İslam bankçılığı: faizsiz kredit tələsi, yoxsa islamın gerçək üzü
NİYƏ ƏRDOĞAN İSLAM BANKÇILIĞINI İSLAM ÖLKƏLƏR ÜÇÜN TƏLƏ HESAB EDİR?
Bank sektorunda başlayan qlobal maliyyə böhranının islam banklarından yan keşməsi dunya maliyyə dairələrinin diqqətini bugunədək “unudulmuş” müsəlman həmkarlarına yönəltdi. İslam-şəriət qanunları ilə bank xidməti göstərən bu maliyyə institutlarının fəaliyyəti geniş müzakirə obyektinə çevrildi. Bəziləri islam banklarını xilaskar kimi təqdim etməyə başladılar, bəziləri isə onları islam ekstermizminin maliyyə mənbəyi kimi göstərməkdən belə çəkinmədilər. Məşhur maliyyəçi Corc Soros “Biz dünya maliyyə sisteminin çöküşünü müşahidə edirik. Başqa bir sistemin yaradılması haqqında düşünməyin əsl vaxtıdır. Bu yerə iddia edən isə artıq var” deyərək islam banklarına eyham vurdu. İndoneziya prezidenti Susuilo Yudxoyno isə açıq danışdı: “İslam bankinqi maliyyə dünyasında lider mövqe tutmalıdır”.
Avropa Maliyyə Forumunun sədri Jan-Pol Karteron da maraqlı açıqlamalar verdi. O, birbaşa “Qərbdə qəbul olunmuş bank sistemi hazırda böhran keçirir. Qərbin islam bankçılığından öyrənməli çox şey var.”, dedi. Üstəlik onu da əlavə etdi ki, qərb bank sistemi ona görə iflasa uğrayır ki, bank rəhbərləri özlərini kazinodakı kimi aparırlar: “Bugün banklar real layihələrə qoyulan sərmayələrdən daha çox, möhtəkirliklə pul qazanırlar”.
Beləliklə, bu yazımızda cavab tapmağa cəhd edəcəyimiz suallar aşağıdakılar olacaq. İslam bankçılığı nə vaxt yaranıb? Onun mahiyyətində nə durur? Üstünlükləri, çatışmazlıqları nədir? Əleyhdarları, tərəfdarları kimlərdir? İslam maliyyə institutlarının perspektivləri dünyada, MDB-də və ölkəmizdə bugün necə qiymətləndirilir?
Cığıraçanlar...
İlk İslam bankının yaradılması tarixi və yeri haqqında iqtisadi ədəbiyyatlarda bir-birindən fərqli məlumatlar var. Bəzi mənbələrə inansaq, bank xidmətləri göstərən ilk islam təşkilatı 1963-cü ildə Malayziyada yaradılıb. “Perbadanan Wang Simpanan Bakal-Bakal Haji” (PWSBH) adlanan bu təşkilat tam hüquqlu bank təşkilatı olmasa da, Həccə getmək istəyənlərə vəsait toplamağa kömək edib. 1975-ci ildə isə ilk islam kommersiya bankı olan Dubai Islamic Bank (DIB) yaradılıb. Bank islam prinsipləri ilə fəaliyyət göstərən ilk beynəlxalq maliyyə institutu olub. Onun yaradılması dünya neft böhranının yaşandığı 1973-74-cü illərə təsadüf edir. O vaxtlar islam ölkələri özlərini daha inamlı hiss edirdilər. Sonralar müsəlman ölkələrinin əhalisi və nüfuzu sürətlə artmağa başladı. 1982-ci ildə Əl-Baraka Qrupu yaradıldı ki, artıq onun 12 filialı və çoxlu törəmə müəssisiəsi var. Vaxt keçdikcə bir-birinin ardınca Küveyt Maliyyə Evi, Qatar İslam Bankı, Filippin Amanah Bankı da fəaliyyətə başladı. Malayziya, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Sudan və Banqladeşdə hökumətin birbaşa yardımı ilə islam bankları yaradıldı. Bəzi islam bankları tədricən qeyri-müsəlman ölkələrində fəaliyyət göstərməyə başladı. Britaniya İslam Bankı, Avropa İslam İnvestisiya Bankı və Kaliforniyadakı Laribabank qərb dünyasında böyük nüfuza malikdir. Artıq “Deutche Bank”, “Citibank”, HSBC kimi dünyanın məşhur bankları islam bankşılığı ilə bağlı xüsusi departamentlər yaradıb. Əksər qərb bankları isə şəriət normalarına uyğun xidmətlər göstərən “İslam pəncərəsi” adlanan şöbələr açıb.
İslam banklarının “məcmu nüfuzu”
Asiya İslam Bankının məlumatına görə, 2010-cu ildə 500 böyük islam bankının aktivləri 150 milyard dollar artaraq 1 trilyona çatıb. Bankın hesablamalarına görə, Quran və şəriət normaları ilə fəaliyyət göstərən islam maliyyə institutlarının aktivləri 2008-ci ildə 639 milyard dollar, 2009-cu ildə isə 822 milyard dollar olub. Ancaq buna baxmayaraq islam banklarının məcmu kapitalı dünya bank aktivlərinin cüzi hissəsini təşkil edir. Ekspertlər islam banklarının yaxın 5 ildə sürətlə inkişaf edəcəyini, aktivlərini 2.8 trilyon dollara çatdıracağını proqnozlaşdırırlar. 2013-cü ilə qədər isə Fars körfəzi ölkələri regionun islam maliyyə institutlarının fəaliyyətini standartlaşdırmaq üçün vahid şəriət oqranı yaratmağı planlaşdırır. “Dubai Islamic Bank”ın şəriət komissiyasının rəhbərinin sözlərinə görə, o gün o qədər də uzaqda deyil: “Bu, mütləq olacaq. Ancaq zamana ehtiyacı var. Əgər Şarjda yerləşən bank Dubaydakı bankın buraxdığı sukuku (istiqraz) ala bilmirsə, onda hansı inkişafdan danışmaq olar?”
Hazırda dünyada islam qanunları ilə buraxılmış istiqrazların ümumi həcmi 200 milyard dollar təşkil edir ki, onun da 76%-i islam maliyyə mərkəzi kimi tanınan Malayziyanın payına düşür.
İslam bankçılığını qərbin başa düçdüyü xarakterik bank sistemindən nə fərqləndirir?
/Nəinki qərbdə, elə Azərbaycanda da çoxları islam bankı deyəndə ərəb ölkələrində fəaliyyət göstərən bankları başa düşürlər. Yanaşma nə qədər məntiqi olsa da, təəssüf ki, yanlışdır. Sadə şəkildə desək, islam bankları dini-şəriət normaları əsasında iqtisadi fəaliyyətlə məşğul olan maliyyə institutlarıdır. İslam qanunlarına görə, borcalanın borcverənə əvvəlcədən razılaşdırılmış ölçüdə faiz (riba) vəd verməsi günahdır. Əğər sən, insan oğlu, hadisələrin gələcəkdə necə inkişaf edəcəyini bilmirsənsə, hansı əsasla belə vəd verirsən? İslam dininə görə, bu, hər şeyi görən və bilən Allahın iradəsinə zidd getməkdir. Quranın yer üzünə göndərildiyi vaxtdan çox suallar axıb, çox yeniliklər olub. Bu dəyişikliklərə mühafizəkar yanaşan islam dünyası elə bir unikal maliyyə institutu yaradıb ki, o, bir tərəfdən bütün müasir tələblərə, digər tərəfdən isə müsəlman hüququnun normalarına tam cavab verir. Bu maliyə institutunun unikallığı ondadır ki, o, subyektlərinin iqtisadi maraqları əsasında fəaliyyət göstərməklə yanaşı, islami dini qayda-qanunlara, sosial və etik dəyərlərə tam uyğundur. Bir sözlə, islam maliyyə sistemi maddi (iqtisadi) və idealist (etik, dini) başlanğıcı özündə sintez edən uğurlu bank modelidir.
Bu yerdə təbii olaraq oxucu da belə bir sual yaranır ki, əgər puldan istifadəyə görə faiz ödəmək qadağandırsa, onda islam bankı necə fəaliyyət göstərə bilər. Məhz buna görə də islam bankları səriət qanunlarına uyğun olaraq borcalanın təsərrüfat fəaliyyətindən əldə etdiyi gəlirə şərik olur. Başqa sözlə desək o, kreditor yox, sərmayəçi rolunda çıxış edir. İslam banklarında əmanətçi ilə bank, eyni zamanda, bankla borcgötürən arasında münasibətlər bu sadə prinsip əsasında qurulur.
İslam bankının mahiyyətini daha yaxşı başa düşmək üçün sadə bir modelə baxaq. Əmanətçi pulunu banka qoyur. Bank (bəzi hallarda əmanətçinin razılığı ilə) həmin vəsaiti müəyyən bir layihənin maliyyələşməsinə yönəldir. Əgər müsbət nəticə əldə olunarsa, (layihə mənfəət gətirərsə) bank həmin vəsaiti bank, əmanətçi və borclanan arasında bölüşdürür. Bu halda mənfəətin məbləği yox, layihə iştirakçılarının ondan əldə edəcəkləri paylar əvvəlcədən məlum olur ki, bu da islam qanunlarına zidd deyil. Əgər layihə zərər gətirsə, onda bank, borclanan və əmanətçı əvvəlcədən müəyyən edilmiş paya uyğun olaraq bunu qarşılayır.
Nəzəriyyədə islam banklarının maliyyələşmə yolları şoxdur. Ancaq biz təcrübədə ən şox istifadə olunan maliyyələşmə mənbələrini nəzərdən keçirəcəyik.
Mudaraba (passiv tərəfdaşlıq). Bu müqavilə 2 tərəf – kapitalın sahibi (rab al-mal) və idarəedici (mudarib) arasında bağlanılır. Mənfəət 2 tərəf arasında müqavilə bağlanarkən razılaşdırılmış proporsiyaya uyğun olaraq bölüşdürülür. Maliyyə zərərinə görə kapitalın sahibi məsuldur. İdarəedici isə heç bir zərərə şərik olmur. Maliyyələşmənin bu formasında balansın passiv hissəsində əmanətçi rab al-mal, bank isə mudarib olur. Balansın aktiv hissəsində isə bank rab al-mal, sahibkar isə mudarib (idarəedici) rolunda çıxış edir.
Muşaraka (aktiv tərəfdaşlıq). Muşaraka müqaviləsinin mudaraba müqaviləsindən bir fərqi var. Bu halda hər iki tərəf həm idarəetmədə, həm kapitalda iştirak edir və mənfəəti və zərəri bölüşürlər. Mənfəət tərəfdaşlar arasında əvvəlcədən razılaşdırılmış proporsiyay uyğun, zərər isə hər bir tərəfin kapitalda iştirak payına uyğun bölüşdürülür.
Azalan tərəfdaşlıq. Bu maliyyəçi (bank) və benefisiar arasinda öz aktivlərini yuxarıda göstərilən şəkildə istifadə etmək barədə bağlanmış müqavilədir. Ancaq bu halda bank öz payını hissə-hissə razılaşdırılmış qiymətə və müddətə benefisiara satmaq öhdəliyi götürür.
Murabaxa. Bu müqaviləyə uyğun olaraq müştəri islam bankından müəyyən məhsulu spot qiymətə almağı xahiş edir və bankdan məhsulun pulunu hissə-hissə ödəməklə almaq öhdəliyi götürür. Ödənilən məbləğə bankın mənfəəti də daxil edilir.
Bunlardan əlavə islam bankı təcrübədə İcarə, Əl-istisna, Salam və digər maliyyələşmə mənbələrindən də istifadə edir. Bir mühüm faktı da qeyd edək ki, islam bankları şəriət normalarına uyğun olmayan fəaliyyət sahələrini (silah, spirtli içki, siqaret, donuz istehsalı və ticarəti, səhmlərinin alınması, kazino, kinoteatr biznesi, faiz gətirən maliyyə əməliyyatları və sair) maliyyələşdirmir.
