Bazar ertəsi, 25 İyul 2022 07:06

Əmək münasibətlərinə xitam zamanı işçinin məzuniyyət hüququ necə tənzimlənir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 143-cü, “Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi” maddəsinin birinci hissəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 

Əmək Məcəlləsinin 143-cü maddəsində qeyd edilən Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” ( müəssisə ləğv edildikdə) və “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndi ilə bağlı Konstitutsiya Məhkəməsinin qərarı mövcuddur.

Konstitusiya Məhkəməsinin 23 fevral 2000-ci il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25, 37-ci maddələrinə və 149-cu maddəsinin I hissəsinə uyğunluğu haqqında” qərarında qeyd edilir: “Yuxarıda göstərildiyi kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndi müəssisənin ləğv edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutur. Müəssisənin ləğv edilməsi işçinin təqsiri üzündən deyil, işəgötürənin fəaliyyəti ilə bağlı olduğundan, bu əsaslarla əmək münasibətlərinə xitam verilərkən işçini onun heç bir təqsiri olmadığı halda məzuniyyət hüququndan məhrum etmək, barəsində cəza tədbirinin tətbiqi kimi qiymətləndirilə bilər.

Qeyd edildiyi kimi, Əmək Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsi işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud əmək vəzifələrini kobud surətdə pozmasını əsas götürərək əmək münasibətlərinə xitam verilərkən ona məzuniyyət verilməsini istisna edir (Məcəllənin 70-ci maddəsinin «ç» bəndi). Belə istisna ona gətirib çıxarır ki, işçi faktiki olaraq iki cəzaya məruz qalır: həm işdən çıxarılır, həm də məzuniyyətdən məhrum olur.

Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulub ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.”

Konstitusiya Məhkəməsi yekun qərarında bildirir ki, Əmək Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsinin, bu məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndləri ilə əlaqədar əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnu məhdudlaşdıran müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 25, 37-ci maddələrinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin.

Beləliklə, işçinin əmək müqaviləsinə hansı əsasla xitam verilməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. Təbii ki, işçilər əmək məzuniyyətindən istifadə etməyərək istifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməsini də tələb edə bilər.

Əmək Məcəlləsinin 143-cü maddəsinin ikinci hissəsinə əsasən, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Şərh yazın