Luka Paçolinə niyə "mühasibatlığın atası" ləqəbini veriblər
Hər il noyabrın 10-da qeyd olunan mühasiblərin beynəlxalq peşə bayramı bütün dünya tərəfindən “Mühasibatlığın atası” kimi qəbul olunan italyan maliyyəçisi Luka Paçolinin şərəfinə təsis olunub.1494-cü ilin 10 noyabrında Luka Paçolinin mühasibatlığa həsr olunan kitabı nəşr olunub. Əvvəlcə, Luka Paçoli haqqında qısa tarixi ekskurs edək, sonra söhbətinmizi davam etdirək.
İlk təsərrüfat uçotunun 6000 il əvvəl aparıldığı deyilir. Hətta deyilənə görə, Afina və Romanın məşhur natiqləri Demosfen və Siseron çıxış zamanı mühasibat sənədlərindən istifadə ediblər ki, onların dedikləri daha inandırıcı görünsün. Belə faktların siyahısını uzatmaq da olar. Ancaq hər şey Luka Paçolinin mühasibatlığa sistemli şəkildə, bir elm kimi yanaşmasından başladı. Təsadüfi deyil ki, məşhur alman filosofu Oskar Şpenqler dünyanı 3 adamın dəyişdiyini yazırdı: Kolumb, Kopernik və Paçoli!
Mühasiblər üçün sonuncu ad daha doğmadır. Dünyanı dəyişən 3 adamın siyahısında bir mühasibin, maliyyəçinin yer alması mühasiblərin insan təfəkkürünun inkişafında və iqtisadi inkişafda rollarının olmasına danılmaz sübutdur.
1494-cü ildə Luka Paçoli “Hesablar və yazışmalar haqqında traktat” əsərini nəşr etdirir. Bu, mühasibatlığın ikili xarakteri haqqında ilk nəşr idi. 500 ildən artıqdır ki, Luka Paçolinin ideyaları uçotun elm kimi inkişafına əvəzsiz təsir göstərir.
Luka Paçoli yazırdı:
“Kim düzgün ticarət aparmaq istəyirsə 3 şərtə mütləq əməl etməlidir:
- Birincisi və ən əsası, nəğd pulu və digər qiymətliləri olmalıdır;
- İkincisi, kitab tutmağı və sürətli hesablamağı bacarmalıdır;
- Üçüncüsü isə, işini elə qurmalıdır ki, gecikmədən borcları, kapitalı və öhdəlikləri barədə məlumat ala bilsin.
Luka Paçolinin böyüklüyü təkcə onda deyil ki, o, ikili yazışmanı (müxabirləşməni) elmi cəhətdən əsaslandırıb və mühasibatlığın metodoloji əsaslarını yaradıb. O, həm də mühasibat etikasının əsalarını formalaşdırıb.
Luka Paçoli öz əsrində mühasibatlıq sahəsində yeganə alim olmayıb. Onun Benedetto Kotruli kimi sələfi, H.Hrammateus, D.Mançini, Y.İmpin, V. Şvayker, V.Menqri, A. Pietro kimi davamçıları olub.
Luka Paçoli mühasibat uçotunda bu gün də öz əhəmiyyətini itirməyən 5 əsas prinspin müəllifidir:
1. O, “debet” və “kredit” anlayışlarından istifadə etmədən ikili yazılışın nəzəri izahını verib, uçotun personal modelini yaradıb və onun hüquqi izahını əsaslandırıb;
2. Uçotun personal modeli sonradan debet, kredit kimi abstrakt mühasibat kateqoriyalarına ayrıca baxmaq imkanı yaradıb. Bununla da uçota elm kimi yanaşılmasının əsası qoyulub;
3. Luka Paçoli ilk dəfə mühasibat uçotuna ikili yazışmaya əsaslanan və təsərrüfat əməliyyatlarını əks etdirən müstəqil metod kimi yanaşıb;
4. O, ikili yazışmanı hesablara şamil edib;
5. Mühasibat uçotunda ilk dəfə modelləşdirmə tətbiq edib ki, bu da ümumi model qurmağa və onun çərçivəsində istənilən uçot vəzifəsinə ayrıca hadisə kimi baxmağa imkan yaradıb.
O vaxtdan çox illər keçib və Luka Paçolinin davamçıları mühasibat uçotunu daha da təkmilləşdiriblər. Artıq mühasibat uçotu həm rəhbərlik, həm də xarici istifadəçilər üçün müəssisənin təsərrüfat fəaliyyəti haqqında tam təsəvvür formalaşdıran informasiya idarəetmə sisteminin malliyyə mərkəzidir.
0 Komment
Şərh yazın