
Vergilər Nazirliyinə səyyar yoxlama ilə bağlı maraqlı sual
"Mənə bu gün yeni bildiriş gəlib, yoxlanılan 3 ildən son bir ilinin sənədlərin istəyirlər, yenidən audit yoxlaması üçün. Bilmək istəyirəm bu nə qədər doğrudur? Axı aktımı almışam, bu necə ola bilər?"
Sual: Salam. Mən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsəm. Bankda hesabım var, 2 ay bundan öncə məndə 3 illik audit yoxlaması olub, aktımı almışam, cəriməmi ödəmişəm. Mənə bu gün yeni bildiriş gəlib, yoxlanılan 3 ildən son bir ilinin sənədlərin istəyirlər, yenidən audit yoxlaması üçün. Bilmək istəyirəm bu nə qədər doğrudur? Axı aktımı almışam, bu necə ola bilər? Bu barədə cənab prezidentin bu il təsdiq etdiyi qanun var, axı yersiz yoxlamalar haqqında. 6 ay ərzində 2 dəfə audit yoxlaması aparıla bilərmi? Aparılarsa bu nə dərəcədə doğrudur, doğrudursa bu qanun nəyə lazım idi qəbul olundu. Çox sağ olun.
Eldost Mehdizadə
Cavab: İlk öncə nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir (Vergi Məcəlləsi, maddə 23.1).
Vergi Məcəlləsinin 36-cı maddəsinin müddəalarına uyğun olaraq vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.
Vergi Məcəlləsinin 38-ci maddəsinin müddəalarına əsasən səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.
Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir.
Növbəti səyyar vergi yoxlaması ildə bir dəfədən çox olmayaraq keçirilir və 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər.
Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:
- verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə;
- vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə;
- ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər;
- artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda;
- vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə;
- Cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda;
- Vergi Məcəlləsinin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə;
- vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda.
Göründüyü kimi, növbəti səyyar vergi yoxlaması ildə bir dəfədən çox olmamaqla, növbədənkənar səyyar vergi yoxlaması isə yuxarıda sadalanan hallardan biri olduqda həyata keçirilə bilər.
Əlavə olaraq onu da bildiririk ki, vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən vergi yoxlamaları üzrə məhkəməyə müraciət etmək hüququ vardır (Vergi Məcəlləsi, maddə 36.6).
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın