Cümə, 24 İyun 2022 08:59

Vergi Məcəlləsindəki “Şəxs”, “hüquqi şəxs” və “fiziki şəxs” anlayışlarının izahı

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” (II nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 13.2-ci maddəsinə əsasən, Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

Şəxs - istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi (Maddə 13.2.1.).

Vergi Məcəlləsində “şəxs” anlayışı qeyd edildikdə, ümumi şəkildə vergi ödəyicisi olan və olmayanlar nəzərdə tutulur.  Misal üçün, Məcəllədə “bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər” ifadəsindən istifadə edilirsə, deməli bu fəaliyyətlə məşğul olan həm fiziki, həm də hüquqi şəxslər nəzərdə tutulur.

Hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq huquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar (Maddə 13.2.2.).

Mülki Məcəllənin “Hüquqi şəxs anlayışı və onun növləri” adlı 43-cü maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

Maddədən göründüyü kimi, hüquqi şəxslər dövlət qeydiyyatından keçməlidir. Qanunvericiliyə əsasən, hüquqi şəxslərin qeydiyyatı aşağıdakı qurumlar vasitəsilə həyata keçirilir:

Qeyri-kommersiya hüquqi şəxsləri, xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəlikləri - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

Kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəlikləri və publik hüquqi şəxslər -  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti;

dini qurumlar - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi.

Fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı,  əcnəbi və vətəndaşlığı olmayan şəxs (Maddə 13.2.3.).

Vergi Məcəlləsində “fiziki şəxs” məfhumundan istifadə etdikdə, yalnız vergi orqanlarında qeydiyyata alınaraq VÖEN-i olan şəxslər yox, ümumilikdə ölkəmizin vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs başa düşülür.

Miqrasiya Məcəlləsinin 3.0.1-ci maddəsinə əsasən, əcnəbi dedikdə, Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs başa düşülür. Maddədən göründüyü kimi, əcnəbi şəxs mütləq olaraq hər hansı xarici ölkənin vətəndaşı olmalıdır.

Vətəndaşlığı olmayan şəxs dedikdə isə, Miqrasiya Məcəlləsinin 3.0.2-ci maddəsinə əsasən,  heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs başa düşülür. Vətəndaşlığı olmayan şəxsin əcnəbindən fərqi odur ki, o heç bir ölkəni təmsil etmir.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın