Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən, fiziki şəxslər üçün əmlakın icarəyə verilməsindən əldə edilən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Daşınar və daşınmaz əmlakı icarəyə verənin və icarəyə götürənin vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs (şərti olaraq sadə vətəndaş), vergi ödəyicisi kimi uçotda olan fiziki şəxs (VÖEN-i olan fiziki şəxs) və hüquqi şəxs olmasından asılı olaraq daşınar və daşınmaz əmlakın icarəsinə görə əldə edilən gəlirdən verginin ödənilməsi və hesabatının təqdim edilməsi öhdəliyi icarəyə verənin və yaxud icarəyə götürənin öhdəliyi ola bilər. Əgər icarəyə verən vergi ödəyicisi kimi uçotda olan (VÖEN-i olan fiziki şəxs) və ya uçotda olmayan (sadə vətəndaş) fiziki şəxsdirsə, o zaman icarəyə götürən vergi ödəyicisi (rezident müəssisə və ya VÖEN-i olan fiziki şəxs) Vergi Məcəlləsinin 124-cü və 150.1.6-cı maddələrinə əsasən aylıq icarə haqqından 14 faiz dərəcəsi ilə ödəmə mənbəyindən vergini tutur, 150.3.2-ci maddəsinə əsasən vergini büdcəyə ödəyir və 150.3.3.1-ci maddəsinə əsasən rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim edir.
Misal:
Tutaq ki, VÖEN-i olan fiziki şəxs və yaxud vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs özünə məxsus qeyri-yaşayış sahəsini rezident müəssisəyə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə aylıq 1.000 manata icarəyə verir. Bu zaman icarəyə götürən rezident müəssisə və ya sahibkar 140 manat məbləğində vergini ödəmə mənbəyindən tutaraq büdcəyə köçürür və rüblük bəyannamədə əks etdirir. İcarəyə verən VÖEN-i olan fiziki şəxs isə illik gəlir vergisi bəyannaməsini təqdim edərkən bəyannamənin 1203-cü sətrində 1.000 manat gəlirini qeyd edir, lakin həmin məbləğdən bir dəfə ödəmə mənbəyində vergi tutulduğu üçün Vergi Məcəlləsinin 100-cü maddəsinə əsasən həmin məbləğ ümumi gəlirdən çıxılır və bəyannamənin 1224.6-cı sətri olan daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən ödəmə mənbəyində vergi tutulmuş gəlir sətrində 1.000.00 manat məbləğ qeyd olunur ki, eyni məbləğ iki dəfə vergiyə cəlb edilməsin.
Vergi Məcəlləsinin 124.3-cü maddəsində bildirilir ki, rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. Daşınar və daşınmaz əmlakın icarəsinə görə gəliri əldə edən rezident müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi isə öz növbəsində həmin gəlirdən 20 faiz dərəcəsi ilə mənfəət vergisi ödəyir və bunu öz illik mənfəət vergisi bəyannaməsində bəyan edir.
Əgər həm icarəyə verən, həm də icarəyə götürən vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxsdirsə, bu zaman icarəyə verən Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən vergi uçotuna alınır, Məcəllənin 149-cu maddəsinə əsasən gəlirin 14 faizi məbləğində vergini büdcəyə köçürür və illik gəlir vergisi bəyannaməsini təqdim edir.
Fəxriyyə İKRAMQIZI
Vergiler.az
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı
- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]
1 Komment
Təranə 03 Aprel 2019
Salam icarə haqqlarıyla əlaqədar sual;Biz hüquqi şəxs olaraq fiziki şəxsdən daşınmaz əmlakı icarəyə götürmüşük və hər ay notarial qaydada təsdiq olunmuş sənəd əsasında məbləği fiziki şəxsin hesabına köçürürdük. Mart 2019 etibarən fiziki şəxs elektron qaimə faktura yazır və məbləğ bizim fiziki şəxs üçün ödədiyimiz 14% birlikdə göstərir yəni 1000 azn + 14 % 1140 edir amma fiziki şəxs niyəsə 1628 azn məbləğ yazır,icarə müqaviləsində 1000 azn göstərilməsinə baxmayaraq bu nə qədər düzgündür?
Şərh yazın