Azərbaycan prezidenti: “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə həm inzibati, həm də cəza tədbirləri gücləndirilməlidir”

Azərbaycan prezidenti: “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə həm inzibati, həm də cəza tədbirləri gücləndirilməlidir”

“Bu il və gələn il əmanətlərin qaytarılması prosesi aparılacaq, əlbəttə inflyasiyaya daha da böyük təkan verə biləcək amillər də olacaq. Əlavə yükdür, 1 milyard manata yaxın vəsait dövriyyəyə buraxılacaq. Elə etməliyik ki, istehsal qiymətlərinə nəzarət daha da güclü olsun”

Prezident nəzarətin güclənməsinin istehsal qiymətlərinin səviyyəsini sabit saxlamağa imkan verdiyini bildirib. Onun sözlərinə görə, müvafiq qurumların ənənəvi bayram ərəfəsində qiymətlərin qalxmaması üçün gördükləri tədbirlər də bəhrəsini verir:“Əvvəlki illərdə bayram ərəfəsində qiymətlər qaldırılırdı və bayramdan sonra da enmirdi. Hər ildə ən azı iki dəfə qiymətlər süni şəkildə şişirdilir. Biz bu xoşagəlməz meyillərlə ciddi mübarizə aparırıq və aparacağıq. Qiymətləri süni şəkildə şişirtmək istəyənlərə qarşı mübarizə daha ciddi olmalıdır. Onlara qarşı cəza tədbirləri daha da təsirli olmalıdır”.

Prezident təqaüd islahatlarının bundan sonra da aparılacağını deyib: “Hazırda Azərbaycanda orta pensiyanın səviyyəsi 150 manat və ya 190 dollardır. Orta maaş 370 manat, yəni 470 dollardır. Bu, artır, getdikcə daha da artacaq və beləliklə, qiymətlərin normal səviyyədə qalmasına daim diqqət göstərilməlidir”.

Ölkədə maaş və təqaüdlərin əsasən plastik kartlarla ödənildiyini deyən ölkə başçısı lakin vəsaitin daha dərhal nağd halda çıxarıldığını bildirib. Bunun birinci səbəbi psixolojidirsə, ikinci səbəb həmin kartla əksər yerlərdə alış-veriş etməyin mümkünsüzlüyüdü: “Posterminallar olmadığı üçün bu kartlar sadəcə olaraq bir funksiyanı daşıyırdı ki, pensiyaların, əməkhaqlarının verilməsi zamanı xoşagəlməz hallara son qoyulsun.

Çünki hamımız yaxşı xatırlayırıq ki, əvvəllər maaş, pensiya kassirlər vasitəsilə verilirdi və xoşagəlməz hallar kifayət qədər çox idi. Əslində bu, bir ənənəyə çevrilmişdi. Hər bir maaş alan özünü borclu hesab edirdi ki, kassirə maaşından pul versin. Nə üçün o pulu verməli idi?! O, kassirin babasının puludur?! O, dövlətin puludur. Ancaq bir ənənə yaranmışdı və bu, geniş vüsət almışdı. Biz hamımız bunu yaxşı bilirik. Maaşların, pensiyanın plastik kartlarla verilməsi buna son qoydu”.

Ölkə başçısı deyib ki, vəsaitin kartla verilməsi həm də ölkədə nağdsız ödəmələrin genişlənməsinə yol açmalıdır, bunun üçün isə posterminalların geniş tətbiq edilməsinə ehtiyac var.

Prezident korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin ciddi aparılmasının vacibliyini bildirib: “Həm inzibati, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir”.

Elektron xidmətlərin geniş tətbiq edilməsinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə böyük amil olduğunu deyən prezident İlham Əliyev bütün qurumların elektron xidmətlər göstərməsi üçün sərəncam imzalandığını xatırladıb: “Mənə bu yaxınlarda verilən arayışa görə, heç də hər yerdə bu, belə deyil. Elə qurumlar, nazirliklər var ki, tam şəkildə elektron xidmətləri göstərirlər. Məndəki siyahıda elə qurumlar var ki, elektron xidmətləri qismən göstərirlər. Elə qurumlar da var ki, ümumiyyətlə, elektron xidmət göstərmirlər. Mən o qurumların adlarını hələ ki, çəkmək istəmirəm, iki həftə vaxt verirəm, hər bir dövlət qurumunda elektron xidmət yaradılmalıdır. Mənim sərəncamlarım şərtsiz və yubanmadan icra edilməlidir. Sərəncam verilir və hər kəs bilməlidir ki, sərəncamın icrasına nəzarət də var və bu nəzarət güclüdür”

 

az.apa.az

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər