“vergiler.az” iqtisadçı ekspert Anar Bayramovun mövzu ilə bağlı şərhini təqdim edir.
Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən, 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən 3 il müddətində ƏDV ticarət əlavəsindən hesablanır. Kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanır.
Maddədə diqqət çəkən 3 vacib məqam vardır.
Birinci məqam. Maddədə 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsulları üzrə sənədləşmələrin düzgün həyata keçirilməsi vurğulanır. Qeyd edək ki, Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan qanunun keçid müddəasında bildirilir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan, kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışını həyata keçirən şəxslər tərəfindən 2022-ci il yanvarın 1-dək ƏDV ödənilməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə alınmış sahibliklərində qalan kənd təsərrüfatı məhsullarının sonradan satışı zamanı ƏDV həmin malların tam satış dəyərindən hesablanır.
İkinci məqam. 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsulları üzrə aşağıdakı sənədlərdən ən azı biri olmadıqda ƏDV ticarət əlavəsindən yox, ümumi dövriyyədən hesablanacaq:
- elektron qaimə-faktura (vergi ödəyicilərindən alındıqda);
- idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys) (idxal olunduqda);
- elektron alış aktı ilə (vətəndaşdan) alındıqda.
Misal 1. Vergi orqanının vergi nəzarəti tədbirləri zamanı müəyyən olunur ki, 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş 40.000 manat məbləğində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi zamanı ƏDV ticarət əlavəsindən hesablanıb. Vergi ödəyicisi malların alınmasını təsdiq edən alış aktlarını təqdim edib, lakin həmin sənədlərin yazılmasıdan iki aydan çox keçməsinə baxmayaraq elektron alış aktı tərtib edilməyib. Bu halda vergi orqanı ƏDV-nin hesablanmasını ticarət əlavəsindən yox, ümumi qaydada hesablaya bilər.
Üçüncü məqam. Kənd təsərrüfatı məhsullarının təqdim edilməsi Vergi Məcəlləsinə uyğun olaraq həyata keçirilməlidir. Vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi aşağıdakı sənədlərlə rəsmiləşdirilməlidir:
- elektron qaimə-faktura (topdansatış qaydasında);
- nəzarət kassa-aparatının çeki (pərakəndə satış qaydasında).
Misal 2. Vergi orqanının vergi nəzarəti tədbirləri nəticəsində aşkarlanıb ki, vergi ödəyicisinin sahibliyində 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş 80.000 manatlıq kənd təsərrüfatı məhsulu üzrə 20.000 manatlıq mal qalığı mövcuddur. Həmin malların 35.000 manatlıq hissəsinin təqdim olunması zamanı elektron qaimə-faktura və (və ya) nəzarət kassa-aparatının çeki mövcuddur və ƏDV ticarət əlavəsindən hesablanıb. Amma 25.000 manatlıq kənd təsərrüfatı məhsulunun təqdim edilməsi rəsmi sənədlərdə müəyyən olunmayıb. Bu halda vergi orqanı həmin malların təqdim edilməsi zamanı ƏDV-ni ticarət əlavəsindən yox, ümumi qaydada hesablayacaq.
Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı
0 Komment
Şərh yazın