Analar işləyəndə uşaqlar psixoloji zərbə alırmı?
“MK”-nın AMERİKALI PSİXOLOQU AZƏRBAYCANLI VALİDEYNLƏRƏ İDEAL VARİANT TƏKLİF EDİR
Sual: Salam. Azərbaycanda kişilər xanımların işləməsinə qadaga qoyurlar. Bunun ən çox yayılmş izahı ondan ibarətdir ki, xanım daha çox uşaqların tərbiyəsi ilə məşğul olmalıdır, hər iki valideyn işləyəndə uşağa diqqət azaldığından onun psixologiyasında problemlər yaranır. Sualım ondan ibarətdir ki, Amerikada bu məsələ ilə bagli vəziyyət necədir və bu məsələnin tənzimlənməsi uçun nə tövsiyə edərdiniz?
Orxan Tağıyev
Cavab: Orxan, sənin sualın son yarım əsrdə nəinki Amerikada, eləcə də bütün dünyada baş vermiş sosial dəyişiklik kimi vacib bir məsələ ilə bağlı müzakirə mövzusudur. Sosial dəyişiklik dedikdə, mən əsasən qadınların iş sferasında təmsil olunma tendensiyalarında nəzərə çarpan dəyişiklikləri nəzərdə tuturam. Bu dəyişikliyin çox səbəbləri var. Bura İkinci Dünya Müharibəsi illərində qadınların işçi qüvvəsinin tərkibinə daxil olması, 1960-cı illərdə qadın azadlığı hərəkatının baş qaldırması, yaşayış xərclərinin getdikcə artması və digər bu kimi müxtəlif səbəbləri daxil etmək olar. 1940-cı illərdə 18 yaşından aşağı uşağı olan analar ABŞ əmək bazarının 8.6 faizini təşkil edirdilərsə, bu rəqəm 2011-ci ilin sonlarına olan statistikaya görə bu rəqəm 71 faizə yüksəlib.
Bu dəyişiklik bir sıra nəticələrə səbəb olub. Onların arasında ən vacibi məhz qadınların işləmələrinin ailəyə və uşağa təsirlərindən ibarətdir. Orxan, sənin bu məsələdə narahatlıqlarını başa düşürəm. ABŞ-da qadınların işləməsinin uşaqların inkişafına təsiri ilə bağlı müzakirələr bu günə kimi davam etməkdədir. Bu barədə çoxsaylı elmi araşdırmalar aparılıb, məqalələr yazılıb. Alimlər işləyən anaların uşaqlarının inkişaf göstəricilərini evdar qadınların uşaqlarının inkişaf göstəriciləri ilə müqayisə ediblər. Sənin sualına cavab verərkən bu mövzuda yazılmış ədəbiyyatlara göz gəzdirdim, onların heç birində işləyən analar ilə işləməyən anaların uşaqlarının inkişafı arasında xüsusi bir fərqin olması barədə fakta rast gəlmədim. Bu ədəbiyyatlarda uşaq inkişafına və sağlamlığına təsir edəcək başqa amillər barədə də danışılır, məsələn, ailənin hansı sosial təbəqəyə məxsus olması, ananın ailə vəziyyəti, onların tam ştat və yaxud yarımştat işlə təmin olunmaları, iş mühiti, ayrı-ayrı ailələrdə ailənin daxilində baş vermiş dinamikalar, atanın rolu, ananın sağlıq durumu, valideyinlərin tərbiyə üsulları və sair. Dediyim kimi yekun rəy belədir ki, işləyən analar ilə işləməyən anaların uşaqların inkişafına təsirləri tamamilə neytraldır, yəni xüsusi fərq nəzərə çarpmır, ananın işləməsinin uşağın inkişafı üçün mənfi təsirləri yoxdur. Ona görə də işləməyən analar bu sahədə üstünlüyə malik deyillər. Uşaqların təhsilində və fiziki inkişafında hər hansı bir fərqin olması keçicidir. Tədqiqatlar göstərir ki, bu kimi fərqlər işləyən qadınların uşaqlarının daha erkən vaxtlardan başlayaraq sosiallaşması və işləməyən qadınların öz uşaqları ilə daha çox vaxt keçirməsi nəticəsində yox olur.
Siz sual verdiniz ki, amerikan ailələrində bu məsələlər necə tənzimlənir. Əvvəlcə onu qeyd edim ki, ABŞ-da ailə həyatına münasibət, qadın və kişinin ənənəvi rolları dəyişməkdədir və atalar getdikcə daha çox uşaqla, onun tərbiyəsi, təhsili ilə məşğul olmağa başlayırlar. Və bundan məmnuniyyət hissi duyurlar. Kişi və qadın bərabər müstəvidə çalışırlar. Kişilərin ailə məsələləri ilə bağlı əsas qərarverən şəxs olması kimi ənənəvi rolu demək olar ki yoxa çıxmaq üzrədir; artıq cütlüklər məsələləri birlikdə müzakirə edir və qərar verirlər. Onlar çiyin-ciyinə çalışırlar. Valideynlər deyirlər ki, onlar müxtəlif məsələlərdə (məsələn, evə iki mənbədən gəlirin gəlməsi, maddi ehtiyac, ananın işləmək həvəsi, atanın uşağın tərbiyəsində və ev işlərində rolu, uşaqların ehtiyacları və sair) balans yaratmağa çalışır və ailələri üçün əllərindən gələni edirlər. Onlar artıq bu fikri qəbul ediblər ki, hər ilki hal - ananın işləməsi və yaxud evdə uşaqların tərbiyəsi ilə məşğul olması - müəyyən qurbanlar tələb edir və stress yaradır. Qısaca olaraq, onlar deyirlər ki, “biz əlimizdən gələni edirik”. Yarımştat işləyən analar ilə müqayisədə (bəzi nüfuzlu şəxslər bunun qadınlar üçün ən doğru iş rejimi olduğu fikrindədirlər), tam ştat işləyən analar hesab edirlər ki, onların vəziyyətləri ideal deyil. Onlar həmişə harasa tələsir və işləyən atalardan fərqli olaraq ailə ehtiyaclarınının qarşılanmamasına görə daha çox günahkarlıq hissi keçirirlər. Qadın əgər təkdirsə və evdə işləyən başqa adam yoxdursa, bu zaman onlar daha çox stress yaşayırlar.
Mən sənə soruşduğun mövzu ilə bağlı bəzi məlumatlar və statistik rəqəmlər verdim. Ümid edirəm, səni inandıra bildim ki, analar işləyəndə uşaqlar heç də psixoloji zərbə almırlar və əksinə bunun uşaqlar üçün bəzi faydaları ola bilər. Bununla belə, onu da qeyd edim ki, ailə ilə bağlı qərar vermək daha çox şəxsi məsələdir. Hər iki valideynin işləməsindən uğurlu faydalanmaq üçün ananın işləmədiyi və daha çox uşaq və ev işləri ilə məşğul olması kimi ənənəvi valideyn rolu dəyişilməlidir. Əks halda münasibətlərin belə gedişatı sonda peşmançılıq hissi yaradacaq. Atanın rolunu “köməkçi” səviyyəsinə endirmək mümkün deyil. O, özü ailədə münasibətlərin bərabər olmasına, qərarvermə səlahiyyətlərinin və məsuliyyətlərin bölüşdürülməsinə razı olmalıdır. Valideynlər səmimi bir söhbət aparmaqla ailədə balans yarada və sülhə nail ola bilərlər. Ailədə hər iki valideynin işləməsini istəyən cütlüklərə öz uşaqları ilə münasibətlərini sağlam qoruyub saxlamaq barədə bəzi tövsiyələr vermək istərdim:
* Uşağınız üçün onun özünü sağlam, təhlükəsiz hiss edəcəyi və onu inkişaf etdirəcək keyfiyyətli uşaq qayğısı həyata keçirən müəssisə tapın.
* Evlə iş arasında dəqiq sərhəd yaradın və ona əməl etməyə çalışın.
* Evdə olduğunuz zaman, uşağınıza diqqət ayırın və vaxtınızı onunla keçirin.
* Özünüzü həddən artıq məşğul edərək və yaxud göstərərək evdən kənarda vaxt keçirməyə çalışmayın.
* Ailə məsələləri ilə bağlı məsələlərə və tədbirlərə (məsələn, birgə nahar, yatmazdan əvvəl nağıl danışmaq və s.) müntəzəm əməl edin.
* Uşağınıza onu nə qədər sevdiyinizi xatırladın və “mən səni çox istəyirəm” cümləsini tez-tez işlədin.
0 Komment
Şərh yazın