
Yaşayış minimumunun dəyişməsi əməkhaqqıdan gəlir vergisinin tutulmasına necə təsir edəcək
"MK" jurnalının 51-ci sayında verilən misalla izah saytımızda
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” və “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanunlarını imzalayıb.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilib. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilib.
Hər iki qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
Bildiyimiz kimi, ikinci dəyişiklik Vergi Məcəlləsi ilə birbaşa əlaqəlidir. Belə ki, Vergi Məcəlləsinin 102.1.6-ci maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 200 manatadək olduqda, əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 2400 manatadək olduqda, əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır. Qeyd edək ki, 01 yanvar 2013-cü il tarixdən Vergi Məccəslinin bu maddəsində “minimum əmək haqqı”sözü bu “əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumu” sözü ilə əvəz edilib. Yaşayış minimumunun məbləği 2013-cü il üçün əmək qabiliyyətli əhali üçün 125 manat təşkil edir.
İndi misallarla bu dəyişikliyi izah edək:
Hazırda işçi əsas iş yerində 180 manat alırsa, onun əməkhaqqından gəlir vergisi 7,70 ((180-125)x14%) manat və sosial ayırma 5,40 (180x3%) olduğundan işçinin əldə edəciyi məbləğ 166,90 (180-7,70-5,40) olacaq. 01 yanvar 2014-cü ildən sonra 180 manat əməkhaqqı alan işçinin alacağı məbləğ 168,44 manat olacaq. Belə ki, artıq gəlir vergisi 7,70 manat yox 6,16 ((180-136)x14%) manat olacaq.
Bir məsələni qeyd edək ki, bu cür hesablama yalnız işçinin əsas iş yerində aldığı əməkhaqqının hesablanmasına aiddir. Əvəzçiliklə işləyən işçinin əməkhaqqından gəlir vergisi hesablandıqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumu qədər güzəşt tətbiq olunmur.
0 Komment
Şərh yazın