KOMMERSİYA TƏŞKİLATLARININ MALİYYƏ NAZİRLİYİNƏ HESABAT VERMƏLƏRİ İLƏ BAĞLI 10 ƏSAS SUALIN CAVABI
Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Elxan Cəfərov: «Kommersiya təşkilatları yeni qanunvericilik aktları, normativ-hüquqi sənədlərlə tanış ediləcək, standartlara uyğun mühasibat uçotunun təşkilinə dair tövsiyə xarakterli materiallar hazırlanacaq»
Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 97 saylı qərarı “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hesabat dövrləri və dərc edilməsi qaydaları” qüvvəyə minib. Artıq kommersiya təşkilatları da Maliyyə Nazirliyinə hesabat verəcəklər. Nazirliyin Uçot siyasəti şöbəsinin müdiri Elxan Cəfərov «MK»nın xahişi ilə yeni qaydaları şərh edib, oxucuları maraqlandıran sualları cavablandırıb.
KOMMERSİYA TƏŞKİLATLARININ MALİYYƏ NAZİRLİYİNƏ HESABAT VERMƏSİ HANSI ZƏRURƏTDƏN YARANDI?
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını tətbiq etməyən ölkələrdə büdcə vəsaitinin səmərəli və təyinatı üzrə istifadəsi, habelə milli sahibkarların fəaliyyəti barədə maliyyə informasiyanın müqayisə edilə bilməməsi probleminin mövcudluğunu nəzərə alaraq, xarici investisiyaları cəlb etmək istəyən ölkə və dünya bazarına çıxmaq niyyətində olan sahibkarlar üçün mühasibat uçotunun beynəlxalq standartlara uyğun aparılması mühüm əhəmiyyət kəsb edir.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının müvafiq müddəalarına əsasən, aktivlərin və öhdəliklərin, kapitalın, gəlir və xərclərin qiymətləndirilməsi zamanı (tarixi dəyər, faktiki dəyər, mümkün satış qiyməti, diskont dəyər, ədalətli dəyər) müxtəlif qiymətləndirmə metodlarından istifadə olunur. Həmin metodlar, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını tətbiq etməyən ölkələrdə istifadə olunan qiymətləndirmə metodlarından köklü şəkildə fərqlənməklə konseptual baxımdan tamamilə başqa meyar və prinsiplər əsasında müəyyən edilir.
Bu ölkələrdə uçot siyasətini tənzimləyən və əksər hallarda vergi qanunvericiliyinə əsasən aparılan ənənəvi mühasibat uçotu ilə Maliyyə Hesabatlarının
Beynəlxalq Standartları arasında kəskin fərqlərin və uyğunsuzluqların mövcudluğu, milli sahibkarlıq fəaliyyətinin inkişafı üçün zəruri olan xarici investisiyaların cəlb olunmasına müəyyən maneələr yaradır.
Məhz qeyd olunan problemlərin həll edilməsi üçün 2 sentyabr 2004-cü ildə “Mühasibat uçotu haqqında” qanun və 9 fevral 2005-ci ildə isə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə” Prezidentin fərmanı qüvvəyə minib. Həmin qanunun 8.1-ci maddəsinə əsasən, ictimai əhəmiyyətli qurumlar maliyyə hesabatlarını yalnız Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, 10.1.1-ci maddəsinə əsasən isə, ictimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla kommersiya təşkilatları bu hesabatları Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq tərtib etməlidir.
Adıçəkilən qanunla mühasibat uçotu subyektlərinin ayrı-ayrı kateqoriyaları üçün maliyyə hesabatlarının aidiyyəti üzrə təqdimatı müəyyən olunub. Qanunun 4.4-cü maddəsinə uyğun olaraq kredit təşkilatlarında mühasibat uçotu qaydaları və hesabatların forma, məzmunu və dövriliyi mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Mərkəzi Bank tərəfindən müəyyən edilir. Həmin qanunun 12.2-ci maddəsi ilə təbii inhisar fəaliyyəti subyektləri və dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaitləri ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını Maliyyə Nazirliyinə, onun müraciəti əsasında təqdim edir.
Bundan başqa, həmin qanunun 14.1-ci maddəsinə əsasən, büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları da Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.
Eyni zamanda, bu qanunun bəzi maddələrinin icrası ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının maraqlarının toqquşması sözügedən qanunda kredit təşkilatları və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, digər kommersiya təşkilatları, qeyri-hökumət təşkilatları və bələdiyyə orqanları tərəfindən maliyyə hesabatlarının təqdim olunması üzrə müəyyən boşluqların mövcudluğu ilə nəticələnib.
Mühasibat uçotu sahəsində islahatların həyata keçirilməsi üzrə aparıcı qurum olan Maliyyə Nazirliyinə göstərilən sahədə dövlət tənzimlənməsi səlahiyyətlərinin həvalə edildiyini nəzərə alaraq qeyri-hökumət təşkilatları tərəfindən maliyyə hesabatlarının bu nazirliyə təqdim olunması Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli, 201 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası” ilə, kredit təşkilatları və kiçik sahibkarlıq subyektləri istisna olmaqla kommersiya təşkilatları tərəfindən isə maliyyə hesabatlarının Maliyyə Nazirliyinə təqdim olunması Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 97 saylı qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hesabat dövrləri və dərc edilməsi qaydaları” ilə müəyyən olunub.
Beləliklə, Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 saylı qərarı ilə “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hesabat dövrləri və dərc edilməsi qaydaları”nın təsdiq edilməsi ilə kommersiya təşkilatları tərəfindən maliyyə hesabatlarının təqdim olunmasına dair mövcud olan boşluqlar aradan qaldırılıb.
HANSI KOMMERSİYA TƏŞKİLATLARI MALİYYƏ HESABATLARI TƏQDİM EDƏCƏK?
- Bu qaydaların qüvvəyə minməsi, ilk növbədə qanunun 12.1-ci maddəsində mövcud olan boşluqların, həmçinin sözügedən qanunun 12.2-ci maddəsinin icrası zamanı ictimai əhəmiyyətli qurumlar tərəfindən maliyyə hesabatlarının təqdimatı ilə bağlı hesabat dövrlərində aşkar edilmiş qeyri-müəyyənliklərin aradan qaldırılmasını nəzərdə tutur. Belə ki, Maliyyə Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarından fərqli olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında, illik maliyyə hesabatlarının təqdim edilməsi dövrləri müəyyən olunmayıb.
Qanunun 12.2-ci maddəsinin icrası ilə bağlı toplanmış təcrübə göstərir ki, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq maliyyə hesabatlarını tərtib edən kommersiya təşkilatları bu səbəbdən qeyd olunan hesabatları Maliyyə Nazirliyinə əksər hallarda hesabat ilinin sonunda təqdim edirdi.
Başqa sözlə, adı çəkilən qaydalar qanunun 12.1-ci və 12.2-ci maddələri ilə maliyyə hesabatlarını təqdim edən kommersiya təşkilatlarına şamil olunur.
KOMMERSİYA TƏŞKİLATLARI HANSI HESABATLARI TƏQDİM EDƏCƏK VƏ BU ZAMAN ÖTƏN İL ÜÇÜN MÜQAYİSƏLİ MƏLUMATLAR VERİLƏCƏKMİ?
- Kommersiya təşkilatları tərəfindən təqdim edilən maliyyə hesabatlarının tərkibi mühasibat balansından, mənfəət və zərər haqqında hesabatdan, kapitalda dəyişiklər haqqında hesabatdan, pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasəti və izahlı qeydlərdən ibarətdir.
“Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının ilk dəfə tətbiq edilməsi” adlı 1 nömrəli Maliyyə Hesabatlarının Beynəlxalq Standartının 36-cı bəndinə uyğun olaraq müəssisələr bu standartlar əsasında tərtib edilmiş ilk maliyyə hesabatlarında ən azı 1 il üzrə müqayisəli məlumatı təqdim etməlidir.
“Maliyyə hesabatlarının təqdimatı üzrə” Kommersiya təşkilatları üçün 1 nömrəli Milli Mühasibat Uçotu Standartının 87-ci bəndinə əsasən isə, bu standartın ilk dəfə tətbiq edilməsi zamanı əvvəlki hesabat dövrləri haqqında müqayisəli informasiyanın hazırlanması tələb olunmur.
Eyni zamanda, “Milli Mühasibat Uçotu Standartlarının ilk dəfə tətbiq edilməsi üzrə” Kommersiya təşkilatları üçün 32 nömrəli Milli Mühasibat Uçotu Standartının 54-cü və 55-ci bəndlərinə uyğun olaraq müəssisə əvvəlki uçot qaydalarından Milli Mühasibat Uçotu Standartlarına keçidin müəssisənin maliyyə vəziyyətinə, maliyyə nəticələrinə və pul vəsaitinin hərəkətinə təsir etdiyini müəyyən etmək üçün maliyyə hesabatlarına aşağıdakı məlumatları daxil etməlidir:
a) milli mühasibat uçotu standartlarına keçid tarixinə əvvəlki uçot qaydaları üzrə təqdim olunmuş kapitalın milli mühasibat uçotu standartlarına əsasən təqdim olunmuş kapitalla uyğunlaşdırılması;
b) müəssisənin axırıncı illik maliyyə hesabatlarında əvvəlki uçot qaydalarına əsasən, hesabat dövrü üzrə təqdim edilmiş mənfəət və zərərin həmin dövr üzrə milli mühasibat uçotu standartlarına əsasən təqdim edilmiş mənfəət və zərərlə uyğunlaşdırılması.
QAYDALAR XARİCİ ÖLKƏLƏRİN AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİKLƏRİ OLAN KOMMERSİYA TƏŞKİLATLARINA ŞAMİL EDİLİR?
- “Mühasibat uçotu haqqında” qanuna əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində hüquqi şəxs kimi fəaliyyət göstərən kredit təşkilatları və kiçik sahibkarlıq subyektləri istisna olmaqla kommersiya təşkilatları adı çəkilən qaydalarla müəyyən olunmuş maliyyə hesabatlarını təqdim etməlidir.
MALİYYƏ HESABATLARININ SON TARİXİ HANSI GÜNDÜR?
- “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hesabat dövrləri və dərc edilməsi qaydaları” ilə müəyyən edilmiş müddəalara əsasən, kredit təşkilatları və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidir.
Göstərilən hesabatların müəyyən olunmuş qaydada təqdimatı Maliyyə Nazirliyinin müraciəti əsasında həyata keçirilir. Eyni zamanda, bu müraciət adıçəkilən təşkilatlara hesabatın təqdim edilmə dövründən sonra daxil olarsa, onlar müraciəti alandan sonra həmin hesabatları Maliyyə Nazirliyinə təqdim etməlidir.
HESABATLAR KİMƏ TƏQDİM OLUNMALIDIR?
- “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hesabat dövrləri və dərc edilməsi qaydaları”nın 3.3 bəndinə uyğun olaraq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən kommersiya təşkilatları həmin hesabatları tabe olduğu yuxarı təşkilata təqdim edir. Bununla yanaşı, qaydalar kommersiya təşkilatlarının könüllü olaraq sözügedən hesabatları Maliyyə Nazirliyinə təqdim etməsinə məhdudiyyət qoymur.
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ HAMISI HESABAT TƏQDİM ETMƏYƏ BORCLU OLDUĞU HALDA, KOMMERSİYA TƏŞKİLATLARINA MÜNASİBƏTDƏ FƏRQLİ YANAŞMANIN SƏBƏBİ NƏDİR?
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əsasən, qeyri-kommersiya fəaliyyətini həyata keçirən qeyri-hökumət təşkilatlarından fərqli olaraq kommersiya təşkilatları bilavasitə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan onlara daha ciddi nəzarət edilir.
Vergi Məcəlləsinin 13.2.27. maddəsinə əsasən, qeyri-kommersiya fəaliyyəti - məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri, o cümlədən öz nizamnamə məqsədləri üçün istifadə etməyi nəzərdə tutan qanunla qadağan edilməyən fəaliyyətin həyata keçirilməsidir, əks halda bu fəaliyyət kommersiya fəaliyyəti sayılır.
Bundan başqa, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qeyri-hökumət təşkilatlarına kommersiya fəaliyyəti ilə bağlı bir sıra güzəştlər verilib. Vergi Məcəlləsinin 106.1.2.-ci maddəsinə əsasən, qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr vergidən azaddır.
Həmçinin, “Qrant haqqında” qanunun 5.1-ci maddəsinə uyğun olaraq müvafiq qaydada qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) hər hansı digər maddi yardım bütün növ vergilərdən, rüsumlardan və dövlət büdcəsinə icbari ödənişlərdən azaddır.
Qeyd edilənləri nəzərə alaraq, sözü gedən təşkilatların fəaliyyəti üzərində maliyyə nəzarətinin daha da gücləndirilməsi və bu məqsədlə onların bütün maliyyə fəaliyyətini əhatə eməklə alınan maliyyə hesabatlarında məlumatların şəffaf əks etdirilməsi üçün “Qeyri-hökumət təşkilatları (İctimai birliklər və fondlar) haqqında” qanunun 29.4 maddəsinə uyğun olaraq qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir.
Kommersiya təşkilatları tərəfindən maliyyə hesabatlarının müəyyən olunmuş müraciət əsasında təqdim edilməsinə gəldikdə isə, belə təqdimat Maliyyə Nazirliyinin yeni standartların tətbiqini nəzərdə tutan mühasibat uçotu sahəsində islahatların mərhələlərlə həyata keçirilməsi ilə izah olunur.
QAYDALARA RİYAƏT ETMƏYƏN TƏŞKİLATI HANSI CƏZALAR GÖZLƏYİR?
- “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hesabat dövrləri və dərc edilməsi qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq yuxarıda adı çəkilən kommersiya təşkilatları maliyyə hesabatlarının və müvafiq məlumatların təqdim olunması zamanı mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulması halları aşkar edildiyi təqdirdə, onlara qanunvericiliklə nəzərdə tutulmuş cərimələr tətbiq edilir.
Başqa sözlə, cərimələr təşkilatlara, onlar tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Komersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun hazırlanmadığı halda təqdim edildikdə, habelə bu hesabatların hesabat dövrü başa çatdıqdan sonra müəyyən edilmiş müddətlərdən gecikmə ilə təqdim olunduqda tətbiq edilir.
HESABATLARA AUDİTOR RƏYİNİN ƏLAVƏ OLUNMASI ZƏRURİDİRMİ?
“Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hesabat dövrləri və dərc edilməsi qaydaları”nın 5-ci bəndinə əsasən, kommersiya təşkilatları illik maliyyə hesabatlarını qanunvericiliklə müəyyən olunmuş hallarda auditor rəyi ilə birlikdə təşkilatın internet səhifəsi olduqda, həmin internet səhifəsində yerləşdirir və mətbu orqanlarda dərc etdirir.
Bu tələb “Mühasibat uçotu haqqında” qanunun 12.3-cü maddəsinə əsasən, yalnız ictimai əhəmiyyətli qurumlara və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarına şamil edilir.
MALİYYƏ NAZİRLİYİ HANSI MAARİFLƏNDİRMƏ İŞLƏRİ GÖRMƏYİ PLANLAŞDIRIR?
- Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 97 saylı qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hesabat dövrləri və dərc edilməsi qaydaları”nın qüvvəyə minməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması ilə bağlı artıq bəzi tədbirlər görülüb. Belə ki, sözügedən qərar Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib, eyni zamanda rəsmi dövlət qəzeti olan «Xalq qəzeti»nin 7 iyul 2010-ci il tarixli sayında dərc edilib.
Ümid edirəm ki, bu müsahibə də qaldırılan problemin həlli istiqamətində öz töhfəsini verəcək. Problemin həlli ilə bağlı maarifləndirmə işləri fikrimizcə aşağıdakı istiqamətlər üzrə aparılmalıdır:
- Kommersiya təşkilatlarını mühasibat uçotu sahəsində aparılmış islahatların nəticəsi kimi qüvvəyə minmiş yeni qanunvericilik aktları ilə, normativ-hüquqi sənədlərlə tanış etmək və onların tətbiqi ilə bağlı yaranacaq sualları cavablandırmaq;
- Qüvvəyə minmiş yeni standartlara uyğun olaraq mühasibat uçotunun təşkilinə dair əlavə, tövsiyə xarakterli materiallar hazırlamaq.
0 Komment
Şərh yazın