Çərşənbə, 01 İyun 2022 05:52

ƏMAS altsisteminin təkmilləşdirilməsi ilə bağlı 11 TƏKLİFİMİZ

Dəyərli həmkarlar, ƏMAS altsistemi ilə bağlı təkliflərinizi bildirin ki, Nazirliyə göndəriləcək rəsmi məktuba əlavə edək...

 “MKS Academy” MMC-nin ekspertləri əmək qanunvericiliyinin aktual məsələləri ilə bağlı dövlət və özəl sektoru təmsil edən mühasiblər və insan resursları mütəxəssisləri üçün mütəmadi təlimlər keçirir. 21 və 30 may 2022-ci il tarixlərində  keçirilən, 50-dən çox şirkəti əhatə edən son iki təlim rəhbərlik etdiyiniz nazirliyin mütəxəssisləri tərəfindən hazırlanaraq yenicə istifadəyə verilmiş “Əmək və Məşğulluq”  altssiteminin (ƏMAS) tətbiqinə həsr olunub.

ƏMAS-ın təkmilləşdirilməsinə töhfə verəcəyinə ümid edərək təlimlərdə səsləndirilən təklifləri ümumiləşdirərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəciyik:  

  1. İşəgötürən tərəfindən struktur bölmələri üzrə (filial, nümayəndəlik, şöbə və sair) səlahiyyət verilən şəxslərə yalnız həmin bölmələrin fəaliyyət dairəsinə daxil olan məsələlər üzrə səlahiyyət və baxış imkanları yaradılsın.

Əsaslandırma: Hazırda ƏMAS-da işəgötürən filial üzrə vəzifəli şəxsə səlahiyyət verdikdə, həmin şəxsin təşkilat üzrə bütün vakant iş yerləri haqqında məlumata baxmaq hüququ yaranır. Fikrimizcə, bu təşkilatdaxili iyerarxiyaya və səlahiyyətlərin bölgüsü prinsipinə zidd olduğundan qeyd olunan məhdudiyyətin tətbiqi daha doğru olardı.

 2. Təşkilatın strukturunda bölmə və ya şöbəninin adında buraxılmış mexaniki səhv düzəldildikdə və ya texniki baxımdan dəyişiklik halında (məsələn, mühasibatlıq şöbəsinin adı dəyişdirilərək maliyyə şöbəsi qoyulduqda) strukturun nüsxəsinin çıxarılmasına və ya yeni strukturun yaradılmasına ehtiyac olmasın.

Əsaslandırma: Hazırda işəgötürən ƏMAS-da strukturda yol verilmiş mexaniki səhvi aradan qaldırdıqda və ya texniki ad dəyişikliyini icra etdikdə mütləq aktiv əmək müqavilələrini rotasiya etməli və ya əmək müqavilələrinə xitamı həyata keçirməlidir. Bu, uzun bir proses olduğundan əlavə iş yükü yaradır və vaxt itkisinə səbəb olur. 

  1. Əmək müqaviləsinə dəyişiklik edilən zaman sistem yeni əmək müqaviləsi deyil, əmək müqaviləsinə Əlavə forması hazırlasın.

Əsaslandırma: Hazırda əmək müqaviləsində sayından asılı olmayaraq hər hansı dəyişiklik həyata keçirdikdə, sistem müqavilənin yeni formasını hazırlayır. Həmin sənədin işçiyə yenidən imzalatdırılması əlavə suallar yaratmaqla yanaşı, iş yerində kağız sərfiyyatının artmasına da səbəb olur. 

  1. Mövsumi işlərdə çalışan işçilər üçün əmək məzuniyyəti müddətinin qeyd edilməsi imkanı yaradılsın.

Əsaslandırma: Əmək Məcəlləsinin 114-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulur ki, mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətdə verilsin. Təəssüf ki, hazırda ƏMAS-ın əmək məzuniyyəti bölməsinə həmin göstəriciləri daxil etmək mümkün deyil. 

  1. Əmək müqaviləsinin müddətinin bitməsi tarixində dəyişiklik edildikdə, müqavilənin ümumi müddəti ilə bağlı qeydlərin edilməsi.

Əsaslandırma: İşəgötürən tərəfindən işçi ilə bağlanan müddətli əmək müqaviləsində bitmə vaxtını qeyd etdikdə, əmək müqaviləsinin imzalanma tarixi dəyişiklik tarixi olsa, 2.3-cü maddəsində müqavilə başlanma tarixindən ümumi müddətinin qeyd edilməsi əlavə sualların yaranmasına səbəb olur. 

  1. Əmək müqaviləsində bank hesabının qeyd edilməsi mütləq (məcburi) tələb kimi qoyulmasın.

Əsaslandırma: İşəgötürən qısmində çıxış edən əksər fiziki şəxslər bank hesabına malik olmaqları üçün bu tələb onların işçilərlə bağladığı əmək müqaviləsinin sistemdə qeydə alınmasına məhdudiyyət yaradır. 

  1. İcrada olan əmək müqavilələrinin eyni vaxtda imzalanması imkanın yaradılması daha doğru olardı.

Əsaslandırma: İcrada olan əmək müqaviləsi bildirişlərinin sayı birdən çox olduqda, sistem onların hamısını yenidən imzalamaq imkanı yaratmır ki, bu da əlavə iş yükünə və vaxt itkisinə səbəb olur. 

  1. Əmək müqaviləsi bildirişi reyestrində hesabatlar üzrə düzəlişlərin həyata keçirilməsi imkanı yaradılsın.

Əsaslandırma: Əmək müqaviləsi bildirişi reyestrində məlumatların Excel faylına export edilməsi zamanı texniki yalnışlıqların meydana çıxması ilə yanaşı, hazırlanmış formada (cədvəldə) bəzi məlumatlar əks olunmur. Misal üçün, əmək müqaviləsi bildirişinə dəyişiklik edildiyi zaman sistemdə işçinin işə başlama tarixi son dəyişiklik tarixi kimi qeyd edilir. Bundan əlavə, məlumatların Excel faylına exportu zamanı işçinin sosial sığorta nömrəsi cədvəldə öz əksini tapmır. 

  1. İşəgötürənin və işçinin sosial sığorta məbləğləri üzrə göstəricilərinin avtomatik hesablanması daha doğru olardı.

Əsaslandırma: Əmək müqaviləsi bildirişi hazırlanarkən, məcburi dövlət sosial sığorta ayırması məbləğinin avtomatik hesablanması əlavə iş yükünün və vaxt itkisinin qarşısını alardı. 

  1. ƏMAS-ın e-sosial.az və isb.az saytları ilə inteqrasiyası həyata keçirilsin.

Əsaslandırma: ƏMAS tətbiq edildikdən sonra sistemin e-sosial.az və isb.az-a onlayn inteqrasiya olunmaması işəgötürən üçün inzibati məsuliyyət yaradır. 

  1. Boş vəzifə üzrə əmək funksiyasının icrası ƏMAS-da əks etdirilsin.

Əsaslandırma: İşçi hər hansı boş vəzifəni əvəz etdikdə, vakant vəzifə tutulmuş hesab olunsa da, ƏMAS-da həmin vəzifə vakant olaraq göstərilir.

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

 
 
 

Şərh yazın