Fiziki şəxslər vergi orqanlarında 2 formada uçota alına bilərlər: onlayn və xidmət mərkəzlərinə gəlməklə. Bəs ilkin qeydiyyat zamanı hansı vergi mükəlləfiyyətini seçməlidirlər? “vergiler.az”ın sualına iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.
Ərizə formasında vətəndaş üçün vergi mükəlləfiyyəti üzrə seçim imkanı verilir:
- Əlavə dəyər vergisi (ƏDV):
- Fiziki şəxslərin gəlir vergisi,
- Sadələşdirilmiş vergi.
Fiziki şəxs fəaliyyət sahəsinə uyğun hansı vergi mükəlləfiyyəti üzrə vergi ödəyicisi olmasını qeyd etməlidir. Əgər vergi ödəyicisi əsasən vətəndaşlara xidmət göstərərsə, o zaman sadələşdirilmiş vergi mükəlləfiyyətini seçmək daha məqsədəuyğundur. Bundan əlavə, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” alan şəxslər də sadələşdirilmiş vergi ödəyicisini seçməlidir. Qeyd edək ki, əksər sadələşdirilmiş vergi ödəyicisi təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatından vergi ödəyir.
Misal 1: Vergi ödəyicisinin rüb ərzində xidmət göstərdiyi vətəndaşlardan 20.000 manat məbləğində vəsdit daxil olub. Vergi ödəyicisinin gəlirin əldə edilməsi ilə bağlı 5.000 manat məbləğində xərci də yaranıb. Bu zaman vergi ödəyicisi 2 faizlik sadələləşdirilmiş vergini 20.000 manatdan hesablayacaq, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcin məbləğinin sadələşdirilmiş verginin hesablanmasında önəmi yoxdur.
“Fiziki şəxslərin gəlir vergisi” mükəlləfiyyəti o zaman seçilə bilər ki, vergi ödəyicisi gələcək fəaliyyətində daha çox vergi ödəyicisinə və xarici şəxslərə mal təqdim etsin və ( və ya) xidmət göstərmiş olsun. Məsələn, informasiya texnologiyaları ilə bağlı xidmət həyata keçirən şəxslər əsasən vergi ödəyicilərinə xidmət göstərdiyi üçün onların fiziki şəxslərin gəlir vergisi mükəlləfiyyətini seçməsi məqsədəuyğundur. Mümkündür ki, vergi ödəyicisi öncə sadələşdirilmiş vergini seçsin. Əgər rüb ərzində göstərilən fəaliyyət üzrə vergi ödəyicisinə malların və ya xidmətlərin təqdim edilməsi 30 faizdən çox olarsa, o zaman Vergi Məcəlləsinin 218.7-ci maddəsinə uyğun olaraq növbəti rübdən gəlir vergisi ödəyicisi olmaq mükəlləfiyyəti yaranacaq.
Sadələşdirilmiş vergidən fərqli olaraq fiziki şəxslərin gəlir vergisinin hesablanması zamanı vergi ödəyicisinin xərcləri nəzərə alınır.
Misal 2: Vergi ödəyicisi rüb ərzində 20.000 manat məbləğində xidmət göstərib. Həmçinin, hesabat dövründə vergi ödəyicisinin gəlirin əldə edilməsi ilə bağlı 5.000 manat məbləğində xərci yaranıb. Bu zaman vergi ödəyicisi fiziki şəxslərin gəlir vergisini 20.000 manatdan yox, 15.000 manatdan (20000 -5000) hesablayacaq. Sadələşdirilmiş vergi ödəyicisində verginin dərəcəsi 2 faiz olsa da fiziki şəxslərin gəlir vergisində bu rəqəm 20 faiz təşkil edəcək. Bir məqamı qeyd edək ki, Vergi Məcəlləsinin 102.130-cü maddəsinə uyğun olaraq, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi həcmində gəlir vergisi ödəyir.
Əlavə dəyər vergisi (ƏDV) ödəyicisini seçmək o halda məsləhətdir ki, vergi ödəyicisi ƏDV ödəyiciləri ilə əməliyyatlar həyata keçirsin. Bundan əlavə, müntəzəm olaraq idxal əməliyyatları həyata keçirən vergi ödəyicilərinin əlavə dəyər vergisi mükəlləfiyyətini seçməsi lazımdır ki, idxal zamanı ödədiyi ƏDV-nı əvəzləşdirmək hüququna malik olsun.
Misal 3: Vergi ödəyicisi ay ərzində xaricdən 20.000 manatlıq malın alınması zamanı 3.600 manat (20000 x 18%) ƏDV ödəsə də həmin dövrdə təqdim etdiyi malların həcmi 15.000 manat olduğu üçün ƏDV məbləği 2.700 manat (15000 x 18%) təşkil edib. Bu halda vergi ödəyicisinin həmin ay üzrə büdcəyə 900 manat (3600 manat (idxalda ödənilən ƏDV) - 2700 (təqdim edilən mallara görə hesablanan ƏDV)) məbləğində artıq ödəməsi yaranacaq.
Vergi ödəyicisinin həm sadələşdirilmiş, həm də gəlir vergisi ödəyicisi mükəlləfiyyətlərini seçməsi də mümkündür. Bu hala misal kimi, əmlakın icarəyə verilməsi fəaliyyəti ilə yanaşı, sadələşdirilmiş vergi ödəyicisi üzrə fəaliyyət təqdim edənləri göstərmək olar. Vergi Məcəlləsinin 218.5.4-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik deyillər.
Beləliklə, fiziki şəxs fəaliyyət göstərdiyi sahələrə uyğun vergi mükəlləfiyyətini seçməlidir.
Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı
0 Komment
Şərh yazın