“Monitor Konsaltinq” jurnalının 34-cü sayı üçün

“Monitor Konsaltinq” jurnalının 34-cü sayı üçün

Bakı (təkcə Bakımı?) “Eurovision-2012”yə hazırlaşır. Hər yerdə və hər an - televizora baxanda, internetə girəndə, maşın sürəndə, şəhəri gəzəndə, avtobusa minəndə, dostlarla görüşəndə bu hazırlığı duyursan, özünü bu müsabiqənin bir parçası kimi hiss edirsən. Bilmirəm, gündə bir sifətə düşən Bakımızda bu yaxşı əlamətdi, yoxsa pis. 
Bakımız, Azərbaycanımız dəyişdiyi kimi insanlarımız da dəyişib. Bakının hansısa bucağında nostalji axtaranları Hacıbala Abutalıbov naümid yola salır. Görünür, bu ölkədə keçmişlə yaşamaqdansa nəticəsini bilmədiyin gələcəyə (çox da ki, biz ona işıqlı gələcək deməyə vərdiş eləmişik) can atmaq daha məqbul yaşayış tərzidi. 
Keçmişsiz gələcəyə getmək mümkündürmü? Bax, bu sualı hələ ki, yada salan yoxdu. Qonşularımıza baxıram, onlar keçmişdən necə də ustalıqla -  bir az həsrət, bir az ironiya, bir az sevgi, bir az da təəccüblə söhbət açırlar. “Səksənlər”i deyirəm. Türklərin ötən əsrin səksəninci illərindən bəhs edən serialını. Elə ruslarda da bu adda, bu məzmunda bir serial yayımlanır: “Vosmidesyatıe”.
Hər iki serial o dönəmin sadəlövh insanlarının gündəlik məişəti fonunda böyük mətləblərdən söhbət açır. SSRİ (bəlkə də, bütün dünya) böyük dəyişiklik öncəsində, dağılmağa doğru iri addımlarla irəliləyir, Türkiyə Turqut Özalın islahatlarına hamilə, bu gün-sabah yeni bir Türkiyə doğulacaq. Böyük dəyişikliklərin binası qoyulan Türkiyə. Ancaq insanlar fələyin gərdişindən xəbərsiz sevirlər, sevilirlər. Sanki sabah heç nə dəyişməyəcək. Sanki sabah hicran, ayrılıq qapıları döyməyəcək. Sanki sabah ulu babamız Füzuli kimi vaysınmayacaq insanlıq:
Nə yanar kimsə mənə atəşi-dildən özgə,
Nə açar kimsə qapım badi-səbadan qeyri.
Deyəsən, yazının nostalji dozası çox oldu. Ancaq güman edirəm, sovet dönəmində doğulub həddi-büluğa çatanlar məni anlayarlar. Yox, yanlış anlaşılmasın, mən qətiyyən o dövrün azadlığı, müstəqilliyi boğan çirkin havası, “pripiskalı” yalanları üçün darıxmamışam. Məni uşaqlığıma, yeniyetməliyimə çəkən sovetin 70-80-lərində qalan insan səmimliyi, insan sadəlövhlüyüdür, bugün təşnəsində olduğumuz insan mənzərələridir. O zaman bizim beynimiz indiki kimi “Evrovision” deyilən bir yarışmanın təntənəsilə məşğul deyildi? Biz gözəl dünya quracağımıza, o gözəl dünyada savab işlər görəcəyimizə inanır, tanı­dığı­mız-tanımadığımız insan itkisini faciə kimi yaşayırdıq.
Ancaq neynisən ki, Səksənincilər hər sahədə - incəsənətdə, ədəbiyyatda, ideyada və nəhayət, həyatda məğlub oldu. Mən bunu insanlığın, səmimiyyətin, təmizliyin, mənəviyyatın məğlubiyyəti sayıram.
Məğlubların yerini dəmir kimi hissiz, qəddar kapitaılizm qaydalarına görə yaşayan İkiminincilər (mənim üçün doxsanıncılar itirilmiş nəsildir) tutdu. 
Neyniyəsən ki, bizim dünyamızda qalibləri mühakimə etmirlər!

0 Komment

    Şərh yazın