Azərbaycanda kredit vermək niyə rikslidir?
Azərbaycan iqtisadiyyatının davamlı inkişaf mərhələsinə qədəm qoyması müxtəlif sahələrə investisiya qoyuluşlarının çoxalmasına şərait yaratmaqla yanaşı, bank sisteminə yönələn xarici sərmayənin kəskin artmasına da səbəb oldu. Kiçik həcmli kreditlərin bazarın ən iri seqmentinə ünvanlana bilməsi və bununla da bazar payının əksər hissəsinə sahiblənməyin mümkünlüyünü görən banklar kredit təşkilatlarında möhkəm girov olmadan təklif olunan kreditləşdirmə metodlarının normal işlədiyini görərək, bu cür kreditləşdirmə sxemləri ilə məhsullar hazırladılar. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bankların mikrokreditlərə marağı artdı.
Bu həm mikrokreditlər üçün potensial bazarın böyüklüyü, həm də bu növ kreditlərin banklara daha çox gəlir gətirməsi ilə bağlı idi. Bazarın ən iri seqmentinə ünvanlanan bu kreditlərlə banklar eyni zamanda alternativ bank məhsul və xidmətlərini satmaqla qarşısına müştəri auditoriyasının artırılması və çoxşaxəli satış kanallarının əldə edilməsini məqsəd qoyurdu. Vəsaitlərin yerləşdirilməsi və daha çox müştərinin cəlb olunması uğrunda gedən mübarizədə banklar kreditlər üçün tələb olunan ənənəvi girov növlərindən imtina etməyə və yumşaq girovlu kreditlər təklif etməyə başladılar ki, bunun da nəticəsində girov yavaş-yavaş öz vacibliyini itirdi. Bundan başqa şərtlərin daha da cəlbedici olması üçün bank və kredit təşkilatları möhkəm girov olmadan təklif edilən kreditlərin məbləğinin artırılmasına hədəfləndilər ki, bu da bir çox paralel kreditləşdirmə risklərinin yaranmasına səbəb oldu. Bu yazıda məhz həmin risklərin mahiyyətini açmağa çalışacağıq.
Kəskin rəqabət nəticəsində əvvəllər maksimum məbləği 2000 manata qədər olan girovsuz kreditlər bu gün 7000, bəzi banklarda hətta 10000 manata qədər təklif olunur. Bu proses müştərinin müxtəlif mənbələrdən kredit götürməsinə imkan verərək kredit yükünün artmasına şərait yaradır. Əgər əvvəllər girovun məhdud həcm və sayda olması səbəbindən müştərilər paralel olaraq müxtəlif mənbələrdən kredit götürə bilmirdilərsə, bu gün möhkəm girovun unudulması səbəbindən müştəri eyni vaxtda bir biznesi üçün müxtəlif bank və kredit təşkilatına müraciət edərək kredit götürə bilir ki, bu da öz növbəsində təyinatdan kənarlaşma və biznesin kreditlə həddindən artıq yüklənməsi kimi risklər yaradır.
Son 2 ilə - xüsusən də bankların mikrokredit bazarına möhkəm girov təminatı olmayan kredit məhsulları ilə girməsinə - qədər borcalanları öz kreditlərini vaxtında ödəməyə sövq edən əsas amillərdən biri krediti vaxtlı-vaxtında qaytararsa, yenidən kredit götürmə şansının yaranacağına, müəyyən güzəştlərin ediləcəyinə (kreditin məbləğinin artması, faizin aşağı olması və sair) ümid idi. Təbii ki, borcalan onu da bilirdi ki, əgər krediti vaxtlı-vaxtında qaytarmasa, yenidən kredit götürmə şansı olmayacaq. Bu gün bank və kredit təşkilatlarının müştəri uğrunda amansız mübarizəsinin nəticəsidir ki, borcalanın artıq belə qorxusu yoxdur. Kredit təşkilatının işçisi borcalana krediti vaxtında qaytarmayacağı təqdirdə yenidən kredit götürə bilməyəcəyini xatırladır, əvəzində borcalan da digər bank və kredit təşkilatlarından çox asanlıqla kredit götürə biləcəyini bildirir. Göründüyü kimi ciddi analiz aparmadan kredit verməklə, özümüz özümüzü çətin vəziyyətə salırıq. Son 4 ilə qədər regionlarda fəaliyyət göstərən bank və kredit təşkilatlarının filialları vaxtaşırı yığışır, problemli müştərilər bazasınının mübadiləsini aparırdı. Bu proses problemli müştərilərlə işə çox müsbət təsir göstərirdi. B elə ki, bu cür müştərilər hansısa təşkilat qarşısında öz öhdəliklərini tamamlamamış digər təşkilata müraciət edirdisə, ona «Sizin başqa təşkilatda vaxtı keçmiş kredit borcunuz var, həmin öhdəliyinizi yerinə yetirməmiş biz Sizə kredit verə bilmərik» deyilir və borcalan mədəni şəkildə ödəniş intizamına dəvət olunurdu. Bu cür tədbirlər nəinki həmin borcalanı öz öhdəliklərini yerinə yetirməyə məcbur edir, üstəlik borcalanın çevrəsinə də kredit öhdəliyini vaxtlı-vaxtında yerinə yetirməyin vacibliyini göstərirdi. Təəssüflər olsun ki, lokal səviyyəli bu cür tədbirlər rəqabət mühitinin kəskinləşməsi və iri bank və kredit təşkilatlarının mikrokredit bazarına girməsi ilə aradan çıxdı. Kəskin rəqabət şəraitində bank və kredit təşkilatları problemli müştəri bazasınının mübadiləsini davam etdirmək əvəzinə problem yaratmış müştərinin digər təşkilatdan kredit götürüb öz təşkilatına olan borcunu bağlaması üçün çalışmağa və bununla da riski digər banka ötürməyə başladı. Mikrokredit bazarına girən iri bank və kredit təşkilatlarının cəlbedici bonus sistemləri tətbiq etməsi, kredit işçisini daha çox məbləğin verilməsinə həvəsləndirməsi, eləcə də kəskin kredit planları qoyması dolayısı ilə borcalanların əlavə kredit vəsaitləri ilə yüklənməsinə səbəb oldu. Artıq bazarda digər paralel kreditləşmə riskləri yaranmağa başladı. Bu risk ilk növbədə lazımsız kredit təklifi və ya əlavə kredit yükü olaraq ortaya çıxdı. Belə ki, müştəri cəlb etmək və minimum müştəri sayını tamamlamaq üçün kredit mütəxəssisi birbaşa marketinq vasitəsilə borcalanlara iri məbləğdə girovsuz kredit təklifi edir və kreditin həddindən artıq sürətli və minimum sənədləşmə ilə baş tutacağı vədini verərək müştərini kredit almağa həvəsləndirir.
Kredit analizinin əsas məqsədi kredit üçün müraciət edən şəxsin ödəniş qabiliyyətini müəyyənləşdirmək və kreditin sərf olunacağı lahiyənin gələcəyi ilə bağlı proqnoz verməkdir. Gəlin görək, müraciətçilə 1-2 saatlıq görüşün nəticəsində və biznes yerinə gedəndən sonra verəcəyimiz qərarla gələcək dövr üçün (ən azı bir illik) proqnozun düzgünlüyünü nə qədər risk altına qoymuş oluruq? Kredit işçisinin 1-2 saatlıq kredit analizi nəticəsində verəcəyi qərar müraciətçinin biznesinin daha da güclü və sağlam olmasına xidmət etməlidir. Qısa vaxt intervalını əhatə edən və müraciətçinin kredit təyinatından tutmuş gələcək gəlirləri və ödəniş imkanları ilə bağlı proqnozu əhatə edən bir prosesi bir az da qısalatmaqla nə qazanırıq? Müraciətçilərin maliyyə-idarəetmə qabiliyyətlərini dəqiq öyrənmədən, bizneslərinin maliyyə ehtiyaclarını dəqiq müəyyənləşdirmədən iri məbləğli kreditlərin verilməsi müştərilərin krediti təyinatından kənar istiqamətlərə sərf etməsinə, bu da öz növbəsində qazanılmamış pulların xərc elementinə çevrilərək borcalanın maliyyə vəziyyətinin kəskin pisləşməsinə səbəb olur.
