Xalis mənfəətlə dividendin “münaqişəsinə” Konstitusiya Məhkəməsi necə son qoydu
VERGİ MƏCƏLLƏSİNİN DAHA BİR MADDƏSİNƏ AYDINLIQ GƏTİRİLDİ
Dekabr ayının əvvəlində Konstitusiya Məhkəməsi Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinin şərh edilməsinə dair iclas keçirib. Əvvəlcə gəlin, Vergi Məcəlləsinin adıçəkilən diqqət yetirək:
“Dividend — hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş.
Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır”.
Maddənin şərh edilməsinin səbəbkarı kim olub?
Maddənin şəhr olunmasının səbəbkarı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi olub. Vergi Məcəlləsinin (VM) 13.2.15-ci maddəsinin şərh olunmasına dair Konstitusiya Məhkəməsinə müraciət edən məhkəmə VM-in 13.2.15-ci maddəsində dividendə verilmiş açılışın mənfəətin və ya gəlirin səhmdarlar arasında digər ödəmələr şəklində bölüşdürülməsinin müxtəlif mənalarda şərh edilməsi üzündən mübahisələrin həlli zamanı çətinliklər yaratdığını, vergi ödəyicilərinin hüquqlarının pozulması ilə nəticələnən məhkəmə qərarlarının qəbul edilməsinə səbəb olduğunu əsas gətirib.
Qərarın qəbul olunmasında kimlər iştirak ediblər?
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi İsmayıl İsmayılovun iştirakı ilə keçirilib. Maraqlı subyektlərin nümayəndələri kimi pelnumda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışova və Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin Maliyyə və büdcə qanunvericiliyi sektorunun müdiri Rövşən Muradov iştirak ediblər. Ekspertlər qismində plenuma Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Afət Mirzəyeva və “Dəmirbank” ASC-nin hüquqşünası Əfqan İsazadə dəvət olunublar. Mütəxxəssislər isə Ali Məhkəmənin hakimi İlqar Dadaşov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Hilal Xəlilov, Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Cəmil Əlizadə, həmin nazirliyin Hüquq şöbəsinin baş məsləhətçisi Anar Əsədov, Vergilər Nazirliyinin Hüquq idarəsinin rəis müavini İlqar Süleymanov və həmin nazirliyin yanında Xüsusi rejimli vergi departamentinin Hüquq şöbəsinin rəisi Vüqar Qurbanov olub.
Konstitusiya Məhkəməsinin Plenumunun qərarı necə olub?
Oxucular maraqlı və istinad nöqtəsi olacağını nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumunun qərarını olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Hüquqi şəxsin xalis mənfəəti dividend şəklində səhmdarlar arasında bölüşdürülmədiyinə, səhmdarlara ödənilmədiyinə və səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirmədiyinə görə, onun nizamnamə kapitalının artırılmasına yönəldilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsində nəzərdə tutulmuş dividend anlayışı ilə əhatə olunmur və dividendlərin vergiyə cəlb edilməsi üzrə vergi qanunvericiliyinin müddəaları bu əməliyyatlara şamil edilmir.
2. Bölüşdürülməmiş mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi nəticəsində səhmdarların səhmlərinin nominal dəyərinin artırılması yalnız səhmlərin təqdim olunduğu halda fiziki şəxs olan səhmdarın gəlir vergisinin, hüquqi şəxs olan səhmdarın isə mənfəət vergisinin hesablanmasına səbəb ola bilər.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr
Fərhad ABDULLAYEV
Bakı şəhəri 7 dekabr 2011-ci il
Yeni qərar hansı əsaslı dəyişikliyə səbəb olacaq?
Qeyd edək ki, bir çox hüquqi şəxslər xalis mənfəəti nizamnamə kapitalına yönəltsə də, vergi orqanları apardığı səyyar vergi yoxlamalar zamanı bunu dividend kimi qəbul edirdilər. Bildiyimiz kimi, Vergi Məcəlləsinin 122-ci maddəsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən 10 faiz vergi tutulur. Vergi orqanları da nizamnamə kapitalına yönəldilən məbləğdən 10 faiz vergi tutulmasını təmin edir, həmçinin vergi öhdəliyinin gizləndilməsinə görə maliyyə sanksiyası və vaxtında ödənilməməsinə görə peniya hesablayırdılar. Artıq Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarından sonra hüquqi şəxsin xalis mənfəətinin onun nizamnamə kapitalının artırılmasına yönəldilməsi dividend sayılmayacaq və qeyd etdiyimiz 122-ci maddə buna şamil olunmayacaq.
"Monitor Konsaltinq" jurnalının 30-cu sayından seçmə məqalə
1 Komment
Seyfeli 08 Yanvar 2019
Qapalı SC-i dividentden 10 faiz gelir vergisini hansi halda ödəmir? Təşəkkür edirəm.
Şərh yazın