Mahmud Abasquliyevin təqdimatında: Qeyri-rezidentə beynəlxalq daşınma xidmətinə görə ödənilən məbləğ üzrə vergi öhdəliyi

Mahmud Abasquliyevin təqdimatında: Qeyri-rezidentə beynəlxalq daşınma xidmətinə görə ödənilən məbləğ üzrə vergi öhdəliyi

Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasından digər dövlətlərin ərazilərinə daşınan beynəlxalq daşımalara görə qeyri-rezidentə ödənilən məbləğdən 6% ödəmə mənbəyindən vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Misal 1: İtaliyanın rezidenti “TT” LLC firması Azərbaycanın rezidenti “AA” MMC-nin mallarını Azərbaycan Respublikası daxilindən götürərək Almaniyanın Hamburq şəhərinə daşıyır. Rezident tərəfindən qeyri-rezidentin bank hesabına bununla bağlı 5.000 manat ödənilib. Bu əməliyyata aid ödəmə mənbəyində vergini hesablamaq üçün iki nüansa nəzər yetirməliyik.

Birincisi, əgər rezident müqavilə məbləğini qross hesab edərək müvafiq hesablamalardan sonra qeyri-rezidentin bank hesabına ödəniş edəcəksə, hesablama bu qaydada olacaq:

5.000 x 6% = 300 manat (ödəmə mənbəyində verginin məbləği)

Qeyri-rezidentə ödənilən məbləğ - 5.000-300 = 4.700 manat.

İkincisi, əgər rezident müqavilə məbləğini net hesab edərək qeyri-rezidentin bank hesabına köçürərsə, hesablama bu qaydada olacaq:

Qross məbləğ - 5.000:94% = 5.319,15 manat

ÖMV - 5.319,15 x 6% = 319,15 manat

Qeyri-rezidentə ödənilən məbləğ - 5.000 manat (5.319,15 - 319,15).

Bəs hansı hallarda beynəlxalq yükdaşımaya görə qeyri-rezidentə ödənilən məbləğ ödəmə mənbəyində vergiyə cəlb olunmur?

Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat məntəqəsinə daşınan yüklərə görə qeyri-rezidentə ödənilən məbləğlər ödəmə mənbəyində vergi üzrə vergitutma obyekti deyil.

Misal 2: İtaliyanın rezidenti “TT” LLC firması Azərbaycan Respublikasının “AA” MMC rezident müəssəsinin Gürcüstanda yerləşən anbarından malları götürərək Almaniyanın Hamburq şəhərinə daşıyır. Rezident tərəfindən qeyri-rezidentin bank hesabına bununla bağlı 5.000 manat ödənilib. Bu halda yüklər Azərbyacan Respublikasının hüdudlarından kənarda daşındığı üçün qeyri-rezidentə ödənilən məbləğ ödəmə mənbəyində vergi üzrə vergitutma obyekti olmayacaq.

Satışda olan YENİ nəşrlərimiz:

0 Komment

    Şərh yazın