Ahmet Erentoka amerikalı xanımla evlənməyi anası vəsiyyət edib
AZƏRBAYCAN TÜRKİYƏ İŞADAMLARI BİRLİYİNİN SƏDRİ AHMET ERENTOKUN İNDİYƏDƏK HEÇ BİR MƏTBU ORQANA DANIŞMADIQLARI YALNIZ «MK»DA
«BAŞQALARINA NÜMUNƏ GÖSTƏRİLMƏK XOŞUMA GƏLİR»
- Ahmet bəy, öncə istərdik bir qədər özünüz barədə məlumat verəsiniz.
- Mən 1962-ci il sentyabrın 21-də, cümə günündə, sabah açılanda Türkiyənin Ankara şəhərində dünyaya gəlmişəm. Əslən istanbullu olsaq da, o zamanlar atamın iş ilə əlaqədar ailəmiz Ankarada imiş. Soy-köküm Krım tatarlarına bağlıdır. Ankarada anadan olsam da, təhsili İstanbulda almışam. Buradakı təhsilimi tamamladıqdan sonra İngiltərəyə getdim. Orada Biznesin idarəedilməsi və iqtisadiyyatı fakültəsində oxudum. Daha sonra isə Amerikada Nyu-York Universitetində Beynəlxalq əlaqələr və hüquq üzrə magistratura bitirdim.
Təhsilimi başa vurduqdan sonra əsgərliyə getdim. Əsgərlik bitdikdən sonra öz işimi qurmağa başladım. O zamanlar kompyuter sistemləri təzə yaranırdı. Biz elə bir vaxtda fəaliyyətə başladıq ki, həmin zamanlar innovasiya anlayışı o qədər də geniş yayılmamışdı. Biz elə fəaliyyətə bu sahədən başladıq. Fərqli işlər görməyə başladıq. 20-ə yaxın şirkət yaratdıq. Qurduğumuz şirkətlərin heç də hamısı Türkiyədə deyildi. Şərqi və Qərbi Almaniya birləşməzdən öncə orada bir şirkət qurduq və işə başladıq. Bizim şirkət Şərqi Almaniyada yerləşirdi. Oradakı fəaliyyətimiz zamanı Almaniyanın Şərqinin və Qərbinin birləşməsi kimi tarixi bir hadisənin şahidi oldum. Almaniya ilə yanaşı digər Avropa ölkələri ilə də əlaqələr qururduq. Məsələn, İtaliyadan ilk dəfə Türkiyəyə bir çox mebellərin, mebel sənayesində istifadə olunan texnoloji avadanlıqların gətirilməsi, Türkiyədən oraya bir sıra məhsulların aparılması buna misal ola bilər. Bütün bu işlər bizdən öncə heç görülməmişdi.
Mənim həyatda əsas hədəfim də kimsə tərəfindən görülməyən işləri görmək olub. Fərqli bir şey yaratmaq, görülən işin fərqliyini insanlara sezdirmək - bunlar mənim iş həyatımın devizi olub. Belə olduqda adamı başqalarına nümunə göstərirlər. Mənim də bu, xoşuma gəlib. Ümumiyyətlə kimi isə təqlid etməkdən zəhləm gedir.
İşimlə yanaşı idmanla da məşğul oluram. Ümumiyyətlə idmana münasibətim yaxşıdır. Xizək sürürəm, tenis oynayıram. Gəmilə dəniz səfərinə çıxmağı sevirəm. Yoqaya böyük marağım var. Trenajorla məşğul oluram. Balıq tutmağa gedirəm. 47 yaşım olsa da, özümü çox gənc hiss edirəm.
«AZƏRBAYCANLA BİRLİKDƏ İNKİŞAF EDİRİK»
- Maraqlıdır, az vaxtda böyük işlər görəndən sonra Sizi Azərbaycana cəlb edən oldu?
- Azərbaycana qarşı hər zaman bir doğmalıq hiss etmişəm və ölkəyə ilk gəldiyim vaxtlardan etibarən hisslərimdə yanılmadığımı anladım. Bir vətənim Türkiyə, digər vətənim Azərbaycandır. Bu, sadəcə gəlişigözəl söz deyil. Mən eyni zamanda, Azərbaycan Respublikasının vətəndaşıyam.
