
VÖEN olmayan şəxsdən mal aldıqa və ya xidmət haqqı ödədikdə nə etməli?
Vergilər Nazirliyi bu məsələsinin qanunvericiliyə uyğun tərəfini izah edir..
Sual: Salam, hörmətli vergi işçiləri. Vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan fiziki şəxslər tərəfindən aparılan malların satış əməliyyatları zamanı hansı vergi öhdəliklər yaranır? Həmin əməliyyatlar (Dərnəgül bazarından) bir dəfə olmaqla alış aktı ilə sənədləşdiriləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm. Şahin Həmzəyev
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödənildikdə həmin ödənişlərdən ödəmə mənbəyində vergi tutulmalı, həmin şəxslərdən mal-material və ya əmlak alındıqda isə onlardan ödəmə mənbəyində verginin tutulması isə Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Bununla belə, Vergi Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq ödəmələri aparan şəxslər qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər barədə vergi orqanlarına məlumat verməlidirlər. Odur ki, vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan, VÖEN təqdim etməyən şəxslərdən alınmış mallara (əmlaka) görə ödənilən məbləğlərdən ödəmə mənbəyində vergi tutulmasa da bu ödənişləri aparan şəxslər tərəfindən ödənilmiş məbləğlər barədə Vergi Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq vergi orqanına məlumat verilməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi öhdəlikləri ilə əlaqədar nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətinə başladığı günədək yaşadığı yer üzrə vergi orqanında vergi uçotuna durmalıdırlar. Mövcud qanunvericiliyə əsasən vergi orqanlarında qeydiyyatdan keçmədən və ya xüsusi razılıq tələb olunan sahələrdə bu razılıq olmadan gəlir götürmək məqsədi ilə fiziki şəxs tərəfindən göstərilən fəaliyyət qanunsuz sahibkarlıq fəaliyyəti sayılır və müvafiq olaraq Vergi Məcəlləsinə və Cinayət Məcəlləsinə əsasən məsuliyyətə səbəb olur. Odur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir fiziki şəxs qanunla müəyyən edilmiş müddətdə vergi orqanında vergi uçotuna dayanaraq Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq mövcud qanunvericiliyin tələblərinə uyğun sahibkarlıq fəaliyyətini həyata keçirməli, vergi uçotuna durarkən seçdiyi vergitutma sisteminə uyğun olaraq müvafiq vergiləri hesablamalı, bəyan edilməklə hesablanmış vergiləri dövlət büdcəyə ödəməlidirlər. Əks halda onlara qarşı Vergi Məcəlləsinə və Cinayət Məcəlləsinə əsasən müvafiq məsuliyyət tədbirləri tətbiq edilə bilər. Əlavə olaraq xatırladaq ki, Vergi Məcəlləsinin 66-cı maddəsinə əsasən qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın