Azərbaycan vətəndaşların sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında İranla imzalanmış memorandumu ləğv etdi
Milli Məclis Azərbaycan ilə İran arasında sərhədyanı rayonlarda yaşayan hər iki ölkənin vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında memorandumu ləğv edib.
Trend-in məlumatına görə, Milli Məclis çərşənbə axşamı keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında" memorandumu ləğv edib.
Bu məsələni təqdim edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu memorandumun əsasında SSRİ ilə İran arasında imzalanmış sərhəd rejiminin tənzimlənməsinə dair qaydalar olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan və İran arasında dostluq münasibətlərini nəzərə alaraq bu memorandum imzalanmışdı. Lakin bu sənədin bəndləri SSRİ qaydalarına müvafiq idi. Son illər ərzində Azərbaycanın qanunvericiliyinin kifayət qədər inkişaf etməsi səbəbindən bütün ölkələrlə müasir qaydalara uyğun viza, miqrasiya məsələləri tətbiq olunur.
"Bu memorandumun ləğvindən sonra, ola bilsin, hansısa qüvvələr bunu siyasiləşdirməyə cəhd göstərəcək, lakin Azərbaycan bütün digər dövlətlərlə mövcud olan vahid hüquqi rejim yaradır", - Hüseynli deyib.
Memorandum iki dövlət arasındakı sərhəd xəttindən hər iki tərəfə 45 km enində yerləşən sərhədyanı rayonlarda yaşayan tərəflərin dövlətlərinin vətəndaşlarına şamil edilirdi.
Qeyd edək ki, sənədə əsasən sərhədyanı rayonlarda daimi yaşayan Azərbaycan vətəndaşları sadələşdirilmiş qaydada İrana səfər etmək üçün xüsusi qeydlər səhifəsində sərhədyanı rayonlarda daimi yaşamaları barədə Azərbaycan və ingilis dillərində "qeyd" aparılan ümumvətəndaş pasportları əsasında sərhədi keçə bilərdilər, sərhədyanı rayonlarda daimi yaşayan İran vətəndaşları isə sadələşdirilmiş qaydada Azərbaycana səfər etmək üçün qəbul olunmuş formada fars və rus dillərində tərtib olunan "sərhəd keçidlərinə dair sertifıkat" əsasında sərhədi keçmək hüququna malikdirlər.
Milli Məclis, həmçinin "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında" Memorandumun təsdiq edilməsi barədə" 2006-cı il 1 mart tarixli qanunu da ləğv edib.
Parlament iclasında bir sıra digər hökumətlərarası sənədlər ratifikasiya olunub. Bunlar "Azərbaycan və Türkiyə arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında" Saziş, Azərbaycan - Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsinin fəaliyyətinin nizamlanması haqqında" Protokol, "Azərbaycan və Türkiyə arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında" Saziş, Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi, həmçinin Azərbaycan və Belarus arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında, lizinq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması haqqında sazişlərdir.
0 Komment
Şərh yazın