2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinin 140-ci maddəsindən "İcarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz" bəndi çıxarılıb. Bəndin ləğv edilməsinə səbəb bu il yanvarın 1-dən maliyyə lizinqi ilə bağlı vergi ödəyicisi üçün yüngülləşdirici halın maddəyə əlavə edilməsidir. Belə ki, Vergi Məcəlləsinin 140.7-ci maddəsinə əlavə olunmuş cümləyə əsasən, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan bu müqavilə üzrə hüquq və öhdəliklərini digər şəxsə təqdim etdiyi halda, lizinq verənlə yeni alıcı arasında yaranan münasibətlər maliyyə lizinqi sayılır və əvvəlki maliyyə lizinqi müqaviləsinin davamı hesab edilir.
Misal 1: Vergi ödəyicisi nəqliyyat vasitəsini "A" müəssisəsinə, lizinq müqaviləsinə uyğun olaraq, 10 il müddətinə icarəyə verib. 4 ildən sonra iki tərəf lizinq müqaviləsi üzrə hüquq və öhdəlikləri "B" müəssisəsinə təqdim edir. Bu halda həmin proses maliyyə lizinqi müqaviləsinin davamı hesab ediləcək. Qeyd edək ki, son dəyişikliyədək vergi ödəyicisinə bu cür şans tanınmırdı.
Lizinqlə bağlı digər dəyişiklik isə Vergi Məcəlləsinin 140.2.3-cü maddəsindəki "əmlakın qalıq dəyəri" ifadəsinin aydınlaşdırılmasıdır. Dəyişikliyə qədər Vergi Məcəlləsinin 140.2.3-cü maddəsinə əsasən icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən az olduqda lizinq hesab edilirdi. Yeni dəyişiklikdən sonra artıq Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilmiş müəsissənin əmlakının qalıq dəyəri Vergi Məcəlləsinin 140.2.3-cü maddəsində əsas götürüləcək.
Digər dəyişikliklər maliyyə lizinqinə vaxtından əvvəl xitam verilməsini və müvafiq bəyannamənin təqdim olunmasını tənzimləyir. Vergi Məcəlləsinə əlavə edilmiş 140.7-ci maddəyə əsasən, maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əməliyyat bu Məcəllənin 140.2-ci maddəsinin tələblərinə cavab vermədiyi təqdirdə, belə əməliyyat əmlakın icarəyə verilməsi olmaqla maliyyə lizinqi hesab edilmir.
Misal 2: Vergi ödəyicisi qarşı tərəflə 5 illik lizinq müqaviləsi bağlayıb, 50.000 manatlıq nəqliyyat vasitəsi təqdim edib. Tərəflər lizinq müqaviləsinə vaxtından əvvəl, 3-cü ildə xitam veriblər. Bu zaman Vergi Məcəlləsinin 140.7-ci maddəsinə uyğun olaraq əmlakın icarəyə verilməsi maliyyə lizinqi hesab edilmir.
Maliyyə lizinqi hesab edilmədiyi halda, adi icarə müqaviləsində ƏDV öhdəliyi yarandığı üçün Vergi Məcəlləsinin 140.7-ci maddəsində bəyannamələrin təqdim olunması halına da aydınlıq gətirilib. Həmin maddəyə əsasən, bu zaman bu Məcəllənin 72.4-1-ci maddəsinə uyğun olaraq vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.
Misal 3: Vergi ödəyicisi, lizinq müqaviləsinə əsasən, 1 yanvar 2024-cü il tarixdən 30.000 manatlıq nəqliyyat vasitəsini qarşı tərəfə təqdim etsə də 2024-cü ilin aprel ayında müqaviləyə xitam verildiyi üçün lizinq müqaviləsi hesab edilmir. Bu halda vergi ödəyicisinin 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim etməsinə ehtiyac yoxdur. Vergi ödəyicisi aprel ayında təqdim edilən ƏDV bəyannaməsində əməliyyatın xarekterinin dəyişməsi səbəbindən dəqiqləşdirilən dövriyyəni qeyd edəcək.
Misal 4: Vergi ödəyicisi, lizinq müqaviləsinə əsasən, 1 yanvar 2024-cü il tarixdən 30.000 manatlıq nəqliyyat vasitəsini qarşı tərəfə təqdim etsə də 2024-cü ilin aprel ayında həmin lizinq müqaviləsi üzrə öhdəliyi üçüncü tərəfə ötürür. Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan bu müqavilə üzrə hüquq və öhdəliklərini digər şəxsə təqdim etdiyi halda, lizinq verənlə yeni alıcı arasında yaranan münasibətlər maliyyə lizinqi sayılır və əvvəlki maliyyə lizinqi müqaviləsinin davamı hesab edilir. Bu səbəbdən də vergi ödəyicisinin aprel ayının ƏDV bəyannaməsində hər hansı dəqiqləşdirmə aparmasına ehtiyac olmayacaq.
Mənbə: “Vergi qanunvericiliyi və şərhlər toplusu” kitabı
0 Komment
Şərh yazın