Dünya İslam Bankçılığına döğru
Hazırda Avropa bank xidmətləri bazarı müsəlman diasporunun hesabına sürətlə inkişaf edir. Hazırda dünya əhalisini 24%-i, 1.5 milyardı müsəlmandır. Təkcə Qərbi Avropada rəsmi statistikya görə, 15 milyon (qeyri-rəsmi 30 milyon) müsəlman yaşayır. Onlar arasında doğumun səviyyəsi yerli əhaliyə nisbətən çox yüksəkdir. Hazırda islam bankiqinin inkişafı üçün ən münbit səraitin əhalinin 3-4%-ni müsəlmanların təşkil etdiyi Böyük Britaniyada, Almaniyada, İsveçdə, Belçikada olduğu bildirilir. Və təbii ki, hər onuncu adamın müsəlman olduğu Fransada da bu sahədə vəziyyət ürəkaşandır. ABŞ-ı da unutmaq olmaz. Bu ölkədə əhalinin 2.5%-i (6-7 milyon) müsəlmandır. Üstəlik, amerikalı müsəlmanların əksəriyyətinin gəlirləri avropalılardan yüksəkdir. Artıq çoxdan Honkonqdakı HSBC islam bankinqindən yararlanır, Fransanın məşhur “BNP Paribas”, “Societe Generale” və “Calyon” bankları şəriət normalarına uyğun bank xidmətləri göstərən filiallar açıb. Ekspertlərin fikrincə, son vaxtlar müsəlman əhalinin özünüdərk səviyyəsinin və iqtisadi rifah halının yüksəlməsi islam maliyyə sisteminin inkişafına böyük təkan verir.
Müsəlman ölkəsi islama qarşı
İslam bankçılığının dünyada hər il 15% böyüdüyü bir məqamda bu sektora ilk zərbə qardaş Türkiyədən gəldi. Ölkə hökumətinin rəhbəri Rəcəb Tayyib Ərdoğan İslam Bankları Birliyi ideyasına münasibət bildirərkən gözünü yumub, ağzını açdı: “Bu, islam ölkələri üçün bir tələdir. Bu ideyanı ortaya atanlar islam əleyhdarlarının faizsiz maliyyəyə münasibətini pisləşdirir. Əğər faizsiz bankçılığa islam donu geydirilsə, bu, gələcəkdə bizim üçün böyük problem yaradacaq”.
Pulun dini, milləti, vətəni olmadığını söyləyən Ərdoğan “Pul civə kimidir, harda münasib şərait tapirsa, ora da axır”, deyib.
Keşmiş SSRİ-də iki “islam adası”: Qazaxıstan və Qırğızıstan
İslam bankinqinin MDB-də inkişaf perspektivlərini araşdırarkən ilk yada düşən ölkə əhalisinin 10%-i müsəlman olan, 1100 bankın fəaliyyət göstərdiyi Rusiya olur. Rusiyada 2006-cı ilə kimi səriət normalarına uyğun bank xidməti göstərən bircə bank qeydə alınıb: Badr-Forte Bank. Ancaq 4 il əvvəl Rusiya Mərkəzi Bankı şübhəli bank əməliyyatları olduğunu əsas gətirirək onun lisenziyasını ləğv edib.
Bu ilin ilk rübündə isə ölkədə islam prinsipləri ilə maliyyə fəaliyyəti göstərən Tatarıstan Beynəlxalq İnvestisiya Şirkəti yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon dollardır. Şirkət vəsaitlərinin 60%-ni Tatrıstandakı layihələrə, 40%-ni isə Rusiyanın digər regionlarına yönəltmək fikrindədir.
Keşmiş SSRİ məkanında islam bankinqindən uğurla yaralanan ölkələr Qazaxıstan və Qırğızıstandır. Maliyyə bazarının 3%-nin islam bankçılığının payına düşdüyü Qazaxıstanda bu bank fəaliyyəti ilə bağlı xüsusi qanun da qəbul olunub. Qanun hazırlanması yarım il çəkib. Qanun yaradıcılığına 25 il əvvəl Malayziyada islam bankını yaradan mütəxəssislər cəlb olunub. Qazaxıstan Mərkəzi Bankının rəhbəri ölkədə islam bankinqi üçün geniş imkanların yaradılmasını qlobal maliyyə böhranı nəticəsində ABŞ və Avropadakı ənənəvi maliyyə donorlarının itirilməsi ilə izah edib. Onun fikrincə, boş qalmış yeri Yaxın və Cənubi-Şərqi Asiyadan gələn investisiyalar dolduracaq.
Son illər yaşanan siyasi böhranlar Qırğızıstanda iqtisadi islahatları ləngitsə də, ölkədə islam bankçılığının tətbiqi ilə bağlı mühüm addımlar atılır. Qırğızıstan keçmiş SSRİ məkanında islam bankinqinin mərkəzi olmaq üçün Qazaxıstanla yarışa girib. keçmiş SSRİ məkanından danışmışkən, Azərbaycanda da son illər islam bankçılığının tətbiqi ilə bağlı işlər görülür.
Azərbaycanda islam bankçılığı: gələcəyə ümid var?
Ölkəmizdə İslam İnkişaf Bankı ilə islami qaydalar çərçivəsində əməkdaşlıq edən 7 bank (“Turanbank”, Azərbaycan Beynəlxalq Bankı, “Rabitəbank”, “Unibank”, “Bank Standart”, “Kövsərbank”, “Əmrahbank”) var. Ancaq islam prinsipləri ilə ilk bank xidmət göstərən Azərbaycan bankı “Kövsərbank”dır. Bugünlərdə isə Azərbaycan Beynəlxalq Bankında islam bankinqinin tətbiqi və inkişafını əhatə edən konsepsiya qəbul olunub. Konsepsiya xüsusi işçi qrupu tərəfindən hazırlanıb. 2009-cu ildən «İslam pəncərəsi» bölməsinin açılması üçün bankda xüsusi qrup yaradılsa da, işlər hələ yekunlaşmayıb. Bank qüvvədə olan qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi üzrə təkliflər hazırlayıb. Bank bir neçə beynəlxalq konsaltinq şirkəti ilə danışıqlar aparır və onların təkliflərini araşdırır. Noyabrin sonunda məsləhətçinin rəsmi olaraq təqdim ediləcəyi və layihəyə start veriləcəyi gözlənilir.
İslam bankinqini tətbiq etməyi planlaşdıran digər Azərbaycan bankı “TuranBank”dır. Bankdan verilən məlumata görə, islam bankçılığı üzrə bazarın tam təhlili aparılıb və bu istiqamətdə konsepsiya hazırlanıb. “TuranBank” şəriət qanunlarına əsasən mərhələlərlə bank məhsulları və xidmətlərinin tətbiqini həyata keçirməyi planlaşdırır. İslam bankçılığı çərçivəsində ilk növbədə həm korporativ, həm də pərakəndə istiqamətdə depozitlər üzrə xidmətlərin tətbiq olunacağı gözlənilir. Növbəti mərhələdə isə bank, “İslam pəncərəsi” vasitəsilə bütün növ innovativ bank məhsulları və xidmətlərinin tətbiqini nəzərdə tutur. Tətbiq olunacaq bank məhsullarının və xidmətlərinin sertifikatlaşdırılması Şəriət Komitəsinin nəzarəti altında fəaliyyət göstərən autsorsinq təşkilatı tərəfindən həyata keçiriləcək.
Gördüyünüz kimi, həm dünyada, həm də Azərbaycanda islam bankçılığının tətbiqi və inkişafı sahəsində böyük işlər görülür. Əğər bir gün İsrailin məşhur “Апоалим” və ya “Леуми” banklarının “İslam pəncərəsi” açdığını, şəriət qanunları ilə faizsiz kredit verdiyini eşitsəniz, heç təəccüblənməyin. Çünki dünyanın gedişatı belədir.
"Monitor Konsaltinq" jurnalından seçmə məqalə
P.S. Qeyd edək ki, yazı “Kövsərbank”ın lizensiyası ləğv edilməmişdən öncə çap olunub
0 Komment
Şərh yazın