və elektron qaydada imzalanır. Bununla da işçinin məzuniyyətdən geri çağırılması ƏMAS Platformasında hazırlanan elektron əmrlə rəsmiləşdirilir.
İmzalanmış əmrlərə sonradan ƏMAS alt sisteminin “Məzuniyyətdən geri çağırılma əmrlərinin reyestri” bölməsindən baxmaq mümkündür.
Yenilik üç yaşınadək uşağa qulluq üçün qismən ödənişli sosial məzuniyyətdə olan işçilər üçün də əhəmiyyətlidir
Məlum olduğu kimi, üç yaşınadək uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyətdən istifadə edən işçi məzuniyyət müddəti başa çatmamış öz arzusu ilə işə qayıda bilər. Məsələn, işçi iki il müddətinə qismən ödənişli sosial məzuniyyətə çıxsa da, üç və ya beş aydan sonra işə qayıtmaq qərarına gələ bilər. Əvvəllər belə hallarda məzuniyyətdən vaxtından əvvəl qayıtmanın ƏMAS üzərindən rəsmiləşdirilməsi mümkün olmadığından müavinətin dayandırılması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayrıca kağız formada hazırlanmış məktubla məlumat verilməsi zərurəti yaranırdı.
Qeyd edək ki, Nazirlər Kabinetinin 189 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq qaydalara əsasən, uşağa qulluq üçün qismən ödənişli sosial məzuniyyət dövründə ödənilən müavinət işçinin məzuniyyətdən çıxaraq işə qayıtması halında dayandırılır.
Yeni funksionallıq isə işçinin məzuniyyətdən vaxtından əvvəl qayıtmasının elektron sistemdə rəsmiləşdirilməsinə imkan yaradır. Bu məlumatların DSMF-yə elektron qaydada ötürülməsi və proaktiv qaydada hesablanan müavinətin ödənilməsi prosesində nəzərə alınması gələcəkdə əlavə müraciətlərə ehtiyacın azalmasına şərait yarada bilər.
Hesab edirik ki, ƏMAS Platformasında tətbiq edilən bu yenilik insan resurslarının idarə edilməsi sahəsində çalışan mütəxəssislərin işini əhəmiyyətli dərəcədə asanlaşdıracaq. Məzuniyyətdən geri çağırılma prosesinin elektronlaşdırılması sənədləşmənin daha operativ aparılmasına, məlumatların vahid sistemdə əks olunmasına, elektron əmrlərin sistemli şəkildə saxlanılmasına və işəgötürənlərin inzibati yükünün azalmasına xidmət edəcək.
Bu baxımdan, ƏMAS Platformasında həyata keçirilən yeniliyi həm işəgötürənlər, həm də işçilər üçün müsbət və təqdirəlayiq addım kimi qiymətləndiririk.
ƏMAS Platformasındakı son yeniliklər 14 oktyabrda keçiriləcək təlimdə izah ediləcək
Məlumat üçün bildirək ki, 14 oktyabr 2026-cı il tarixində saat 19:00-da onlayn (ZOOM) formatında 3 dərslik “Əmək münasibətlərində yoxlamalar və məhkəmə qərarları” təliminə start veriləcək.
Təlimin ilk dərsində əsas mövzularla yanaşı, ƏMAS Platformasında tətbiq edilən son yeniliklər, o cümlədən məzuniyyətdən geri çağırılma əmrlərinin elektron qaydada rəsmiləşdirilməsi də praktiki nümunələr əsasında izah ediləcək.
Təlimdə iştirak etmək üçün əlaqə məlumatları:
Telefon: 055 / 050 368-12-72
E-mail: mksacademy2022@gmail.com
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
3. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
4. Əməyin uçotu: A-dan Z-yə - 2026
5. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
2. ƏMAS Platforması: A-dan Z-yə 2026
3. Vergi uçotu: A-dan Z-yə 2026
4. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
5. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın