Vergi Apellyasiya Şurasına rəsmi baxış
VERGİLƏR NAZİRLİYİNİN HÜQUQ İDARƏSİNİN RƏİS MÜAVİNİ, VERGİ APELLYASİYA ŞURASININ KATİBLİYİNİN RƏHBƏRİ AYSU MƏMMƏDOVA “MK”-nın SUALLARINI CAVABLANIDRIR
Vergi Apellyasiya Şurası niyə yaradıldı?
- Vergi Apellyasiya Şurası Azərbaycan Respublikasının vergilər nazirinin 7 mart 2008-ci il tarixli əmri ilə vergi ödəyicilərinin hüquqlarının hərtərəfli müdafiəsi, onların şikayətlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması sahəsində nəzarətin gücləndirilməsi, korrupsiya ilə əlaqədar müraciətlər istisna olmaqla, digər şikayətlərə baxılması işinin təkmilləşdirilməsi məqsədilə yaradılıb. Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması, mübahisəli vergi məsələləri üzrə verilmiş qərarlardan məhkəməyə şikayətlər üçün sərf olunan xərclərin və vaxt itkisinin qarşısının alınması, tərəflər arasında bərabər hüquqlu və aşkar müzakirələrin aparılmasına şərait yaradılması, məhkəməyə qədər sadələşdirilmiş prosedurlara əməl edilməklə vergi mübahisələrinin obyektiv şəkildə həll edilməsi Vergi Apellyasiya Şurasının fəaliyyətinin əsas məqsədlərindəndir.
Şuranın tərkibi necə formalaşır?
- Vergi Apellyasiya Şurası kollegial orqandır, sədrdən və 7 şura üzvündən ibarət tərkibdə təşkil olunur. Şuranın fərdi tərkibi vergilər nazirinin əmri ilə təsdiq olunur.
İndiyədək neçə şikayətə baxılıb
- Vergi Apellyasiya Şurasının icraatına ümumilikdə 56 iş daxil olub və onlardan da 29-u Şuranın iclaslarının müzakirəsinə çıxarılıb. Bu müraciətlərin 14-ü təmin edilib, 11-i təmin edilməyib, 1-i baxılmadan saxlanılıb və 4-ü üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınıb. Digər müraciətlər müvafiq tələblərə cavab vermədiyindən müzakirəyə çıxarılmayıb.
Şuraya necə müraciət etmək olar?
- Vergi Apellyasiya Şurası vergi orqanları tərəfindən tərtib olunmuş aktlardan və aktların nəticələri üzrə qəbul edilmiş qərarlardan vergi ödəyicilərinin verdikləri təkrar şikayətlərə və vergilər nazirinin Apellyasiya Şurasında baxılmasını məqsədəuyğun hesab etdiyi istənilən məsələyə baxan kollegial orqandır.
Vergi ödəyiciləri və vergi orqanları Vergi Apellyasiya Şurasına müraciət edərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun, Vergi Apellyasiya Şurasının Əsasnaməsinin və qüvvədə olan digər hüquqi aktların tələblərinə əməl etməlidirlər. Belə ki, şikayət, ərizə və müraciətlər müraciət edən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. Müraciət hüquqi şəxs tərəfindən daxil olduqda isə əlavə olaraq, hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Bu tələb rezident və xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarına da şamil edilir.
Vergi Apellyasiya Şurasına daxil olan ərizə, şikayət və müraciətdə onu göndərmiş fiziki və ya hüquqi şəxsin adı və VÖEN-i, şikayət edilən qərarı qəbul etmiş müvafiq vergi orqanının adı, haqqında şikayət edilən qərarın tarixi və nömrəsi göstərilməlidir. Bundan başqa haqqında şikayət olunan məsələ ilə bağlı nazirliyin funksional idarələrinə edilmiş müraciət və alınmış cavablar barədə məlumat, şikayət edən şəxsin tələbi və bununla bağlı irəli sürdüyü dəlillər, şikayətə əlavə edilmiş sənədlərin siyahısı göstərilməlidir. Şikayəti əsaslandıran digər sənədlərin – başqa dövlət və ya qeyri-dövlət orqanlarından alınmış arayış, məktub, qəbz və s.nin müvafiq qaydada təsdiq olunmuş surətləri də Vergi Apellyasiya Şurasına təqdim edilməlidir.
Vergi ödəyicilərinin vergi orqanlarının aktlarından və aktların nəticələri üzrə qəbul edilmiş qərarlarından birbaşa Vergi Apellyasiya Şurasına daxil olmuş şikayət və ərizələri araşdırılmaq üçün nazirliyin funksional idarələrinə göndərilir.
Vergi Apellyasiya Şurasının eyni məsələ üzrə, eyni əsaslarla qəbul edilmiş qərarlarından və ya vergilər nazirinin eyni məsələ üzrə verdiyi qərarlardan (yazılı cavablardan) Şuraya yenidən müraciət edilə bilməz. Hər hansı bir qərardan (aktdan) verilən şikayət və ya iddia ərizəsi eyni zamanda məhkəmə icraatında da olarsa, həmin şikayətlər Vergi Apellyasiya Şurası tərəfindən baxılmaq üçün qəbul edilmir. Şikayətin predmeti üzrə digər səlahiyyətli inzibati orqanın və ya məhkəmənin qərarı olduqda Apellyasiya Şurası müraciəti baxılmamış saxlayır.
Vergi Apellyasiya Şurasına şikayət, ərizə və müraciətlər yazılı şəkildə kağız daşıyıcısında və ya elektron variantda verilir. Yeri gəlmişkən, Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Vergi Apellyasiya Şurası” bölməsi (http://www.taxes.gov.az/?name=apellyasiya) yaradılıb ki, bu da vergi ödəyicilərinin Vergi Apellyasiya Şurasına elektron şəkildə müraciət etmələri üçün geniş imkanlar açıb.
Şura günahkar vergi əməkdaşını cəzalandırır?
- Vergi Apellyasiya Şurasının qərarlarında vəzifələrini keyfiyyətlə yerinə yetirməmiş, funksional vəzifələrinin icrasında nöqsanlara yol vermiş vergi orqanlarının müvafiq vəzifəli şəxslərinin intizam məsuliyyətinə cəlb olunması məsələsinə baxılması barədə tövsiyələr qeyd olunur.
Vergi Apellyasiya Şurasının iclaslarında baxılmış məsələlər üzrə bu günə kimi 6 vergi orqanı əməkdaşı bu və ya digər formada intizam məsuliyyətinə cəlb olunub.
Şura növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini qərara alanda onun nəticələrini diqqətdə saxlayır?
- Yuxarıda qeyd etdiyim kimi, Apellyasiya Şurasında baxılmış məsələlərdən 4-ü müvafiq vergi ödəyicilərində növbədənkənar səyyar vergi yoxlaması keçirilib və onlardan 3-nün nəticələri müvafiq qaydada rəsmiləşdirilib. Belə ki, Hüseynov Cəmil Faiq oğlu barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 iyun 2011-ci il tarixli Qərar çıxarılıb. Qərarda muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və ƏDV üzrə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq 9212,86 manat əlavə verginin hesablanması və 4625,58 manat maliyyə sanksiyasının tətbiq edildiyi öz əksini tapıb. Hüseynov Arif Səfər oğlu barədə də eyni tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılıb, qərarda muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və ƏDV üzrə haqlı olaraq 6309,62 manat əlavə vergi hesablandığı və 3154,81 manat maliyyə sanksiyası tətbiq edildiyi qeyd olunub.
Müstəqil Rəcəb Kiçik Müəssisəsi barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 sentyabr 2008-ci il tarixdə çıxarılmış Qərara əsasən isə, xronometraj metodu ilə aparılmış müşahidənin nəticələrinə görə hesabat ayları üzrə hesablanmış kameral vergi məbləğləri əsassız hesab edilib, yoxlanılan dövrdə əmlak vergisi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 37,46 manat azaldıldığı və əksinə, ƏDV-nin 223682,1 manat məbləğində artıq hesablandığı müəyyən edilərək azaldılmış vergi məbləğinə 9,37 manat maliyyə sanksiyası tətbiq edilib. “SV Alqı-Satqı” MMC-də isə növbədənkənar səyyar vergi yoxlaması hal-hazırda davam edir.
"Monitor Konsaltinq" jurnalının 26-ci sayından
0 Komment
Şərh yazın