İşçini motivasiya üçün ən böyük vasitə puldur və ya qeyri maddi motivisiyanın yolları
Sual: -Bizim şirkət yeni təsis edilib, maliyyə durumumuz elə də qənaətbəxş deyil, lakin ümid edirəm ki, gələcəkdə yaxşılığa doğru dəyişəcək. Hazırda bəzi maliyyə motivisiyası proqramlarına maddi imkanımız çatmır. Sizcə, mən işçi komandamı motivasiya etmək üçün onlarla necə dialoq və söhbətlər aparmalıyam?
Samir Məmmədov
Cavab: Sizi yeni təsis etdiyiniz şirkətlə bağlı təbrik edirəm. Sualınızdan belə məlum olur ki, siz şirkətinizin uğurlu olmasında işçilərin motivasiyasının vacib olduğunu dərk edirsiniz. Həmçinin, işçilərin pul formasında mükafatlandırılmasının ən mühüm motivasiya vasitəsi olmasını da anlayıram.
Amma təcrübə göstərir ki, pul və gözəl ofis kimi digər vasitələr insanların motivasiyasının azalmasının qarşısını alsa da, heç də onların daha çox motivasiyalı olması üçün yetərli deyil. İşçilərinizi motivasiya etmək üçün hansı şəkildə dialoqlar aparmalı olduğumuzu soruşursunuz. Əlbəttə ki, yaxşı, dürüst və səmimi ünsiyyət saxlamaq mühüm məsələdir. Ancaq sizin insanları motivasiya etmək üçün gücünüz yetərli deyil. Gərək onlar özlərini motivasiya etsinlər. Bu məsələdə sizin üzərinizə düşən vəzifə işçilərinizin özlərini motivasiya edib şirkətin uğuruna töhfə vermələri üçün onlara lazım olan şəraiti yaratmaqdır.
İşçilərinizi motivasiya etmək üçün siz ayrı-ayrılıqda hər bir işçinizi nəyin motivasiya etdiyini aydınlaşdırmalısınız. Lakin bunun üçün siz ilk növbədə özünüz üçün motivasiya mənbəyini müəyyən etməlisiniz. Hansı amilin sizi motivasiya etdiyini özünüz üçün qeyd edin – yaxşı yerinə yetirilmiş iş, yaradıcılıq, xidmət, sərbəst iş qrafiki, insanların təqdiri, yoxsa öyrənmək. İşiniz sizi motivasiya edəcək səviyyədə qurulubmu? İnsanlar söylədikləri sözlərdən daha çox gördükləri işlə tanınırlar. Siz kollektiviniz üçün yaxşı nümunə olub onları həvəsləndirməlisiniz. Həvəs yolxucudur. İnsanları titul və mövqeyinizlə deyil, təcrübənizdən və qabiliyyətlərinizdən faydalanaraq idarə etməyə çalışın.
İşçilərinizi motivasiya edəcək iş mühitinin yaradılması ilə bağlı bir neçə məsləhətim var:
- Məqsədli şəkildə hər bir işçinizlə fərdi qaydada görüşüb onu və ailəsini tanımağa çalışın, uşaqlarının adlarını və maraqlarını öyrənin. İşçilərinizin motivasiyasına sadəcə sizin onlara ayırdığınız diqqət deyil, daha çox onlara göstərdiyiniz qayğı və marağınız səbəb olur. İşçilərinizin hər birinin motivasiyasına hansı amilin səbəb olduğunu dəqiq müəyyənləşdirin.
Müxtəlif insanlar müxtəlif amillər sayəsində motivasiya olurlar. Siz aşağıda qeyd olunan siyahıdan istifadə edərək işçilərinizdən göstərilən kateqoriyaları əhəmiyyətlilik dərəcəsinə görə sıralamağı xahiş edə bilərsiniz. Sonra nəticələri müzakirə edib onları kadrlarla bağlı siyasətinizdə və mükafatlandırma sisteminizdə nəzərdən keçirin.
