Çərşənbə axşamı, 19 İyul 2022 06:27

İşçiyə əmək haqqı mütləq olaraq ayda iki dəfə hissələrlə ödənilməlidir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 172-ci, “Əmək haqqının verilməsi müddətləri” maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

Maddədən göründüyü kimi məcburi tələb əmək haqqının ayda bir dəfə ödənilməsidir. Hətta iş vaxtının cəmlənmiş uçotu üçün qeydiyyat (uçot) dövrü illik götürülsə belə, işçiyə ayda bir dəfədən az olmayaraq əmək haqqı ödənilməlidir.

Mİsal. İşəgötürən və işçinin razılğı əsasında əmək haqqı hər ayın sonuncu günü verilir. Dekabrın 31-i bayram gününə təsadüf etdiyi üçün, əmək haqqı da bayramdan sonra yox, istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərindən əvvəlki gündə verilməlidir.

Aylıq əmək haqqının ayın sonu və ya növbəti ayın ilk günlərində verilməsi ilə bağlı hər hansı tələb yoxdur. Mütləq tarix tələbi işçinin əmək müqaviləsinə xitam verilməsi halına şamil olunur. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

Mİsal.  İşçi ilə işəgötürənin razılaşmasına əsasən, işçinin son iş günü 30 sentyabr 2021-ci il tarixi hesab edilir. İşəgötürən digər işçilərin əmək haqlarını 01 oktyabr 2021-ci ildə ödəyəcəyini nəzərə alaraq, işdən çıxan işçinin əmək haqqını bir gün sonra ödəyir. Əmək qanunvericiliyinin tələblərinə əsaslansaq, işəgötürənin bu addımı qanuna zidd hesab edilir, çünki işçi ilə son haqq-hesab o işdən çıxdığı gün həyata keçirilməlidir.

Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

Mİsal 1. İşəgötürənin günahı ucbatından, yəni əmək haqqını vaxtında hesablamadığı üçün 5 gün ərzində 600 manatlıq əmək haqqı ödənilmir. Bu halda işəgötürən işçiyə 30 manat (600 x 5 gün x 1 faiz) ödənc verməlidir.

Qeyd: Əmək qanunvericiliyində “əmək haqqı işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir.

Mİsal 2.  İşəgötürən işdən çıxan işçiyə 700 manatlıq son haqq-hesabı ödəməkdən imtina edib. Hadisədən 60 gün keçib. İşçi məhkəməyə müraciət etdiyindən, artıq bu halda 1 faizlik ödənc hesablanmır. İşçi məhkəməyə təqdim etdiyi iddia ərizəsində ona dəyən maddi zərəri hesablayıb, işəgötürəndən tələb edir.

Mİsal 3.  İşəgötürən müəssisəyə xidmət edən bankın müflisləşməsi səbəbindən işçilərə 1000 manat əmək haqqı ödənilməsini gecikdirir. Bu halda 1 faizlik ödəncin hesablanması həyata keçirilməyəcək.

Qeyd: İşəgötürənin günahı olmayan hallara müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblər aid edilir.

 

Şərh yazın