Mərkəzi Bank beş bankın bağlanması təhlükəsi ilə bağlı danışdı

Mərkəzi Bank beş bankın bağlanması təhlükəsi ilə bağlı danışdı

ÖLKƏMİZİN BAŞ BANKININ “MK”-YA VERDİYİ RƏSMİ CAVABLARDA BU VƏ DİGƏR AKTUAL MƏSƏLƏLƏRƏ AYDINLIQ GƏTİRİLİB

Yoxlamalarla bağlı hansı məlumatlar məxfidir?

Azərbaycan Mərkəzi Bankı (AMB) mövcud qanunvericiliyin verdiyi mandat və səlahiyyətlər çərçivəsində kredit təşkilatlarının fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada onların fəaliyyətinə nəzarəti həyata keçirir.
AMB-nin mövcud bank nəzarəti çərçivəsi ən yaxşı beynəlxalq təcrübəyə uyğun formalaşdırılıb. Bank nəzarəti tsikli xarici (kənardan) və daxili (yerində aparılan yoxlamalar) nəzarətdən ibarətdir və bununla bankların cari maliyyə vəziyyəti və fəaliyyəti tam nəzarətlə əhatə olunur.
Xarici nəzarət çərçivəsində Mərkəzi Bank kredit təşkilatlarının maliyyə vəziyyətinin qiymətləndirilməsi və fəaliyyətlərinin prudensial normalar çərçivəsində davam etdirməsinə nəzarət etmək məqsədi ilə müvafiq hesabatlar alır. Hesabatlar bank fəaliyyətinin nəticələrini ifadə edən müxtalif indikatorları özündə ehtiva edir və gündəlik, həftəlik və aylıq əsasda olmalqa AMB-yə təhlil üçün təqdim olunur.
Bundan əlavə, bankların maliyyə vəziyyətinin və fəaliyyətinin yerində qiymətləndirilməsi məqsədilə, Mərkəzi Bank banklarda yoxlamalar aparır. Bu yoxlamalar “Bank yoxlamalarının həyata keçirilməsinin prosedur qaydaları” əsasında tənzimlənir. Yoxlamar hərtərəfli və tematik olmaqla, daxili prosedurlara uyğun olaraq planlaşdırılmış qrafik əsasında həyata keçirilir. Lakin, zərurət yarandıqda, planlaşdırılmamış yoxlamaların aparılması istisna deyil.
Cari ildə aparılmış yoxlamaların sayı və nəticələri barədə məlumatlara gəldikdə isə bildiririk ki, belə məlumatlar məxfi xarakter daşıyır və açıqlanmır. Onu qeyd edə bilərik ki, keçirilmiş yoxlamalar zamanı aşkarlanmış çatışmazlıq və nöqsanların aradan qaldırılması istiqamətində Mərkəzi Bank tərəfindən müvafiq təshih tədbirləri görülür.
Bankların maliyyə vəziyyəti və fəaliyyəti ilə bağlı məlumatların maraqlı tərəflərə açıqlanması və bazar şəffaflığının təmin olunması üçün AMB tərəfindən məlumatların açıqlanması üzrə banklara xüsusi tələblər (“Banklarda Korporativ İdarəetmə Standartlarınn Tətbiqi” Qaydaları) müəyyən edilib. Qaydalarda nəzərdə tutulan məlumatlar bankların internet səhifələrində yayımlanır və dövri olaraq yenilənir. Bu istiqamətdə Mərkəz Bank tərəfindən dövri monitorinqlər keçirilir və əldə edilən nəticələr əsasında adekvat tədbirlər görülür.

Vətəndaş banklardan necə şikayət edə bilər?

Bank xidmətləri ilə bağlı vətəndaşların şikayətləri həm yazılı, həm də mövcud qaynar xətt vasitəsilə şifahi şəkildə Mərkəzi Banka bildirilir. Qeyd olunan müraciətlər Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi şöbəsi tərəfindən cavablandırılır.
Şöbə tərəfindən bank xidmətləri istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı vətəndaşlarla, aidiyyəti kredit təşkilatları ilə görüşlər təşkil olunub, hüquqi sənədlərin ekspertizası həyata keçirilib və yerlərdə yoxlamalar aparılıb. Zərurət olduğu halda kredit təşkilatlarının inzibatçılarına vətəndaşlarla işin lazımı səviyyədə qurulması istiqamətində müvafiq göstərişlər verilib.

Banklar hansı hallarda ləğv edilə bilər?

5 bankın bağlanması təhlükəsi ilə bağlı Mərkəzi Bankın hər hansı açıqlaması mövcud deyil. Ötən bir illik dövr ərzində Mərkəzi Bank tərəfindən yalnız bir bankın lisenziyası geri alınıb. Ümumilikdə, hazırda artıq lisenziyası geri çağrılmış 5 bankın ləğvetmə prosesi qanunvericiliyə müvafiq qaydada davam etdirilir. Bu bankların lisenziyaları geri alınarkən,  onların balans göstəriciləri, o cümlədən əmanət portfeli çox cüzi məbləğ təşkil edirdi və onların ləğvi sektora təsirsiz ötüşüb.
Ümumilikdə, bankların ləğv olunması “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 59-cu maddələri ilə tənzimlənir. Belə ki, bank lisenziyası təsisçilərin qərarı və bankın müflis elan edilməsi ilə, eləcə də Mərkəzi Banka təqdim edilən məlumatların yanlış olması, bank aktivlərinin keyfiyyətinin pisləşməsi və ya öhdəliklərinin icra olunmaması təhlükəsinin yaranması, ümumiyyətlə bank fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsi müəyyən edilərsə, Mərkəzi Bank tərəfindən ləğv edilə bilər.

Son 10 ildə əmanətlər artıb?

AMB bank sektorunun stabilliyinə və təhlükəsizliyinə nəzarət etməklə, həmçinin institusional islahatlar üzrə təşəbbüslərlə əhalinin, eləcə də, digər kreditorların sektora inamının davamlı artımına və sektorun investisiya cəlbediciliyinə nail olub. Son 10 ildə əhalinin əmanətlərinin məbləği 30 dəfədən çox artıb. Davamlı artım böhran situasiyasında da baş tutub. Belə ki, 2011-ci ilin 10 ayı ərzində əhalinin banklarda əmanətləri 21,3% artıb.
Bu sahədə aparılmış islahatlar sırasında Əmanətlərin Sığortalanması Fondunun yaradılması xüsusilə vurğulanmalıdır.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər