Dövlət qurumunda çalışan şəxslərin həyatın yığım sığortası və pensiya sığortası üzrə güzəşti niyə ləğv edildi?

Dövlət qurumunda çalışan şəxslərin həyatın yığım sığortası və pensiya sığortası üzrə güzəşti niyə ləğv edildi?

Satışı davam edən "Vergi Məcəlləsi 2025" kitabından seçmə

Son dəyişikliyə qədər Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə  işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azad edilir.
Maddənin tələblərindən göründüyü kimi, Vergi Məcəlləsininin 102.1.8-ci maddəsinə müvafiq güzəşt tətbiqi zamanı işçi dövlət və qeyri-dövlət sektorda çalışmasından asılı olmayaraq əldə edirdi. Maraqlıdır ki, 21 oktyabr 2005-ci ildən tətbiq edilən güzəştə sonralar müəyyən məhdudiyyətlər (düzəlişlər) edilib. 2009-cü ildə Vergi Məcəlləsində edilən dəyişiklik nəticəsində maddədə qeyd edilən 5 ildən az olmayan müddət 3 ilə endirildi. 1 yanvar 2019-cu il tarixdə Vergi Məcəlləsində edilən dəyişiklikdən sonra sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin tamına yox, 50 faizindən çox olmayan hissəsinə güzəşt tətbiq edildi.
1 yanvar 2025-ci il tarixdən isə, dövlət sektoruna aid edilən vergi ödəyicilərinə həmin güzəşt tətbiq edilməyəcək. Bu səbəbdən də maddəyə “qeyri-dövlət sektoruna aid edilən” sözləri əlavə edilib. Vergi Məcəlləsində dəyişikliklə bağlı qanunun keçid müddəasında Vergi Məcəlləsinin 102.1.8-ci bəndindəki dəyişikliyin tətbiqi ilə bağlı müəyyən fərqliliklər nəzərdə tutulub. Qanunun keçid müddəasındakı tələblərlə tanış olaq: 
- Vergi Məcəlləsinin 102.1.8-ci maddəsi üzrə güzəşt 2025-ci il yanvarın 1-dən sonra bağlanmış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə ödənilən sığorta haqlarına münasibətdə tətbiq edilir;
- Qeyri-dövlət sektoruna aid edilməyən vergi ödəyicilərinə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 ili tamam olmamış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan vergi güzəşti yalnız həmin müqavilələr bağlandığı tarixdən 3 il ərzində ödənilən sığorta haqlarına tətbiq edilir;
- Qeyri-dövlət sektoruna aid edilməyən vergi ödəyicilərinə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan vergi güzəşti yalnız 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiq edilir.
Mİsal. Dövlət sektorunda çalışan 3 işçi ilə həyatın yığım sığortası və pensiya sığortası müqaviləsi bağlanılıb. Müqavilələrin başlanma tarixləri aşağıdakı kimidir:
Birinci işçi: 1 fevral 2025-ci il;
İkinci işçi: 1 yanvar 2023-cü il;
Üçüncü işçi: 1 yanvar 2022-ci il.
Birinci işçi ilə müqavilənin bağlanılma tarixi (1 fevral 2025-ci il) Vergi Məcəlləsində dəyişiklikdən sonra təsadüf etdiyi üçün həmin işçiyə Vergi Məcəlləsinin 102.1.8-ci maddəsi üzrə hər hansı güzəşt tətbiq edilməyəcək.
İkinci işçi ilə müqavilənin bağlanılma tarixindən (1 yanvar 2023-cü il) dəyişiklik tarixinədək (1 yanvar 2025-ci il) 3 il bitməyib. Bu səbəbdən də  2025-ci il yanvarın 1-dək qüvvədə olan vergi güzəşti yalnız müqavilənin bağlandığı tarixdən 3 il ərzində ödənilən sığorta haqlarına tətbiq ediləcək.
Üçüncü işçi ilə bağlanılan müqavilənin müddəti 1 yanvar 2022-ci il olduğu üçün 1 yanvar 2025-ci ilədək 3 illik müddət başa çatıb. Bu zaman vergi güzəşti 4 illik dövr (1 yanvar 2022 – 1 yanvar 2025) üzrə qüvvədə olan həyatın yığım sığortası və pensiya sığortası müqavilələrinə tətbiq ediləcək.
Məlumat üçün bildirək ki, dövlət sektoru dedikdə, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər başa düşülür.

Qeyd edək ki, “Sosial sığorta haqqında” AR Qanununun 15-ci maddəsinə də oxşar dəyişiklik həyata keçirilib. Həmin maddədə qeyd edilib ki, 3 ildən az olmayan müddətə bağlanılan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə qeyri-dövlət sektoruna aid edilən sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər məcburi dövlət sosial ayırmalarına cəlb edilmir. 
Göründüyü kimi, qeyri-dövlət sektorunun fərqləndirilməsi “Sosial sığorta haqqında” AR Qanununda da həyata keçirilib.
Sonda qeyd edək ki, həm Vergi Məcəlləsi, həm də “Sosial sığorta haqqında” AR Qanununa edilən dəyişikliklər müvafiq olaraq gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların həcmini artıracaq. Amma bu dəyişiklik dövlət qurumlarında çalışan işçilərin narazılığına səbəb olub. Çünki pensiya yaşına çatmadan əmək haqlarının müəyyən hissəsindən həyat yığım sığortası vasitəsilə faydalanmaq istəyən işçilər həmin imkandan mərhum ediliblər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

3. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı IV nəşr) -2025 (fevral ayından satışda olacaq)
6. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
7. ƏMAS Platforması - 2024 (II nəşr)
8. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr (fevral ayından satışda olacaq)
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr (fevral ayından satışda olacaq)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər