Kənd təsərrüfatına vergi güzəşti ilə bağlı araşdırma yazı

Kənd təsərrüfatına vergi güzəşti ilə bağlı araşdırma yazı

Kənd təsərrüfatına dövlət tərəfindən verilən vergi güzəştləri bir çox hallarda düzgün şərh edilmədiyindən yanlışlıqlara yol açır və bilməyərəkdən vergi ödəyicilərinin vergidən yayınmasına səbəb olur. Bu yazıda məsələni sistemli araşdırmağa, vergi ödəyicilərinə düzgün yolu seçməkdə yardımçı olmağa çalışmışııq.

Qərarın yaranma tarixi

Mərhum prezidenti Heydər Əliyev kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və sahədə sahibkarlığın inkişafını sürətləndirmək məqsədi ilə 27 noyabr 2001-ci il tarixində “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununu təsdiq etdi. Həmin qanuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) HÜQUQİ ŞƏXSLƏR 2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar. FİZİKİ ŞƏXSLƏRƏ gəlincə isə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) bu cür vergi ödəyicililəri 2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar. Qanunun 3-cü bəndinə əsasən, bu qanunla müəyyən edilən vergiləri ödəməkdən azad edilmiş hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq torpaq vergisinin ödəyiciləridirlər. Həmin şəxslər digər fəaliyyət növləri ilə məşğul olduqda Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq həmin fəaliyyət üzrə vergiyə cəlb olunurlar.  Sonradan 28 noyabr 2003-cü il və 25 noyabr 2008-cu il tarixlərində vergi güzəştlərinin müddəti ardıcıl olaraq 5 il müddətinə artılırıb.  Bu artırmalardan sonra kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştlərinin müddəti 01 yanvar 2014-ci ilə qədər artırlıb.

Vergi Məcəlləsi kənd təsərrüfatı məhsulları istehsalçılarına hansı güzəşt hüququ verir?

Vergi Məcəlləsinin 8-ci -“Fiziki şəxslərin gəlir vergisi” fəsilinin 102.1.11-ci maddəsində deyilir:
“Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:
... 102.1.11. bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər”
Burada “Kənd təsərrüfatı məhsulları” dedikdə, əkinçilik, bağçılıq, maldarlıq, qoyunçuluq, arıçılıq kimi sahələr başa düşülür. Tutaq ki, fiziki şəxs ona məxsus olan torpaq sahəsində əkdiyi pomidoru satışa çıxarır. Bu zaman pomidorun satışından əldə olunan gəlir vergidən azaddır.

Güzəştli kənd təsərrüfatı məhsulları istehsalçıları hansı vergiləri ödəməlidirlər?

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər  qanunda qeyd olunduğu kimi torpaq vergisi, bundan əlavə, öhdəliyin yaranmasından asılı olaraq müzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi və ödəmə mənbəyindən tutulan vergini ödəməlidirlər. Misal üçün, kənd təsərrüfatı məhsulları istehsalçısı vergi orqanlarında qeydiyyatda olmayan hər hansı fiziki şəxsdən avandanlıq icarəyə götürərsə, bu zaman onun ödəmə mənbəyindən vergi öhdəliyi yaranır. Bundan əlavə, kənd təsərrüfatı məhsulları istehsalçıları əldə etdikləri digər gəlirlər üzrə Vergi Məcəlləsinin maddələrinə müvafiq olaraq ümümi qaydada vergiyə cəlb olunurlar.

Kənd təsərrüfatı məhsulları istehsalçıları ƏDV əməliyyatları üzrə işləri  necə qurmalıdırlar?

Mümkündür ki, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan hər hansı firmanın apardığı əməliyyatlar  həm ƏDV-dən azad olunan, həm də ƏDV-yə cəlb edilən olsun. Təbii ki,  qeyd etdiyimiz müəssisə hər hansı xərclərə görə ƏDV ödəyə bilər. Bu zaman ƏDV üzrə əvəzləşdirmənin necə aparılmasını misalla izah edək. Öncədən qeyd edək ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinin müddəalarına əsasən, elektron hesab-faktura əsasında alınmış malın (iş, xidmətin) dəyəri nağdsız qaydada, ƏDV məbləğinin ƏDV depozit hesabına ödəniməsi ödənilmiş ƏDV məbləğini əvəzləşdirməyə imkan verir. Amma Vergi Məcələsinin 175.6-ci maddəsinə əsasən, ƏDV-dən azad olunan, yaxud ƏDV-ə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (iş, xidmətlər) alınarkən Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Belə ki, Vergi Məcəlləsinin 175.4-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan əməliyyatlar və ƏDV-dən azad edilmiş əməliyyatlar apararsa, vergi tutulan dövriyyənin ümümi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV məbləğini əvəzləşdirməlidirlər. Deyilənlərin daha aydın başa düşülməsi üçün misala keçək:
Tutaq ki, “Əlməmməd” müəssisəsinin noyabr ayı üzrə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsi 90 000 manat, ƏDV-dən azad olunan əməliyyatlar üzrə dövriyyəsi isə 40 000 manat olub. Həmin ayda “A” müəssisəsi 30 000 manatlıq mal alıb və elektron vergi hesab-faktura əsasında ödədiyi ƏDV məbləği 5400 manat olub.  Misalımıza uyğun olaraq, “Əlməmməd” müəssisəsinin noyabr ayında dövriyyəsi 130 000 (90 000 +40 000) manat olub. Vergi tutulan dövriyyənin ümümi dövriyyədəki xüsusi çəkisini tapmaq üçün ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəni (90 000 manat) ümümi dövriyyənin məbləğinə (130 000 manat) bölür, 100-ə vururuq. Bizim misalda bu rəqəm 69.23 faiz təşkil edir ((90 000/130 000)x100).  Qeyd etdik ki, “Əlməmməd” müəssisəsinin hesabat ayında elektron vergi hesab-faktura əsasında ödədiyi ƏDV məbləği 5400 manat olub. Vergi Məcəlləsinin 175.4-ci maddəsinə əsaslansaq, “Əlməmməd” müəssisənin hesabat ayında əvəzləşdirmə üçün ƏDV məbləği 3738,42 manat (5400 x69.23%) təşkil edir.

Hansı kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştləri verilməlidir?

Hazırda vergi ödəyiciləri arasında ən çox müzakirə olunan məsələ hansı kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsidir. Bəzi müəssisə rəhbərləri düşünürlər ki, kənd təsərrüfatı ilə bağlı bütün məhsullara müddətli vergi güzəştləri tətbiq edilməlidir. Vergilər Nazirliyin bu məsələyə yanaşmasına diqqət yetirək.  Vergi Nazirliyinin rəsmi veb saytında verilən məlumata əsasən, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulan güzəşt kənd təsərrüfatı emalı ilə məşğul olan şəxslərə aid edilmir. Belə ki, kənd təsərrüffatı məhsullarının emal olunan (emala yönəldilən) hissələrin alınmasından əldə edilən məhsulların təqdim edilməsindən qazanılan gəlirlər ümümi qaydada vergiyə cəlb olunmalıdır. Misal üçün, yem istehsalı, balıqçılıq, süddən hazırlanan pendir və qatıq satışı,qurudulmuş meyvə satışı, mal, qoyun və toyuğun kəsilmiş halda satılması kimi fəaliyyətlərlə məşğul olan müəssisələrə güzəşt tətbiq olunmur və ümümi qaydada müvafiq vergilərə (mənfəət, gəlir, əmlak, sadələşdirilmiş və ƏDV) cəlb edilir.
Bəs, onda konkret hansı məhsul istehsalçılarına güzəşt tətbiq edilir?  Dövlət Statistika Komitəsinin 14 noyabr 2008-ci il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “İqtisadi fəaliyyət növləri təsnifatı”na əsasən, kənd təsərrüfatı istehsalçıları müəyyən edilib. Buna misal olaraq, ev quşlarının yetişdirilməsi (böyüdülməsi, kökəldilməsini) və südü aid etmək olar. Statistika Komitəsinin təsnifatına əsasən, süd kənd təsərrüfatı məhsullarına, amma süd məhsulları isə emal sənayesi məhsullarına aid edilir. Qərarın kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan istehsalçılar hissəsində, o cümlədən, sənaye üsulu qeyd olunub. Bəs, “sənaye üsulu” dedikdə nə nəzərdə tutulur? Sənaye üsüluna misal olaraq, inkubatorlarda hazırlanan çüçələri göstərmək olar.

Vergilər Nazirliyi niyə güzəşt müddətinin artırılmasının əleyhinədir?

Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən vergi güzəştlərinin müddəti 01 yanvar 2014-ci ildə başa çatır. Ancaq deyəsən, güzəşt müddəti daha artırılmayacaq. “Vergilər” qəzetinə müsahibə verən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev kənd təsərrüfatında müddətli vergi güzəştlərinin tətbiqinin rolunu şərh edərkən bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsa¬lını artırmaq, bu sahənin inkişafına dəstək vermək məqsədilə belə bir güzəştə həmin vaxt ehtiyac var idi və kənd təsərrüfatı ölkənin aparıcı sahələrindən biri olduğundan dövlət bu sahənin inkişafında maraqlı idi: «Ona görə də həmin sahənin vergidən azad olunması ilə bağlı stimullaşdırıcı hal olaraq  kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin  verilməsi haqqında müvəqqəti qanun qəbul olundu və vergi güzəştləri üçün tətbiq edilən müddət 2014-cü ilə qədər uzadıldı. Onu da qeyd edim ki, belə güzəştlər təkcə kənd təsərrüfa¬tında deyil, ölkənin digər aparıcı sahələrində də tətbiq olunub...»
A.Musayevin sözlərinə görə, heç bir güzəşt daimi deyil və kənd təsərrüfatının yüksək inkişafına nail olunduğu təqdirdə, o güzəşt də ləğv edilə bilər: «Amma hazırda bu məsələ müzakirə olunmur və 2014-cü ilə qədər həmin güzəşt qüvvədədir».
Güzəştdən heç kimin özxoşuna imtina etməyəcəyini deyən idarə rəisi hesab edir ki, güzəşt olacağı müddətdə hamı bundan yararlanacaq. A.Musa¬yevin mövqeyinə görə, güzəşt vergi ödəyiciləri arasında diskriminasiya yaradır, vergi ödəyi¬cisinin fəallığını azaldır  və ödəyici öz qarşısında rəqib görmür: «Bu mənada, güzəşt iqtisadi inkişaf üçün o qədər də əlverişli addım deyil. Bütün beynəlxalq qurumlar belə güzəştlərin əleyhinədir. Hesab edirəm ki, güzəştin əvəzinə subsidiyaların verilməsi daha məqsədəuyğundur»

Kənd Təsərrüfatı nazirliyi: “Güzəştlər xərcləri 10 faizədək azaldıb”

Vergi güzəştlərinin kənd təsərrüfatına göstrədiyi təsirlər barədə danışan Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Rafiq Məcidov isə vergi güzəştləri nəticəsində kənd təsərrüfatında xərclərin 10%-dək azalmasına imkan yarandığını deyib. Onun sözlərinə görə, vergilərin ləğv olunması nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçıları təkcə 2010-cu ildə dövlət büdcəsinə 164,1 mln. manat vergi ödəməkdən azad olunub: hüquqi şəxslərdən mənfəət vergisi 24, 6 mln., hüquqi və fiziki şəxslərdən əlavə dəyər vergisi 126,1 mln., hüquqi şəxslərdən sadələşdirilmiş vergi 6,3 mln., hüquqi şəxslərdən əmlak vergisi 5,7 mln., fiziki şəxslərdən gəlir vergisi 1,4  mln. manat təşkil edib.
R.Məcidov bildirib ki, kənd təsərrüfatı sahəsində aparılan iqtisadi siyasətin nəticəsi olaraq 2000-ci ilə nisbətən 2010-cu ildə taxıl istehsalı 1,3 dəfə, kartof istehsalı 2 dəfə, meyvə-tərəvəz istehsalı 1,5 dəfə, bostan məhsullarının istehsalı  1,7  dəfə, üzüm istehsalı 1,7 dəfə, şəkər çuğunduru istehsalı 5,4 dəfə, ət istehsalı 2,3 dəfə, süd istehsalı 1,5 dəfə, qaramalın baş sayı 1,3 dəfə, davarların baş sayı isə 1,4 dəfə artıb: «Kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət tərəfindən verilmiş vergi güzəştlərindən bəhrələnməsi məhsulların maya dəyəri xərclə¬rinin və qiymətlərin aşağı düşməsinə və məhsul bolluğunun yaranmasına gətirib çıxarıb”.

Anar Bayramov

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər