DİQQƏT! Milli Məclisdə Əmək Məcəlləsinin MƏZUNİYYƏT maddəsində dəyişiklik layihəsinin müzakirəsi
Aprelin 30-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə iki məsələ daxildir. Birinci məsələ “Məşğulluq haqqında” qanun layihəsi (ikinci oxunuş), ikinci məsələ isə Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədədir.
“Məşğulluq haqqında” qanun layihəsinin ikinci oxunuşu barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev bildirdi ki, 5 fəsil, 34 maddədən ibarət olan qanun layihəsində özünü məşğulluq, peşə standartları, vakansiya bankı, sığorta və digər sosial məsələlər ilk dəfə olaraq yer alıb. Birinci oxunuşdan sonra deputatların bəzi düzəlişlərlə bağlı təklifləri nəzərə alınıb. 7-ci, 21-ci və 25-ci maddələrə düzəlişlər edilib.
Sonra çıxış edən komitə üzvləri Jalə Əliyeva, Musa Quliyev, Rauf Əliyev, Yaqub Mahmudov, Rafiq Məmmədhəsənov, Sevinc Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları layihə barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda plenar iclasa tövsiyə olundu.
İclasda Əmək Məcəlləsinin 118-ci maddəsinə təklif olunan dəyişiklik də müzakirəyə çıxarıldı. Layihədə təhsil işçilərinin bəzilərinə əmək məzuniyyətinin verilməsi ilə bağlı texniki dəyişiklik müsbət qarşılandı və Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Bununla da Əmək və sosial siyasət komitəsinin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti
Milli Məclisdə dəyişiklik edilməsi nəzərdə tutulan 118-ci maddəni diqqətinizə çatdırırıq.
Maddə 118. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri
1. Aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir:
a) illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə;
b) bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa);
c) uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara;
ç) təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərindən başqa), eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə;
d) sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə;
e) elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə;
ə) müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə.
2. Aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir:
a) uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara;
b) metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına;
c) ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərinə;
ç) məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə;
d) məşqçi müəllimlərə;
e) elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə.
0 Komment
Şərh yazın