Azərbaycan xalqının qonaqpərvərliyi, mehribanlığı diqqətəlayiq cəhətlərdir. Ölkənin təbiəti də gözəldir. Şərqlə Qərbin qovşağında yerləşən bu ölkənin unikallığı danılmazdır.
Təbii ki, məni bir işadamı olaraq bu ölkəyə cəlb edən ən əsas cəhətlərdən danışarkən investisiya mühitinin əlverişliliyini və dövlətin işadamlarına qayğısını qeyd etməyə bilmərəm.
- Necə oldu ki, Azərbaycanda fəaliyyətə başladız?
-Azərbaycana 1996-cı ildə gəldim. Həmin ildən sonra müxtəlif işlər gördüyüm ölkələr sırasına Azərbaycan da daxil oldu. Ölkənizdə müxtəlif sahələrdə işlər görmüşük. İnformasiya texnologiyaları, tikinti və digər sahələrə investisiya qoymuşuq. Azərbaycan Əmlak Fondunu yaratmışıq. Sadaladıqlarım Azərbaycanda fəaliyyətə başladığım illərdə gördüyüm ilk işlər idi. Sonra “AtaBank”ın səhmlərinin bir hissəsini aldıq. Çox keçmədi, onu daha da böyüdərək “AtaHoldinq”i təsis etdik.
Mənim ən çox maraq göstərdiyim sahələrdən biri təhsildir. Həmişə yanımda işləyən işçilərin təhsilinin yüksəldilməsi üçün çalışmışam. Onların təlimlərə, ixtisasartırma kurslarına göndərilməsi bizim fəaliyyətimizin əsas hissələrindən olub. Biliklərini inkişaf etdirmək istəyən insanlara daim dəstək vermişəm. Ətrafımda minlərlə kadr yetişib. Sağ olsunlar, mənə həmişə hörmət və ehtiram göstərirlər.
2004-cü ildən etibarən ATİB-in sədriyəm. 2010-cu ildə vəzifə müddətim bitir. Bizim nizamnaməyə görə, sədr 2 dəfədən artıq seçilə bilməz. Digər işlərə gəlincə, Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondu (ATAF), Azərbaycan Türkiyə Amerika Fondu (ATAF US) kimi birliklərin inkişafı üçün işlər görəcəyik. Dəyişən və inkişaf edən Azərbaycanda bizim yerimiz daim olub. Azərbaycanla birlikdə inkişaf edirik.
- ATİB-də çalışan işçilər hansı kriteryalara əsasən seçilir?
ATİB işçilərinin seçilməsi kriteryalarından birincisi birliyin strukturu ilə əlaqədardır. Bizim bir təşkilati strukturumuz var. Ondan əlavə departamentlərimiz, şöbələrimiz var. Hər birinin də özünün vəzifə təlimatları var. Mən tanışlıqla işə adam götürmürəm. Əgər vakansiya olan bir vəzifəyə uyğun bir tanış varsa, bu müsbət haldır. Biz işçilərin seçiminə yalnız peşəkarlıq baxımından yanaşırıq. Məsələn, bizim ictimaiyyətlə əlaqələr departamentimizdə Jalə xanım işini yaxşı bacaran kadrlardandır. Ümumiyyətlə, ATİB peşəkarlıq səviyyəsinə görə ictimai birliklər arasında ən güclüsüdür.
“AtaHoldinq”in peşəkarlıq səviyyəsi ilə də fəxr etməyə dəyər. “AtaHoldinq”i quranda bizə deyirdilər ki, siz bu bölgənin ən böyük şirkətisiniz. Amma mən bu fikirlə razılaşmırdım. Çünki bu işə müxtəlif prizmadan baxmaq olar. Hər kəsin bu barədə subyektiv fikri ola bilər. Mən deyirdim ki, bizim əsas özəlliyimiz şəffaflığımızdır. Kadr peşəkarlığı, güclü texnologiya baxımından bizim şirkətimiz çox irəlidədir.
«ƏGƏR BİR İŞÇİ NƏYİ İSƏ BAŞA DÜŞMÜRSƏ, FİKRİMİ ONA BEZMƏDƏN İZAH EDİRƏM»
- İşçilərə münasibətdə hansı prinsipləri rəhbər tutursuz? Əgər onlar nöqsana yol verirlərsə, bunu necə qarşılayırsınız?
- İşçilərə münasibətimi balanslaşdırmağa çalışıram. Onlara qarşı anlayış göstərib fikirlərini nəzərə almağa cəhd edirəm. Digər işadamlarına da tövsiyə edərdim ki, tabeliçiliklərində olan işçilərə xidmətçi kimi deyil, həmkar kimi yanaşsınlar. İşçilərin nöqsanlarına gəlincə, mənim reaksiyam onların eyni işdə nə qədər səhv etməsindən asılıdır. Birincisi, işçilərə tapşırıq verəndə deyirəm ki, başa düşmədiklərini soruşsunlar. Əgər bir işçi nəyi isə başa düşmürsə, ona fikrimi 10 dəfə olsa belə, başa düşənə qədər, bezmədən izah edirəm. İşçilərimə tez-tez deyirəm ki, səhv etməkdən qorxmasınlar. Hər bizimiz ara-sıra səhvlər edə bilərik. Səhv sizin uğurunuzun bir hissəsidir. Səhvə şiddətli reaksiya vermirəm. Yalnız bir halda, əgər işçi səhvini etiraf etmək istəmirsə, onda həmin adamla mənim hansısa problemim ola bilər.
«İKİNCİ XANIMIM ELİZABET AMERİKALIDIR»
- Ailəniz barədə nə deyə bilərsiz?
- Mən ilk dəfə 23 yaşımda ailə qurmuşam. Bu nikahdan 3 il sonra bir qızım dünyaya gəlib. Hazırda onun 21 yaşı var və Londonda Beynəlxalq Amerika Universitetində Beynəlxalq kommunikasiya və siyasət fakültəsində təhsil alır. İkinci nigahımdan sonra isə 2 oğlum dünyaya gəldi. Birinin 6, digərinin isə 4 yaşı var. İkinci dəfə ailə qurduğum xanım amerikalıdır.
- Necə oldu ki, əcnəbi xanımla ailə qurdunuz? Ailədə dünyagörüşünüzdən, böyüdünüz mühitdən, aldığınız tərbiyədən dolayı aranızdakı fərqlər problem yaratmır ki?
- Biz Bakıda tanış olmuşuq. O, çox şən və maraqlı bir insandır. Hətta mənim dostlarım onu məndən də çox istəyirlər. Biz bir-birimizi çox yaxşı başa düşürük. Həyat yoldaşım bizim adətlərimizə hörmətlə yanaşır və Ramazan ayında adətlərə uyğun şəkildə mənə sahur və iftar süfrələri hazırlayır. Elizabetlə bizim dünayaya baxışlarımız çox oxşayır. Bununla yanaşı, bizim ailəmiz də bir-birinə bənzəyir. Onunla evlənməyimi anam çox istəyirdi. Dünyasını dəyişməzdən öncə mənə deyirdi ki, onunla evlənməlisən və mən də evləndim. Münasibətimiz çox yaxşıdır. Biz uşaqlara da dini mənsubiyyət baxımından sərbəstlik vermişik. Mədəniyyət fərqliliyi yaşamırıq. Bunun yaranmasına da imkan vermirik.
«QIZIMLA TELEFONLA DANIŞARKƏN İKİMİZ DƏ AĞLAYIRDIQ»
- İşinizdən dolayı tez-tez işgüzar səfərlərdə olursunuz. Bu sizin ailənizə vaxt ayırmanıza mane olmur?
- Bu mənim ən yaralı yerimdir. Dünya üzrə həftəlik çalışma limiti 40 saatdır. Amma məndə bu göstərici 100 saatdır, desəm yalan olmaz. Qızım anadan olarkən mən hələ gənc idim. O zamanlar işimlə bağlı Almaniyaya gedirdim. O dövrlər tez-tez səfərlərim olurdu və həmin vaxtlar cib telefonu yox idi. Həmişə qızımla telefonla danışarkən ikimiz də ağlayırdıq. İlk dəfə onda həsrət çəkmək nədir, başa düşdüm. Mən həyatım boyu həsrət çəkən olmamışam. Vətən həsrəti çəkmişəm, amma insan həsrəti yox. İkinci oğlum olanda da işlərimin gərgin vaxtı idi. “AtaHoldinq” təzə yaranırdı.
Etiraf etməliyəm ki, yaşadığım ömrüm boyu ailəyə çox az vaxt ayırmışam. Son illər yeni ildə və yayda onlara vaxt ayırmağa çalışıram. Mən həmişə deyirdim ki, 2008-ci ildə yarımpensiyaya çıxacağam, 2013-cü ildə isə tam təqaüdçü olacağam. Bu sözümə həmişə zarafat kimi baxırdılar. Mən iş həyatında həmişə istədiyim uğurları əldə etmişəm. Həyatda yaxşı görmədiyim iş atalıq olub. İndi bu səhvimi aradan qaldırmaq üçün əlimdən gələni edirəm. Çalışıram gücüm çatan qədər yaxşı ata olum. İlin əvvəlindən 5 ay ailəmin, uşaqlarımın yanında qaldım. Gördüm ki, ata-ana birlikdə olanda uşaq da çox xoşbəxt olur. Onlarla birlikdə vaxt keçirmək çox xoşdur. Amerikada olarkən uşaqlarla velosiped minib, gəzirəm, əylənirəm. Söz verirəm ki, bundan sonra yaxşı ata olmağı bacaracam.
«UĞURSUZLUQDAN QƏTİYYƏN QORXMAYIN, O SİZİN DOSTUNUZDUR»
- Sizcə, uğur qazanan bir işadamı olmağın düsturu necədir?
- Əvvəla, uğur qazanan işadamı olmaq üçün istəyən adama rahat bir həyat vacibdir. Burada sağlamlıq çox önəmlidir. Bir insan fiziki cəhətdən sağlam olanda onun beyni də sağlam olur. İkincisi isə, insan ətrafdakılara hörmət göstərməlidir. Çalışdığınız insanlara hörmət göstərmək, yanınızda işləyən insanlarla müzakirələr aparmaq, onların fikirlərini öyrənmək lazımdır. Daim inkişafda olmaq zəruridir. İşçiləri düzgün idarə etmək üçün daim bilik səviyyəsini balanslaşdırmaq lazımdır. Bu zaman nə istədiyinizi, nə tələb etdiyinizi daha yaxşı başa düşəcəksiniz.
Bu deyilənlərə yanaşı, ailə həyatının da yerində olması vacib amildir. Yaxşı işadamının arxasında bacarıqlı bir xanım dayanır. İddia hissini daim nəzarətdə saxlamaq lazımdır. Ən böyük tövsiyəm isə budur ki, iş dünyasında müvəffəqiyyətli olmaq üçün insan ilk öncə özünə hörmət etməli, özünü sevməlidir. İnsanın özündən sonra qoyub gedəcəyi ən böyük sərvət isə uşaqlarına qalan təmiz bir addır. Bu cəhətdən bəxtimin gətirdiyini düşünürəm. Mənim gənclərə tövsiyəm səbirli olmaqdır.
Mən öz işçilərim üçün həmişə müxtəlif tövsiyələr hazırlayıram. Bu tövsiyələrdən birini də sizin vasitənizlə yeni karyera quran insanlara çatdırmaq istəyirəm. Tövsiyənin adı «Uğur və uğursuzluq»dur: “Uğursuzluq təcrübə cəsarətindən yoxsul olmaqdır. Nə az, nə çox, insan xəyalları arasında duran tək mane uğursuzluq qorxusudur. Uğursuzluq hər hansı bir işdə uğur üçün şərtdir. O, mütləq lazımdır. Uğursuzluq bizi sınaqdan keçirir və inkişafımız üçün bizə kömək edir. İşıqlı adam olmaq yolunda dərslər verir və bizə istiqamət göstərir. Uğursuzluqdan qətiyyən qorxmayın, o sizin dostunuzdur”.
"Monitor Konsaltinq" jurnalının 2-ci sayından (iyul 2009) seçmə
0 Komment
Şərh yazın