İşdən çıxarmaq sənəti
RƏHBƏR İŞÇİNİ İŞDƏN NECƏ ÇIXARMALIDIR Kİ, ETDİYİ PİSLİYİN ƏVƏZİNDƏ «SAĞ OL» ALSIN
Əksər rəhbərlərin dediklərinə görə, iş prosesində qarşılaşdıqları ən çətin məsələ işçini işdən çıxarmaqdır. Çox təəssüf ki, onlar bunu tez-tez etməli olurlar. Psixioloqların fikrincə, bu məsələdə bir nömrəli qayda belədir: çalışın ki, məsələnin mahiyyətindən danışasınız, söhbəti uzatmağın mənası yoxdur, fikrinizi dəqiq və aydın izah edin. Bəzəkli cümlələrdən istifadə etməyin. Nə deməyə hazırlaşmışdınızsa, onu da deyin, nə qədər çətin olsa da, birbaşa mətləbə keçin.
Rəhbərin üstün keyfiyyətlərindən biri də işdən azad olunanın qəzəbini sakit qarşılamaqdır. Adamları işdən azad edərkən hirsə, əsəbiliyə sakit reaksiya vermək işdənçıxarmanın yarısıdır. Maraqlıdır ki, işdənçıxma xəbərini alan işçilərin əksəriyyəti rəhbərə necə məyus, dilxor olduğunu çatdırmaq ehtiyacı hiss edir, o an hisslərini ifadə etməyə utanmır. Bu məqamda rəhbərin öhdəsinə düşən başlıca iş qulaq asmağı bacarmaqdır. Rəhbərin sir-sifətindən hiss olunmasa belə, o, işçinin dərdini bölüşməli, işini itirənin çəkdiklərini az da olsa yaşamalıdır.
Bir həqiqət da var ki, kimisə işdən azad etmək rəhbər üçün də çətindir. Əgər söhbət kütləvi ixtisardan gedirsə, məsələ bir az da qəlizləşir. Bu zaman son görüşdən əvvəl xaraktercə yaxın olan işçilərlə ayrı-ayrılıqda ünsiyyətdə olmaq üçün rəhbər onları qruplaşdırmalıdır. Çətin vəziyyətə düşən rəhbər yüngülləşmək, dərdini bölüşmək üçün şirkətdən kənardakı yaxın dostuna ürəyini boşaltsa, yaxşıdır.
İşədüzəltmə üzrə bəzi ekspertlərin fikrincə, rəhbər işdən azad etdiyi işçi ilə sonuncu görüşündə daha çox onun güclü tərəflərindən danışmalıdır. Onda işdən azad olunan işçi rəhbərinə «çox sağ ol» deyəcək. Əgər güclü işçini xərclərin azalması səbəbindən işdən çıxarırsınızsa, mütləq onun necə gərəkli kadr olduğunu vurğulamalısınız.Hətta əlaqələrinizdən istifadə edib ona başqa yerdə iş də təklif edə bilərsiniz.
İnşallah, işdən çıxmaq barədə məsləhətlərimiz rəhbərlərə nadir hallarda lazım olar.
0 Komment
Şərh yazın