- Kariyeranın inkişaf etdirilməsi /Uğur;
- Rahatlıq/Sakitlik;
- Sağlamlıq/Balans/Enerji;
- Nüfuz/Rəhbərlik;
- Öyrənmə/Bilik/Araşdırma;
- Maddi təminat/Mülkiyyət;
- Təqdir/Tərif;
- Təhlükəsizlik/Pul/Ev;
- Sosial/Bağlılıq/Məhşurluq/ Başqaları tərəfindən qəbul edilmə;
- Status/Prestij/Digərlərindən fərqlənmə/Reputasiya;
- İşin yerinə yetirilməsi/Problemlərin həll edilməsi/Nailiyyət;
- Tədris etmək/Başqalarına yol göstərmək;
- Virtuallıq/Enerji;
- Digər.
- İşçilərin gördükləri işi qiymətləndirməklə bağlı başlıca prinsiplərin tətbiq edilməsi vacibdir. Mükəmməl qiymətləndirmə sisteminə məqsədlərin müəyyənləşdirilməsi, onlara nail olunma səviyyəsini bilmək üçün ölçü meyarlarının istifadəsi, davamlı görülən işə qarşı diqqətin göstərilməsi, işin keyfiyyəti ilə bağlı fikir və rəylərin bölüşülməsi, lazım gələrsə, məqsədlərə nail olunması istiqamətində görülən işlərdə düzəliş xarakterli tədbirlərin görülməsi kimi elementlər daxildir. İşçilərinizdən nə istədiyinizi bilməli və onların məqsədlərinin təşkilatın məqsədləri ilə eyniyyət təşkil etməsindən əmin olmalısınız. İşçilərin göstərdiyi nəticələrin təşkilatın məqsədlərinə necə töhfə verdiyini aydın şəkildə ifadə edin –işçilərin necə fərqləndiyini göstərin. Əgər onların əməyi birbaşa təşkilatın məqsədlərinə töhfə vermirsə, nəticədə təşkilat uduzur və işçinin motivasiyası tükənir.
- İşçilərin müştərilərdən və yaxud da gördükləri işdən faydalanan istənilən bir şəxsdən rəy almalarına şərait yaradın. Tədqiqatlar göstərir ki, gördükləri işin başqalarına əhəmiyyətli dərəcədə müsbət təsirini hiss edən işçilər daha çox sevinir və bu də nəticə etibarilə onların məhsuldarlığının artmasına səbəb olur.
- Bacardıqca menecerdən yaxa qurtarın. İşçilərinizin tək bir şəxsə hesabat verməyindənsə, onların bir komanda halında işləməsinə çalışın. İşçiləri supervayzerlərdən daha çox öz əməkdaşlarını məyus etməmək həvəsləndirir, nəticədə onlar daha yaxşı layihələri tez bir zamanda yerinə yetirirlər. Bu zaman insanlar işə daha tez gəlib daha çox çalışır, problemlərin həll edilməsinə daha çox enerji sərf edirlər.
- Onların təşəbbüsünü görən kimi mükafatlandırın və qazanılmış nailiyyətləri birlikdə qeyd edin. İşçiləri tərifləmək baxımından da səxavətli olun. Pulla müqayisədə tərif işçilərin daha çox motivasiyasına səbəb olur. İşçiləri nə qədər çox tərifləsəniz, onlar bir o qədər çox səylə çalışacaqlar. Müsbət davranışı, əldə olunmuş nailiyyətləri və s. tərifləmək müxtəlif formalarda mümkündür və bu zaman hər bir işçini necə tərif etməyi bilməkdə fayda var. Bəzi işçilər kürəklərinə sadəcə sığal çəkməklə, digərləri şirkətdə təşkil olunmuş görüşdə tərif edilməklə motivasiya olunurlar. Mükafatlandırma sistemlərinizə insanlarla ayrı-ayrılıqda görüşdüyünüz zaman müəyyənləşdirdiyiniz motivasiya amillərini daxil edə bilərsiniz. Məsələn, siz işçilərə ailələri ilə daha çox vaxt keçirməyə imkan verən kadr siyasəti hazırlaya bilərsiniz.
İşçilərin motivasiyası ilə bağlı çoxlu məsləhətlər var. Şirkət və təşkilatların ehtiyaclarından asılı olaraq məsləhətlər də dəyişir. Mən yalnız məsələnin görünən tərəfi ilə bağlı fikirlərimi bildirdim. İnanıram ki, bu xırda məsləhətlər şirkətinizin möhkəm təməllər üzərində qurulması işində faydalı olacaq. Sizə uğular arzu edirəm!
0 Komment
Şərh yazın