İqtisadçı ekspert: "Yeni dəyişikliklərdə işəgötürənin ödəməli olduğu 15 faizlik sosial ayırma daha az nəzərə alınmalıdır "
Xəbər verdiyimiz kimi, 2019-cu ildən məcburi sosial sığorta ayırmaları sistemində diferensiallaşdırılmış dərəcənin tətbiqi nəzərdə tutulur. Büdcə zərfinə görə, əgər muzdlu işçinin aldığı əmək haqqı 200 manatadək məbləği əhatə edirsə, o zaman işçi bilavasitə əmək haqqının 3 faizi miqdarında, işəgötürən isə 22 faizi miqdarında məcburi sosial sığorta haqqı ödəyəcək. Əgər işçinin aldığı əmək haqqı 200 manatdan çox olarsa, o zaman işçi 6 manat + 200 manatdan artıq məbləğin 10 faizi miqdarında sosial sığorta haqqı ödəyəcək. Bu halda işəgötürən 44 manat + 200 manatdan artıq məbləğin 15 faizi miqdarında sığorta haqqı ödəyəcək.
Bundan əlavə, islahatlar əmək haqqından ödənilən gəlir vergisini də əhatə edir. Belə ki, 1 yanvar 2019-cu ildən etibarən 7 il müddətinə qeyri-neft-qaz və özəl sektorda çalışan muzdlu əməkdaşların əmək haqlarından gəlir vergisinin yığılması üzrə 100 faizlik güzəşt tətbiq etmək planlaşdırılır. Qeyd olunan güzəşt 8 min manatadək məbləğində əmək haqqına aid olacaq (hazırda vergi tutulan aylıq gəlirin məbləği 2,5 min manatadək olduğu halda verginin məbləği 14 faiz təşkil edir). İşçinin aldığı əmək haqqı 8 min manatı ötərsə, o zaman güzəştin ümumi həcmi 44 faiz təşkil edəcək. Bu halda əməkdaş 8 min manatdan artıq məbləğdən 14 faiz gəlir vergisi ödəyəcək (hazırda vergi tutulan aylıq gəlirin məbləği 2,5 min manatdan çox olduqda verginin məbləği 25 faiz təşkil edir).
İqtisadçı-ekpert, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul əmək haqqından ödənilən sosial ayırmanın yeni bölgüsünü işəgötürən üçün mütərəqqi hesab edir: “Sosial ayırma işçi ilə işəgötürən arasında daha optimal bölünəcək. Əslində təkliflər daha çox beləydi ki, əmək haqqından 25 faiz sosial sığorta ayırmasının tutulması çox yüksəkdir. Bu göstəricinin aşağı salınması lazımdır. Lakin belə görünür ki, ümumi faizə toxunmadan bölgünü dəyişmək qərarına gəliblər. Bizdə əmək qanunvericiliyi daha çox işəgötürənin deyil, işçinin hüquqlarını müdafiə xarakterlidir. İndi işəgötürənin yükünü bir qədər azaldırlar. Daha yaxşı olardı ki, işəgötürənin sosial ayırma yükü 15 faizdən də aşağı olaydı. Amma bu, işçinin yükünü artırmaqla deyil, 15 faizin azaldılması yolu ilə olsa daha yaxşıdır. Bunun üçün ciddi hesablamaların aparılması lazımdır. 25 faizdən aşağı hansı rəqəm olarsa, gəlirlər nə qədər olar, itkilər nə qədər olar. Düşünürəm ki, əmək haqqından sosial ayırma 25 faizdən aşağı salınarsa, ilkin mərhələdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində azalma qeydə alınsa da, sonradan qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sayəsində artımla əvəz olunar”.
Ekspertin fikrincə, qeyri-neft-qaz və özəl sektorda çalışanların əmək haqqından gəlir vergisinin tutulmaması mütərəqqi addımdır: “Gəlir vergisi ilə bağlı atılan bu addımdan sonra işçilərin əlinə gələn əmək haqqı məbləği artacaq. Hökumət bu dəyişikliklərlə qeyri-neft sektorunun inkişafı ilə yanaşı, qeyri-rəsmi məşğulluğun, kölgə iqtisadiyyatının azaldılmasına nail olmağı hədəfləyir. Düşünürəm ki, bu məqsədə xeyli dərəcədə nail olmaq mümkündür. Ümumiyyətlə, Vergilər Nazirliyinin son zamanlar vergi qanunvericiliyi, vergi sistemində şəffaflığın təmin olunması istiqamətində atdığı addımlar təqdirəlayiqdir və müsbət effektini verəcək”.
Mənbə: Musavat.com
1 Komment
niyazi 06 Noyabr 2018
Faktiki olaraq heç bir dəyişiklik yoxdur Sadəcə müəssissənin xərcini işçiyə yükləyiblər əvvəl 200manata 6+44=50 indi 6+44=50 300 9+66=75 16+59=75 500 15+110=125 36+89=125 və sair
Şərh yazın