MKS Academy 22 fevral 2025-ci il tarixdə (şənbə günü), saat 11:00-14:00 aralığında “Fərqli iş rejimləri və əmək haqqının hesablanması: ƏMAS-da əks etdirilməsi” mövzusunda onlayn tematik təlim keçirəcək. Təlimdə iştirak etmək üçün 050-368-12-72 saylı (what’s app da aktivdir) telefonla əlaqə saxlaya bilərsiniz.
Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, müəssisə - mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçidir. Bəs müəssisənin mülkiyyətçisinin dəyişdiyi hallarda içilərin hansı təminatları vardır? “vergiler.az”ın sualına insan resusrları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova aydınlıq gətirir.
Əmək Məcəlləsinin 32-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisinin dəyişdiyi və ya müəssisə ləğv edildiyi hallardan başqa müəssisədə təşkilati-struktur dəyişikliklərin edilməsi, işəgötürənlə əmək müqaviləsinə xitam verilməsi, eləcə də həmkarlar ittifaqları təşkilatının fəaliyyətinə xitam verilməsi və ya fəaliyyətinin dayandırılması kollektiv müqavilənin hüquqi qüvvəsinin itirilməsinə səbəb olmur. Müəssisənin mülkiyyətçisi dəyişdikdə kollektiv müqavilə üç ay müddətində qüvvədə qalır. Bu müddət ərzində tərəflər yeni kollektiv müqavilə bağlamaq və ya əvvəlkini qüvvədə saxlamaq, ona əlavələr və dəyişikliklər edilməsi məqsədilə danışıqlara başlamalıdırlar.
Əmək Məcəlləsinin 63-cu maddəsini əsas götürərək müəssisənin mülkiyyətçisi dəyişdikdə mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır.
Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilə və ya Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər.
Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndi ilə əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə Məcəllənin 77-ci maddəsinə əsasən orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət ödəməlidir. Orta aylıq əməkhaqqını hesabladıqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı əsas götürülür.
İşçinin orta aylıq əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
Mülkiyyətçinin dəyişməsi zamanı əmək müqaviləsinə xitam verildikdə ödənilən müavinət gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır. Vergi Məcəlləsisinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı səbəbindən əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.
“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində isə göstərilib ki, müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlirlərə aiddir.
Misal: Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar baş mühasib (vəzifə maaşı 2.000 manat) işdən çıxarılır. İşdən çıxan aydan əvvəlki aylarda əməkhaqqı hər iki ayda 2.000 manat təşkil edib. Bu halda müavinəti aşağıdakı kimi hesablanacaq:
(2.000 + 2.000) : 2 = 2000 manat;
2.000 x 3 = 6.000 manat.
Beləliklə, işçiyə müavinət kimi ödəniləcək məbləğ 6.000 manat təşkil edəcək.
Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir.
“Əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi” dedikdə, müvafiq müəssisəyə mülkiyyət hüququ yaranan gündən üç ay ərzində eyni zamanda və ya ayrı-ayrı vaxtlarda işçilərin ümumi sayı:
100 nəfərdən 500 nəfərədək olduqda - onların 50 faizindən çoxunun;
500 nəfərdən 1.000 nəfərədək olduqda - 40 faizindən çoxunun;
1.000 nəfərdən artıq olduqda - 30 faizindən çoxunun yeni mülkiyyətçi və ya onun təyin etdiyi işəgötürən tərəfindən bu Məcəllənin 70, 73 və 75-ci maddələrində müəyyən edilmiş əsaslarla əmək müqavilələrinin ləğv olunması başa düşülməlidir.
0 Komment
Şərh yazın