Burada belə bir sual yaranır: Öz reklamımız xatirinə, sürətli kreditləşmə aparmağımız sayəsində özümüz-özümüzə risk yaratmırıqmı?
Bazar iştirakçılarının sayının artması ilə yaranan digər paralel kreditləşmə riski borcalanın biznesinin analizi aparılarkən digər mənbələrdən aktiv kredit borcunun olub-olmamasını aydınlaşdırmamaqdan irəli gəlir. Məsələn, borcalan A bankına 3000 AZN məbləğində kredit üçün müraciət edir. A bankının işçisi borcalanın biznesini qiymətləndirir və 3000 AZN vəsaitin verilməsi üçün riskləri təhlil edərək kredit təklifini hazırlayır. Borcalan eyni zamanda 3000 AZN məbləğ üçün B bankına da müraciət edir və B bankının işçisi də gəlib biznesi təhlil edir və müştərinin 3000 AZN-i vaxtlı vaxtında geri qaytara bilmə qabiliyyətini qiymətləndirərək kredit təklifi hazırlayır. Borcalan hər iki bankdan 3000 AZN kredit götürür. İndi gəlin, riski təhlil edək. Müştərinin biznesi 3000 AZN kredit məbləğini ödəmək qabiliyyətində olduğu halda A və B bankının bir-birilə rəqib olması və qarşılıqlı əməkdaşlıqlarının olmaması səbəbindən hər iki bankın krediti ciddi risk altında qalmış olur. Çünki hər iki bank müştərinin dövriyyəsində olan eyni mal qalığı və inventarlarını girov olaraq qeyd edib. Beləliklə də, banklar öz vəsaitlərini ciddi riskə atmış olurlar. Kredit mütəxəssisləri qarşılarına qoyulmuş planların icrası üçün məcburən kənar paralel kreditləşmə risklərini göz altına almadan kreditləşmə aparır, bəzən kredit planının icrası məqsədilə bilərəkdən digər mənbələrdən olan kredit borcları haqqında məlumat toplamırlar, bu isə öz novbəsində kreditin geri ödənilməmə risklərini artırmış olur.
Kredit analizi üzrə bir çox nəzəriyyələrdə potensial müştərilərin ödəniş qabiliyyətinə görə seqmentləşdirilməsində “müştəri piramidası” anlayışından istifadə edilir. Bu yanaşmaya əsasən, nümunəvi müştəri müştəri piramidasının üst hissəsini təşkil edir. Banklar və kredit təşkilatları daha çox müştəri cəlb etmək üçün artıq bu piramidanın ən aşağı qatlarına çatıblar ki, bu hissədə olan borcalanlar həm ödəniş qabiliyyəti, həm də maliyyə idarəetməsi çox zəif, kredit riski isə yüksək olan kateqoriyadır. Bu cür insanların kreditləşdirilməsi isə sonda mövcud bazarda müştəri intizamını pozur və normal ödəniş edən müştərilərə pis nümunə yaranır.
Möhkəm girov təminatı olmayan kreditlərin idarə edilməsində kredit monitorinqinin əhəmiyyəti çox yüksəkdir. Bu gün əksər bank və kredit təşkilatlarında kredit mütəxəssisləri planların icrasını və daha çox kredit verməyi qarşılarına məqsəd qoyaraq kredit monitorinqini unudurlar. Bu özü də kifayət qədər risk yaradır. Artıq bir çox bank və kredit təşkilatlarında kredit mütəxəssislərinin işdən getməsi və yeniləri ilə əvəz olunması halları xeyli artıb. Bu, kredit mütəxəssislərinin bir müddət analiz aparmadan yüksək riskli kreditlər verməsi, əvəzində maksimum bonus alması və gecikmələrin artması zamanı isə ərizə verərək başqa yerdə özünə iş tapması şəklində baş verir. Göründüyü kimi kredit mütəxəssisi analiz aparmadan bankın vəsaitlərini riskli aktivlərə yerləşdirir və çətinlik yaranan kimi ərizə verib heç bir məsuliyyət daşımadan işdən gedir. Biz qaydalarımızı asanlaşdırmaqla yenə də risklərimizin artmasının şahidi oluruq.
Beynəlxalq bank praktikasında bu cür risklərdən bankların qorunması çox da çətin deyil. Əksər inkişaf etmiş ölkələrdə kredit reyestr xidməti fəaliyyət göstərir və banklar borcalanların maliyyə vəziyyəti haqqında informasiyanı çox rahat şəkildə əldə edirlər. Eləcə də, biznes sahələrinin tam leqal şəkildə fəaliyyət göstərməsi nəticəsində müştərilərin dövriyyəsi və balansı ilə bağlı məlumatları əldə etmək bank üçün asan olur. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 3 Noyabr 2004-cü il tarixli qərarı ilə Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında qaydalar təsdiq edilib və Azərbayan Mərkəzi Bankı daxilində təşkilati struktura malik olmayan məlumat bazası şəklində Mərkəzləşdirilmiş Kredit Reyestri yaradılıb. Nəzəri baxımdan həm cəmiyyətin, həm də iqtisadiyyatın sütunu sayılan bank sistemi üçün ciddi əhəmiyyət daşıyan bu reyestrin işlək mexanizmə çevrilməsi, eləcə də reyestr iştirakçılarının banklarla məhdudlaşdırılmaması yuxarıda qeyd olunmuş risklərin minimuma endirilməsinə səbəb ola bilər. Əks halda kredit təşkilatlarının mərkəzi kredit reyestrinə çıxışını məhdudlaşdırmaqla 250 milyon ABŞ dollarından artıq mikrokredit portfelini risk altında qoymuş oluruq. Fikrimcə, bu istiqamətdə həm Azərbaycan Banklar Assosiasiyasının, həm də Azərbaycan Mikromaliyyə Assosiasiyasının görəcəyi işlər də az deyil.
Bundan başqa, paralel kreditləşmə risklərinin aradan qaldırılması üçün bank və kredit təşkilatlarında prosedur riskləri tanınmalı və kredit rəsmiləşdirilməsi prosedurlarına diqqət edilməlidir. Kredit monitorinqləri idarə olunmalı, banklarda kreditlərin auditi prosesi təkmilləşməlidir.
Bu cür risklərin aradan qaldırılması üçün beynəlxalq bank təcrübəsində məhkəmə orqanları ilə aktiv işin qurulması da xüsusi əhəmiyyətə malikdir. Əksər ölkələrdə kredit borcunu ödəməyən şəxslərlə bağlı məhkəmə prosedurlarının icrası prosesi çox səmərəli şəkildə qurulub. Belə ki, şəxsin mülkiyyətində olan əmlakın satılması, hesablarına həbs qoyulması və hətta azadlıqdan məhrumetmə kimi tədbirlərlə bağlı məlumat verərək paralel kredit götürülməsi cinayət əməli hesab olunur və bununla bağlı məhkəmə orqanları tərəfindən sərt addımlar atılır. Təəssüf hissi ilə qeyd etməliyəm ki, hazırda ölkəmizdə bu məsələ bankların əsas problemidir. Belə ki, əksər hallarda məhkəmə orqanları tərəfindən verilmiş qərarların icra olunmaması yuxarıda qeyd etdiyimiz kimi bazar üçün ciddi risklər yaradır və pis nümunə olur.
0 Komment
Şərh yazın