Baş ofisdən daxil olan vəsaitə hansı hallarda ƏDV və sadələşdirilmiş vergi hesablanır?
Sual: - Xarici ölkənin Azərbaycandakı nümayəndəliyinə vəsait daxil olub. Həmin vəsait baş ofisdən təşkilatın inkişafı naminə ayrılıb. Bu zaman həmin məbləğə ƏDV və ya sadələşdirilmiş vergi tətbiq edilir? Hansı hallarda xaricdən daxil olan vəsait üzrə vergi öhdəliyi yaranır?
Cavab: Hər hansı verginin hesablanması üçün ilk növbədə vergitutma obyekti yaranmalıdır. ƏDV məqsədləri üçün vergitutma obyekti Vergi Məcəlləsinin 159-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə diqqətlə nəzər yetirsək görərik ki, vergitutma obyekti üçün əsasən hər hansı mal, iş, xidmət təhvil verilməlidir. Baş ofisdən əvəzsiz və yaxud da nümayəndəliyin inkişafı üçün daxil olan vəsait ƏDV-nin obyekti deyil. Çünki burada mal, iş, xidmət təhvil verilməsi halı yaranmır. Yəni, bu məbləğə ƏDV hesablanılmır.
İndi isə analoji halın sadələşdirilmiş vergitutma obyekti olub-olmamasına baxaq. Bu, Vergi Məcəlləsinin 219-cu maddəsilə tənzimlənir.
Maddə 219. Vergitutma obyekti
219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.1.1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi vergitutma obyektidir.
219.1-1. Bu Məcəllənin 218.1.1.1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyektidir.
219.1.2. Mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla, tikilən binanın ümumi sahəsi (dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla) vergitutma obyektidir.
219.2. Sadələşdirilmiş vergini ödəyən (bu Məcəllənin 218.1.1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla) hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyildirlər.
219.2.1. bu Məcəllənin 218.1.1.2-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər mənfəət vergisinin və əmlak vergisinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisinin ödəyicisi deyildirlər.
Maddədən aydın olur ki, vergitutma obyektinin yaranması üçün əsasən mal, iş xidmət olmalıdır. Bizim sualımızda belə hal olmadığından sadələşdirilmiş vergi ödəmək öhdəliyi yaranmır. Amma burada başqa bir məqam - satışdankənar gəlir anlayışı var. İndi isə Məcəllədə satışdankənar gəlirin açılışını verən 13-cü maddəyə baxaq:
13.2.12. Satışdankənar gəlirlər — digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri.
Baş ofis vəsaiti sizə əvəzsiz olaraq veribsə, onda bu məbləğ mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlir kimi qiymətləndirilə və sadələşdirilmiş vergiyə cəlb oluna bilər. Yox, əgər alınan vəsait nümayəndəlikdə baş ofisin maraqlarını təmin etmək üçün hər hansı bir xərclərin örtülməsi, baş ofisin inkişafı naminə xərclənirsə və baş ofis bunu xərc kimi qəbul edirsə, artıq bu zaman sadələşdirilmiş vergi hesablanılmır. Çünki bu halda gəlir formalaşmır.
0 Komment
Şərh yazın