Anar Bayramovun təqdimatıdna: İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmir xərcləri

Anar Bayramovun təqdimatıdna: İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmir xərcləri

Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur. Bununla bağlı qanunvericiliyin tələblərini “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir.

2022-ci il yanvarın 1-i tarixinədək icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən xərc yalnız icarə haqqı əvəzləşdirildikdə gəlirdən çıxılan xərclərə şamil edilirdi. Lakin təcrübədə rast gəlinən hallardan biri də icarəyə verən şəxsin təmir xərclərini icarə haqqı ilə əvəzləşdirmək istəməməsidir. Məsələn, vergi ödəyicisi hər hansı şəxsdən satış və ya restoran üçün ofis sahəsi icarəyə götürdükdə, adətən, həmin sahənin fəaliyyət göstərdiyi əraziyə uyğunlaşdırılmasını həyata keçirir. Ancaq vergi ödəyicisi çəkdiyi təmir xərcinin gəlirdən çıxılması ilə bağlı vergi qanunvericiliyində məhdudiyyətlərlə qarşılaşırdı. Oxşar hala icarəyə götürülən avadanlıqların təmiri zamanı da rast gəlinirdi. Qeyd olunan dəyişiklikdən sonra vergi ödəyicisi balansında uçota alınmayan əsas vəsaitlər üzrə təmir xərclərini amortizasiya ayırmaları şəklində gəlirdən çıxılan xərclərə aid edə bilir. İcarəyə götürülən əsas vəsaitin hansı kateqoriyaya aid olması onun təmir xərclərinin həmin əsas vəsait üzrə amortizasiya normasının müəyyənləşdirilməsinə kömək edir.

Misal 1: Vergi ödəyicisi 2022-ci ildə ofis sahəsi icarəyə götürüb və 5.000 manat məbləğində təmir xərci çəkib. Vergi Məcəlləsinin 114.3.1-ci maddəsinə əsasən, binalar üçün amortizasiya norması 7 faizə qədər müəyyən edilib. Bu halda, vergi ödəyicisi 2022-ci ildə 350 manat təmir xərcini gəlirdən çıxılan xərclərə aid edə bilər:

5.000 x 7% = 350 manat.

Misal 2: Vergi ödəyicisi avadanlıq icarəyə götürüb və 2022-ci ildə ona 1.000 manat məbləğində təmir xərci çəkib. Vergi Məcəlləsinin 114.3.2-ci maddəsinə əsasən, maşınlar və avadanlıq üzrə amortizasiya norması 20 faizədək müəyyən olunduğundan, vergi ödəyicisi 200 manat təmir xərcini həmin vergi ilində təmirdən çıxılan xərclərə aid etmək hüququna malikdir:

1000 x 20% = 200 manat.

Misal 3: Vergi ödəyicisi icarəyə götürülən nəqliyyat vasitəsi üzrə 2022-ci ildə 600 manat məbləğində təmir xərci çəkib. Bu halda, 2022-ci ildə nəqliyyat vasitəsinin aid olduğu kateqoriya üzrə 25 faiz dərəcə ilə kapitallaşdırılmış təmir xərcinə amortizasiya hesablana bilər. Vergi ödəyicisinin 2022-cü ildə təmir xərci 150 manat təşkil etdiyindən, ilin sonuna kapitallaşdırılmış təmir xərci 450 manat olacaq:

600 x 25% = 150 manat;
600 - 150 = 450 manat.

Təmir xərci üzrə kapitallaşdırılan məbləğ 500 manatdan aşağı olduğu üçün vergi ödəyicisi 2023-cü ildə həmin təmir xərcini tam olaraq gəlirdən çıxılan xərclərə aid edə bilər.

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinin 114.8-ci maddəsinə əsasən, ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan az olduqda qalıq dəyərinin məbləği gəlirdən çıxılır.

Misal 4: Vergi ödəyicisi yüksək texnologiyalar məhsulu olan hesablama texnikası icarəyə götürüb və 2022-ci ildə 400 manat təmir xərci hesablayıb. 3-cü misalda olduğu kimi, Vergi Məcəlləsinin 114.8-ci maddəsinin tələblərinə uyğun olaraq, kapitallaşdırılan əsas vəsaitin qalıq dəyəri 500 manatdan aşağı olduğu üçün vergi ödəyicisi 400 manatlıq təmir xərcini 2022-ci ildə tam olaraq gəlirdən çıxılan xərclərə aid edə bilər.

Təcrübədə rast gəlinən hallardan biri də icarəyə götürülən əsas vəsaitlərin ilin sonuna kimi icarə müqaviləsinin ləğv edilməsidir.

Misal 5: Tutaq ki, vergi ödəyicisi 2023-cü ilin fevral ayında icarəyə götürdüyü ofisə 5.000 manat məbləğində təmir xərci çəkib. Lakin həmin ilin sentyabr ayında icarə müqaviləsinə xitam verilib. Bu zaman vergi ödəyicisi icarə müqaviləsinə xitam veriilməsindən asılı olmayaraq, 5.000 manatlıq təmir xərcini kapitallaşdıraraq amortizasiya halında gəlirdən çıxılmasını həyata keçirə biləcək.

Qeyd edək ki, 1 yanvar 2023-cü ildə Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əlavə edilən ikinci cümləyə əsasən, təqvim ilinin sonuna bu maddə ilə müəyyən edilmiş qaydada hər bir kateqoriya üzrə kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda həmin məbləğ gəlirdən çıxılır.

Maraqlı məqamlardan biri də Vergi Məcəlləsinin 114.3-1-ci və 114.3-2-ci maddələrinin tətbiqi ilə bağlıdır. Həmin maddələrə əsasən, mikro və kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilmiş amortizasiya normalarına müvafiq olaraq 2 və 1,5 əmsalı tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Misal 6: Mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi balansında olmayan binaya görə 3.000 manat təmir xərci hesablayıb. Vergi Məcəlləsinin 114.3.1-ci maddəsinə əsasən, binalar, tikintilər və qurğular üzrə amortizasiya normasının maksimum həddi 7 faiz müəyyən edilib. Vergi ödəyicisi mikro sahibkarlıq subyekti olduğu üçün kapitallaşdırılmış təmir xərcinə 2 əmsal tətbiq etməklə 420 manatı gəlirdən çıxılan xərclərə aid edə bilər.

3000 x 7% = 210 manat;
210 x 2 = 420 manat.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər