Borcun ümidsiz olduğu necə sübut etməyin misalla izahı
Sual: Ümidsiz debitor borclar mənfəət bəyannaməsində necə əks olunmalıdır və bu zaman hansı təsdiq edici sənədlər tələb olunur? Başqa sözlə desək, xərc kimi tanımaq üçün hansı sənədləşmələrlə sübut etməliyəm ki, borc ümidsizdir.
Turan İbrahimov
Cavab: Bu sual çox aktual və maraqlı bir məsələyə həsr olunub. Təcrübədə ümüdsüz borclarla bağlı vergi orqanları ilə müxtəlif problemlər yaşanır. İlk növbədə blidirim ki, aparılan əməliyyatlar müvafiq razılaşma əsasında olmalıdır. Və həmin razılaşmaya əsasən də hüquqi addımlar atılmalıdır. Məsələn, AA firması VV firmasından mal alıb. Razılaşmaya görə, mal alınandan 1 ay sonra onun məbləği ödəniləcək. Amma AA firması malın dəyərini 3 ildir ki, ödəmir. Bununla bağlı onların arasında bir çox yazışmalar və nəhayət, məhkəmə çəkişməsi olur. Məhkəmə də 1 il yarım davam etdikdən sonra qərar çıxarır ki, AA firmasının borcun yarısını ödəmək imkanı var və yerdə qalan məbləğ ödənilməyəcək.
Misalın tam açıqlamasını verməzdən əvvəl Mülki Məcəllənin və Vergi Məcəlləsinin iki maddəsinə nəzər yetirək.
Mülki Məcəllədən çıxarış
Maddə 373. İddia müddətləri
373.1. Ümumi iddia müddəti on il təşkil edir.
373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.
Vergi Məcəlləsinindən çıxarış
Maddə 111. Ümidsiz borcların gəlirdən çıxılması
111.1. Əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir.
111.2. Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.
Aydın olur ki, Vergi Məcəlləsinə əsasən, ümüdsüz borc gəlirdən çıxıla bilər. Amma əvvəl baxaq görək onun ümidsüz olmasını nə təsdiqləyir. Yuxarıda qeyd etdiyimiz kimi bu kimi proseslər təcrübədə adətən məhkəmənin qərarı ilə yekunlaşır. Misalımızın nəticəsi kimi VV firması borcunun ala bilmədiyi yarısını ümidsiz borc kimi silə bilər. İndi isə fərz edək ki, məhkəmə borcun tam olaraq ödənilməsi barədə qərar çıxarıb və məhkəmə icraçıları bunu yerinə yetirməlidir. Bu halda isə VV firması borcu silə bilməz. Demək istəyirəm ki, bütün çəkişmələr sonda məhkəmə yolu ilə həll olunduğundan, borcun ümidsüz olub-olmaması məhkəmənin qərarından asılıdır.
Sualınıza əlavə kimi bir məsələni də qeyd edim ki, “ümidsüz borc” anlayışı kimi “iddia müddəti keçmiş kreditor borcları” anlayışı da var. Mülki Məcəllənin yuxarıdakı maddəsini məhz buna görə təqdim etmişik. Vergi Məcəllsinin 13-cü maddəsinə görə, iddia müddəti keçmiş kreditor borcları satışdankənar gəlirə aid edilir.
İndi isə hesab edək ki, AA firmasının VV firmasına kreditor borcu olsa da, borcun yarandığı vaxtdan tərəflər arasında heç bir rəsmi yazışma apaılmayıb, ödəniş barəsində razılıq əldə edilməyib. Bu halda 3 ildən sonra AA firması həmin məbləği hesabatlarında gəlir kimi göstərməlidir. İddia müddəti isə Mülki Məcəllə ilə tənzimlənir.
Göründüyü kimi, borcun ümüdsüz borc kimi silinməsi çətin məsələ olsa da, iddia müddəti keçmiş kreditor borcun gəlirə aid edilməsi çox asandır.
Sualın ikinci hissəsinə gəlincə, ümüdsüz borc mənfəət vergi bəyənnaməsinin xərclər hissəsinin 225-ci sətrində, iddia müddəti keçmiş kreditor borcları isə gəlirlər hissəsinin 208-ci sətrində əks olunur.
0 Komment
Şərh yazın