Vergi Məcəlləsinin 168-ci maddəsinin 4 misalla izahı

Vergi Məcəlləsinin 168-ci maddəsinin 4 misalla izahı

vergiler.az”ın sualını “Business Service Centre” şirkətinin maliyyə mütəxəssisi Ağayev Ziya şərh edir.

Vergi Məcəlləsinin 168-ci maddəsi ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yerdən bəhs edir.

Maddə 168.1.1. Daşınmaz əmlakın olduğu yer - işlər (xidmətlər) bilavasitə bu əmlakla bağlıdırsa. Bu cür işlərə (xidmətlərə) tikinti, tikinti-quraşdırma, təmir, bərpa işləri, daşınmaz əmlakla bağlı agent və ekspert xidmətləri və digər analoji işlər (xidmətlər) aiddir. Məsələn, ƏDV ödəyicisi olan hüquqi şəxsin Şotlandiyanın Qlazqo şəhərində daşınmaz əmlakı varsa, həmin daşınmaz əmlakla bağlı görülən işlərin yeri Qlazqo hesab edilir.

Maddə 168.1.2. İşlərin faktiki görüldüyü (xidmətlərin faktiki göstərildiyi) yer - bunlar daşınar əmlakla bağlıdırsa işlərin görüldüyü yer sayılır. Məsələn, ƏDV ödəyicisi olan hüquqi şəxsin mallarını daşıyan tıra Berlində təmir xidməti göstərilibsə, işlərin görüldüyü yer həmin ərazi (şəhər) sayılır.

Maddə 168.1.3. Xidmətlərin faktiki göstərildiyi yer - xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə.

Misal 1. Azərbaycan Respublikasının rezidenti öz bank hesabından ACCA F3 imtahanı üçün 90 avro ödəniş edib. Bu zaman iki nüansa diqqət yetirmək lazımdır:

  1. Əgər imtahan İstanbulda keçiriləcəksə, o zaman həmin məbləğdən yalnız ödəmə mənbəyində vergi (ÖMV) tutulacaq və həmin məbləğ ƏDV-ə cəlb olunmayacaq.
  2. Əgər imtahan Bakıda keçiriləcəksə, o zaman ödənilən məbləğ ƏDV-ə cəlb olunacaq. Çünki xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi sayılır.

Maddə 168.1.4. Nəqletmənin faktiki həyata keçirildiyi yer - işlər (xidmətlər) bu nəqletmə ilə bağlıdırsa.

Misal 2. Tutaq ki, ƏDV ödəyicisi olan hüquqi şəxs digər rezidentlə bağlanılan müqaviləyə əsasən Ruminyadan Türkiyəyə mal daşıyır. Bu zaman xidmətlərin göstərildiyi yer Azərbaycan Respublikasından kənarda yerləşir. Bu səbəbdən göstərilən xidmət ƏDV-ə cəlb olunmayacaq. Əgər mallar Azərbaycan Respublikasından Türkiyəyə daşınacaqdırsa, o zaman xidmət ƏDV-ə 0 dərəcə ilə cəlb olunacaq.

Maddə 168.1.5. İşlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir:

  • patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi;
  • məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi;
  • işçi qüvvəsinin təchiz edilməsi üzrə xidmətlərin göstərilməsi (işçilər bu xidmətlərin alıcısının fəaliyyət göstərdiyi yerdə işlədikləri halda);
  • daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla);
  • müqavilənin əsas iştirakçısı adından bu maddədə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi;
  • telekommunikasiya xidmətlərinin göstərilməsi (siqnalların, sənədlərin, şəkillərin və ya səsin, yaxud istənilən xarakterli informasiyanın teleqraf, radio, optik və ya digər elektromaqnit sistem vasitəsilə alınması, yayılması, ötürülməsi, o cümlədən bu cür ötürmə, alma və ya yayım hüquqlarının təqdim edilməsi və ya alınması);
  • radio və televiziya yayımı, poçt rabitəsi xidmətlərinin göstərilməsi;
  • kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi;
  • elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin keçirilməsi.

 

Misal 3. ƏDV ödəyicisi olan hüquqi şəxs qeyri-rezidentə məxsus ticarət markasının Azərbaycan Respublikasında istifadəsi üçün aylıq 5.000 dollar ödəniş edir. Vergi Məcəllənin 168.1.5 -ci maddəsinə əsasən, xidmətin alıcısı Azərbaycan Respublikasında olduğu üçün, vergi ödəyicisi qeyri-rezidentə ödəniş zamanı ƏDV hesablayaraq dövlət büdcəsinə ödəməlidir.

Misal 4. ƏDV ödəyicisi olan hüquqi şəxs İrlandiya şirkətinə məsləhət xidməti göstərib. Paralel olaraq Avstriya şirkəti də həmin hüquqi şəxsə məsləhət xidməti göstərib. Hər iki xidmət Azərbaycan Respublikası ilə bağlıdır. Amma burada iki nüansa diqqət yetirmək lazımdır:

  1. ƏDV ödəyicisi olan hüquqi şəxs İrlandiya şirkətinə məsləhət xidməti göstərdiyi üçün xidmətin alıcısı Azərbaycan Respublikasından kənarda, xidməti göstərən şəxs isə Azərbaycan Respublikasındadır. Bu zaman həmin xidmət ƏDV-ə sıfır (0) dərəcə ilə cəlb olunacaq.
  2. Avstriya şirkəti ƏDV ödəyicisi olan hüquqi şəxsə xidmət göstərdiyi üçün xidmətin alıcısı Azərbaycan Respublikasındadır. Bu zaman isə həmin xidmət ƏDV-ə ümumi qaydada cəlb olunacaq.

Maddə 168.1.6. İşi yerinə yetirən və ya xidmət göstərən şəxsin fəaliyyəti həyata keçirdiyi yer xidmətin göstərildiyi yer sayılır. Məsələn, tutaq ki, Barselonada yerləşən “El-Pierro” oteli Azərbaycan Respublikasının rezidenti olan ƏDV ödəyicisinə mehmanxana xidməti göstərib. Bu zaman mehmanxana fəaliyyətinin həyata keçirildiyi yer, yəni xidmətin göstərildiyi yer Barselona şəhəri olacaq.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər