Elektron imzadan istifadə kağızla işləməkdən canımızı qutaracaq?

Elektron imzadan istifadə kağızla işləməkdən canımızı qutaracaq?

«Elektron imza» almaq üçün hara müraciət etmək lazımdır?

"Azərpoçt"un mərkəzi poçt şöbələrində və filiallarında qeydiyyat mərkəzləri yaradılıb. Onlar «elektron imza» sertifikatları üçün müraciət edən vətəndaşlardan, hüquqi və fiziki şəxslərdən, eləcə də dövlət hakimiyyəti yerli idarəetmə orqanlarından ərizələri qəbul edirlər. Elektron ərizələr də avtomatik şəkildə bizə daxil olur. Yeri gəlmişkən, qeyd edim ki, hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ilə (BTRİB) bu sahədə işlərimiz gedir, onlara müqavilələr təqdim olunub. Eləcə də Ədliyyə Nazirliyi ilə işlər aparılıb. Vergilər Nazirliyi ilə böyük planlarımız var. Nəzərə almaq lazımdır ki, respublikada 200 minə qədər hüquqi şəxs var. Həmin vergi ödəyicilərinin hər biri «elektron imza»dan istifadə etməklə vergi bəyannamələrini doldura bilərlər. İnanırıq ki, yaxın zamanlarda bu iş reallaşacaq. Bununla da "elektron imza" istifadəçilərinin sayı xeyli artacaq. Bundan başqa, hazırda abituriyentlərin elektron ərizə verilməsində "elektron imza" sertifikatından istifadə edilməsi məsələsi öyrənilir. Çalışırıq ki, bu işlər yaxın gələcəkdə reallaşsın. Çünki bu, təkcə bizdən deyil, eyni zamanda TQDK-dan asılıdır. Bundan başqa, Məlumat Hesablama Mərkəzinin daha bir layihəsi var – Elektron Hökumətin Dövlət İnformasiya Sistemi (EHDİS). Bu sistemə də «elektron imza» sertifikatı ilə daxil olmaq mümkünləşəcək. EHDİS-in istifadəyə verilməsi bu ilin martına planlaşdırılır. Hesab edirik ki, bundan sonra elektron imzanın daha geniş tətbiqinə imkan yaranacaq. Məndə olan məlumata görə, bu günə qədər 900-ə qədər "elektron imza" sertifikatı artıq reallaşdıra bilmişik. Düşünürəm ki, bunun sayı getdikcə daha da artacaq.

«Elektron imza»nın vətəndaşlar üçün hansı üstünlükləri ola bilər?

-Məntiqli sualdır. Ona görə əvvəlcə bildirim ki, «elektron imza» internet aləmində, yəni elektron dünyada şəxsiyyətin təsdiq olunması vasitəsidir. Eləcə də informasiyanın qorunmaq vasitəsidir. «Elektron imza» həm də məlumatın kimə məxsus olduğunu təsdiq, eləcə də məlumatın inkarolunmazlığını sübut edir. «Elektron imza və elektron sənəd haqqında» qanunda göstərilib ki, «elektron imza» kağız üzərində qoyulan əl imzasına bərabərdir. Yeri gəlmişkən, qeyd edim ki, hər dövlətdə də belə bir qanun yoxdur. Bu, bizim qanunun əsas üstünlüklərindən biridir. Hətta biz ruslarla bu məsələlər ətrafında fikir mübadiləsi aparanda onlar bildirirdilər ki, Rusiya qanunlarında belə bir maddənin olmamasına təəssüflənirlər və onu qəbul etməyə çalışırlar. Bu gün bizim insanların əksəriyyətinin «elektron imza»sı olmasa da, hər birimizin elektron poçt ünvanımız var. Bununla da informasiya mübadiləsi aparırlar. Lakin burada heç kim sübut edə bilməz ki, aldığın məlumatı orada göstərilən ünvandan qəbul etmisən. Yəni istənilən haker elektron poçt ünvanınızı öyrənə bilər və sizin adınızdan başqasına hər hansı informasiya göndərə bilər. Bunu sübut etmək də çox çətindir. «Elektron imza»da isə bu hal mümkün deyil. «Elektron imza» ilə imzalanmış istənilən elektron informasiya qəbul tərəfə bildirir ki, məlumat göndərən şəxs həqiqətən də göstərilən insandır. Çünki «elektron imza»da göstərilir ki, məlumatı imzalayan kimdir, hansı vəzifə sahibidir və yaxud adi vətəndaşdır, imzası hansı müddətə qüvvədədir və ona bizim mərkəz də təminat verir. Əgər məlumatda hər hansı bir nöqtə və ya vergül belə dəyişibsə, onu qəbul edən tərəf biləcək ki, məlumat artıq dəyişdirilib. Göndərilən məlumat göndərən adama artıq məxsus deyil. «Elektron imza»nın texnologiyası elə qurulub ki, istənilən informasiyanın HESH funksiyası yaradılır və o şifrələnir. Qəbul tərəfdə isə alınan informasiyanın HESH funksiyası açıq açarla deşifrə olunur, açılır və bu iki məlumat yoxlanılır. Riyaziyyatda da belədir ki, bu məlumatlar eynidirsə, onlar mütləq üst-üstə düşəcək. Üst-üstə düşürsə, deməli, həqiqətən də aldığımız məlumatı göndərən insan imzalayıb.

Vətəndaşın elektron imza ilə müraciət etməyi ilə hər şey həll olunur?

- Bizim qanunvericiliyimizdə də göstərilib ki, istənilən dövlət hakimiyyəti orqanına elektron məktubla müraciət edilə bilər. Məsələn, vətəndaş evində oturaraq nazirliyə müraciət etmək istəyir. Bunun üçün də məktub yazaraq nazirliyə getməyə bilər. Evində internetə daxil olaraq bu işləri görə bilər. Onun internetlə göndərdiyi məktub da kağızla təqdim edilən məktubla eyni hüquqi qüvvəyə malikdir. Ancaq belə bir müraciət etmək üçün hökumət gücləndirilmiş «elektron imza» dan istifadə etməlidir. Adi halda isə belə bir məktub yaza bilməz. Yəni yazdığı elektron məktubu «elektron imza» ilə imzalamalıdır. O imzalanırsa, artıq hüquqi qüvvəyə malik olur. İstənilən dövlət orqanı da bu məktuba rəsmi şəkildə cavab verməyə borcludur.

Vətəndaş tez-tez poçtunu yoxlasın yoxsa qapıda poçtalyonu gözləsin?

- Rəsmi orqanlar bu zaman elektron cavab versə, daha yaxşıdır. Amma hər iki halda eyni hüquqa malikdir. Onu da bildirim ki, ötən ilin may ayında Prezident İlham Əliyevin «Elektron xidmətlər haqqında» sərəncamı oldu. Bu sərəncama uyğun olaraq bütün dövlət hakimiyyəti orqanları artıq əhaliyə elektron xidmətlərini təklif ediblər. Bu xidmətlər daha da genişlənir. Üstəgəl, mart ayında istifadəyə veriləcək EHDİS sistemi üzərindən hər kəs özünə məxsus informasiyanı ala biləcək, eyni zamanda dövlət hakimiyyəti orqanlarına müraciət edə biləcək. Burda da vətəndaşın tanınması bizim məhsulumuz olan «elektron imza» sertifikatı ilə müəyyən ediləcək. Əhali üçün daha geniş imkanlar alçılacaq. Ola bilər ki, indiki halda «elektron imza» adi vətəndaş üçün o qədər də maraqlı deyil. Lakin EHDİS istifadəyə veriləndən sonra isə hər kəs buna maraqlı olacaq. Çünki evdə oturaraq istənilən orqana məktub yazmaq həm iqtisadi cəhətdən əlverişlidir, həm də vaxt udmaq baxımından gərəklidir.

«Elektron imza» kartının bəs istifadə qiyməti nəqədərdir?


- Burada 3 tarif var. Maraqlananlar «e-imza.az» saytından da geniş məlumatlar əldə edə bilərlər. Bildirim ki, «Elektron imza» kartı adi vətəndaşa 30 manata başa gələcək. Kart 3 illiyə verilir. Bu müddətdə bərabər hüquqlarla məlumatları imzalaya bilərlər. Əslində adi vətəndaşlar üçün verilən kartın qiyməti digər tariflərə nisbətdə həddindən artıq ucuzdur. Belə bir aşağı qiymət ona görə götürülüb ki, vətəndaşlar bundan istifadə edə bilsin. Nəzərə almaq lazımdır ki, dövlət hakimiyyəti orqanları üçün onun qiyməti 135 manat, hüquqi və fiziki şəxslər üçün isə 168 manatadır. - Dövlət orqanlarında çalışanlar «Elektron imza» kartını hansı prosedurla alırlar? - Dövlət orqanlarında işləyən hər bir şəxs gəlib özü üçün harada işləməsi ilə əlaqədar «Elektron imza» kartını ala bilməz. O, ya adi vətəndaş kimi almalıdır, ya da çalışdığı qurumun tərkibində almalıdır. Məsələn, RİTN öz işçiləri üçün «elektron imza» sertifikatını necə ala bilər? Qanunvericiliyə görə, nazirliyin rəhbərliyi tərəfindən səlahiyyətli şəxs müəyyən olunur. Həmin şəxs tələb olunan sənədlərlə bizə müraciət edir. O, səlahiyyətli şəxs olmasını təsdiq edən etibarnamə və kart alacaq şəxslərin siyahısını və şəxsiyyət vəsiqəsini, vəzifələrini müəyyən edən sənədləri, elektron poçt ünvanlarını bizə təqdim edir. Biz də həmin sənədləri yoxlayır, sertifikatları hazırlayırıq və onları da səlahiyyətli şəxsə veririk. Biz imza sahibini bilavasitə görmürük. Burada bütün prosesləri səlahiyyətli şəxs yerinə yetirir. Əgər həmin vəzifəli adamlardan hansısa biri işdən çıxarsa, səlahiyyətli şəxs bizə müraciət edir və onun sertifikatı dayandırılır. Qanunvericiliyimizdə göstərilib ki, Azərbaycan vətəndaşı bir neçə «elektron imza» sertifikatına malik ola bilər. Vətəndaş həm vəzifəsi ilə əlaqədar, həm də adi vətəndaş kimi.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin baş mütəxəssisi,
«Elektron imza» layihəsinin rəhbəri Nadir Rəsulov Ictnews.az saytına müsahibəsində
n

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər