Vergi Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. İqtisadçı ekspert Anar Bayramov azadolmaların şərtlərini misallarla şərh edir.

Misal 1: Vergi ödəyicisi işğaldan azad olunan ərazidə hotel xidməti göstərir. İlin nəticələrinə əsasən, 40.000 manat məbləğində mənfəət əldə edib. Vergi Məcəlləsinin 227.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisi həmin mənfəətdən hər hansı vergi ödəməyəcək.

Vergi Məcəlləsinin 227.2-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azaddır. Bu maddənin müddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir.

İşğaldan azad edilmiş ərazinin rezidentləri üçün ƏDV ilə bağlı güzəştlər idxalda tətbiq ediləcək. Bunun üçün ilk növbədə Nazirlər Kabineti idxalda ƏDV-dən azad edilməsi nəzərdə tutulan iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısını təsdiq etməlidir. Dövlət Gömrük Komitəsinin qərarı ilə təsdiq edilən malların ƏDV-dən azad olunması İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada verilmiş təsdiqedici sənəd əsasında həyata keçiriləcək.

Bəs dividend gəlirləri üzrə hər hansı güzəşt tətbiq ediləcək?

Vergi Məcəlləsinin 227.3-cü maddəsinin tələblərinə əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır.

Maddədən göründüyü kimi, güzəşt işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarına (payçılarına) tətbiq olunacaq.

Sadalanan vergi azadolmaları hansı şərtlər daxilində tətbiq ediləcək?

Vergi Məcəlləsinin 227.4-cü maddəsinə əsasən, bu maddədə nəzərdə tutulan vergi azadolmaları aşağıdakı şərtlər daxilində tətbiq edilir:

İlk şərt istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrədir. Vergi Məcəlləsinin 227.4.1-ci maddəsi üzrə istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir. Bu maddədə nəzərdə tutulan vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə Azərbaycan Respublikasının ərazisindən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir.

Misal 2: Vergi ödəyicisi Laçında geyim istehsalı ilə məşğul olur. Vergi ödəyicisi həmin malları respublikamızın digər yerlərində təqdim edərsə, hətta Azərbaycan Respublikasının ərazisindən kənar ölkələrə ixrac edərsə, o zaman Laçındakı təsərrüfat subyektinin istehsal fəaliyyət üzrə əldə edilən bütün gəlirlərinə azadolma tətbiq olunacaq.

İkinci şərt isə topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə müəyyənləşdirilib.

Vergi Məcəlləsinin 227.4.2-ci maddəsinə əsasən, topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir. Həmin şəxslər malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazidən kənarda fəaliyyət göstərən şəxslərə təqdim etdikləri, o cümlədən Azərbaycan Respublikası ərazisindən ixrac etdikləri halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir.

Misal 3: Zəngilan şəhərində vergi uçotuna alınan vergi ödəyicisi tikinti materiallarının topdansatış ticarəti ilə məşğuldur. Vergi ödəyicisi həm işğaldan azad olunan ərazilərdə, həm də respublikanın digər ərazisində fəaliyyət göstərir. Bu zaman vergi üzrə azadolma onlara şamil edilməyəcək.

Üçüncü şərt isə turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə tətbiq edilir. Vergi Məcəlləsinin 227.4.3-cü maddəsinə əsasən, turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir.

Misal 4: Bakıda hotel fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Şuşa şəhərində həmin brendin filialını yaradıb fəaliyyət göstərirsə, həmin vergi ödəyicisinə azadolma tətbiq edilməyəcək.

Misal 5: Vergi ödəyicisi yalnız işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən restorana malikdirsə, o zaman həmin vergi ödəyicisi güzəştlərdən yararlana biləcək.

Bəs eyni növ fəaliyyətlə işğaldan azad edilmiş ərazilərdə və ondan kənarda məşğul olan vergi ödəyicisinin fəaliyyəti necə tənzimlənir?

Vergi Məcəlləsinin 227.4.4-cü maddəsinə əsasən, bu Məcəllənin 227.4.1 - 227.4.3-cü maddələrində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda da (Azərbaycan Respublikası ərazisi daxilində) eyni növ fəaliyyəti həyata keçirdiyi halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir.

Misal 6: Vergi ödəyicisi tikinti sahəsində çalışır, eyni fəaliyyət növü ilə həm Ağdamda, həm də Mingəçevirdə məşğul olur. Vergi Məcəlləsinin 227.4.4-cü maddəsinin tələblərinə uyğun olaraq, həmin vergi ödəyicisinə vergi azadolmaları tətbiq edilməyəcək.

Mənbə: Anar Bayramov, “Vergi uçotu” kitabı