Əkrəm Həsənov: "Bu gün qanunsuz iş günüdür"

Əkrəm Həsənov: "Bu gün qanunsuz iş günüdür"

Tanınmış hüquqşünas Əkrəm Həsənovun fikrincə, Nazirlər Kabineti müvafiq qərarı ilə qanunun tələblərini pozub. Əkrəm Həsənovun sosial şəbəkədəki ardıcıl 7 iş günlə bağlı statusunu təqdim edirik:  "Bu gün ardıcıl 7-ci iş günüdür. Bu qanunsuzdur. Xatırladıram ki, Nazirlər Kabinetinin 28 noyabr 2024-cü il tarixli 499 saylı Qərarı ilə 28-29 dekabr günləri iş günü elan olundu ki, öz növbəsində 30 dekabr və 3 yanvar qeyri-iş günləri olsun və beləliklə 30 dekabrdan başlayaraq tam qeyri-iş həftəsi olsun. Bir tərəfdən, bu, insanlara ardıcıl bir həftə istirahət etməyə imkan yaradır. Lakin digər tərəfdən, onları tam bir həftə işləməyə məcbur edir. Bu isə qanuna ziddir.
Belə ki, Konstitusiyamızın 37-ci maddəsinə əsasən işçilərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri verilməsi təmin edilməlidir. Əmək Məcəlləsinin 104-cü maddəsinin 1-ci bəndində isə deyilir: “Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır”. Başqa sözlə, qanun yeddigünlük iş həftəsinə yol vermir. Maksimum altı gün ardıcıl işləmək olar.
Bəli, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci bəndinə uyğun olaraq bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə hökumətin qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər. Lakin bu, o demək deyil ki, belə yerdəyişmə Məcəllənin 104-cü maddəsinə zidd şəkildə həyata keçirilə bilər və nəticədə insanlar ardıcıl 7 iş günü işlədilə bilər. Yəni Məcəllənin 104-cü və 105-ci maddələri arasında heç bir ziddiyyət yoxdur. Bəli, Nazirlər Kabineti iş və istirahət günlərinin yerini dəyişə bilər, amma o şərtlə ki, iş həftəsi maksimum altıgünlük olsun.
Hətta fərz etsək ki, sözügedən maddələr arasında ziddiyyət var, yenə də 104-cü maddənin tələbi üstünlük təşkil edir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.4-cü maddəsinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Təbii ki, 105-ci maddə ümumi normanı təsbit edir: iş və istirahət günlərinin yerinin dəyişdirilməsi üzrə. 104-cü maddə isə xüsusi normanı təsbit edir: konkret olaraq iş həftəsindəki günlərin sayını müəyyən edir. Sağlam məntiqlə də bu belədir. Çünki əks halda belə çıxır ki, guya hökumət sonradan əvəzini verməklə istənilən sayda ardıcıl günləri iş günü elan edə bilər. Bu isə artıq köləlikdir!
Buna görə də Nazirlər Kabineti bizim istirahət hüququmuzu pozub. Necə etməli idi? 28 dekabrı iş günü elan edərək, 29 dekabrdan başlayaraq ardıcıl 5 günü qeyri-iş günləri (2 yanvar daxil) elan etməli idi. 3 yanvar (cümə günü) iş günü olmalı idi, sonra isə yenə şənbə-bazar istirahət günləri. Qanunvericilik əbəs yerə maksimum altıgünlük iş həftəsi tələbini müəyyən etməyib. İnsan, onun orqanizmi və psixikası həftə ərzində azı bir gün istirahət etməlidir.
Yaxud ötən həftənin şənbə günü (21 dekabr) iş günü, bu həftənin bazar ertəsi (23 dekabr) isə istirahət günü olmalı idi. Yəni həm ötən, həm də bu həftə 6 günlük iş həftəsi olmalı idi. Bu halda bugünkü bazarın iş günü olmasında problem olmazdı və ardıcıl 7 gün istirahət edərdik."

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın